mehriban nesib sosioloq

Ailə münasibətlərində diqqət və nəvazişin önəmi – SOSİOLOQ YAZIR

Baxış sayı: 2. 852

Əslində, belə bir yazı yazmaq bir ay əvvəl ağlımdan da keçmirdi. Ta o vaxta qədər ki, bir neçə xanım tanışım mənə yazıb bu haqda məsləhət istəməmişdi. Bir ayın içində bir neçə xanım tanışım eyni məsələ ilə bağlı mənə sosial şəbəkələr vasitəsilə (İnstaqram və Facebook Messenger) müraciət edərək “Mehriban xanım, məsləhətinizə ehtiyacım var“ dedikdən sonra düşündüm ki, belə bir yazı yazım. O zaman mənim mesajım daha çox insan qrupuna çatar və faydalı olar. Çünki məni tanımayan, amma eyni problemlə qarşılaşan yüzlərlə, bəlkə də minlərlə qadın var, amma onlar problemlərini kimsə ilə bölüşə bilmirlər, buna əminəm. Nədir bu məsələ?! Deməli, mənə yazan xanımların hamısını eyni problem narahat edirdi: “danışdğım oğlan / həyat yoldaşım mənə qarşı nəvaziş göstərmir və diqqətsizdir!”

Deməli, xanımın biri qeyd edir ki, bir oğlanla danışır. Oğlan həyatda uğur qazanmış bir insandır, cərrahdır. Qız da həmçinin uğur qazanmış bir insandır: Sosialogiya Elmləri Doktorudur, xarici ölkələrdəki universitetlerdən birində dərs deyir. Qız deyir ki, onları bir rəfiqəsi tanış edib. Oğlan bir neçə iləvvəl həkim olan həyat yoldaşından boşanıb. Səbəb də göstərir ki, “həyat yoldaşım mənə cavab qaytarırdı” (tipik Azərbaycan kişisinin cavabı). Xarici görünüşcə çox yaraşıqlı olsa da və iş həyatında bu qədər uğur qazansa da, “həyat yoldaşının ona cavab qaytarması” kimi məsələni problem edərək boşanma həddinə gətirən kişinin qəribə bir məntiqi var. Ancaq qız deyir ki, “mən bunu da problem etmədim və danışmağa davam etdim. Hər gün ünsiyyət qurmaq istəsəm də, oğlan həftədə bir dəfə yazır və biz hər dəfə danışanda, o, ancaq öz istəklərindən danışır: “Mənə görə qadın belə olmalıdır, elə olmalıdır. Qadın söz qaytarmalı deyil. Qadın xanım olmalıdır” və s. Xanım deyir ki, mənimlə ailə qurmaq istəyən bu kişi bir dəfə də olsun məndən soruşmadı ki, “əzizim və ya ay xanım, bəs sizcə, ailədə kişi necə olmalıdır?!” Xanım deyir, buna da göz yummağa çalışdım və koronavirus zamanı gözlədim ki, mənimlə daha çox maraqlansın, heç olmasa həftədə 2-3 dəfə, çünki pandemiyanın mərkəzi sayılan bir ölkədə və şəhərdə yaşayıram. Bir diqqət və ya nəvaziş göstərmədi, heç halımı da soruşmadı. Bir həftə sonra yazışanda dedim ki, “bir az xəstələnmişəm, özümü yaxşı hiss etmirəm. Olar başqa zaman danışaq?!” Xanım deyir, gözlədim, desin ki, “nolub sizə ya sənə?!” O, isə bu barədə heç nə soruşmadı və dedi ki, “Əlbəttə!” Xanım deyir, ona dedim ki, ”Sizə xəbər edəcəm”və əlbəttə ki, xəbər etmədim.”Və onlar bundan sonra bir daha danışmayıblar. Xanım deyir ki, “Mənim onsuz da pula o qədər dəhşət ehtiyacım yoxdur. Mən işləyirəm və pul qazanıram. Odur ki, başqaları üçün önəmli olan pul mənim üçün o qədər də önəmli deyil. Ona görə də düşünürəm ki, kasıb biri ilə yaşaya bilərəm, hətta ali savadı olmayan biri ilə də yaşaya bilərəm, amma ailədə çox vacib olan diqqət və nəvazişdən kasad olan biri ilə isə yaşaya bilmərəm!”

O biri xanımlardan hamısının problem təxminən eyni olduğu üçün birinin dediklərini sizinlə paylaşıram. Xanım qeyd edir ki, həyat yoldaşı ilə sevib ailə qurublar və yoldaşı hal-hazırda xarici ölkələrdən birindəki diplomatik qurumda (səfirlikdə) çalışdığına görə onlar həmin ölkədə yaşayırlar. Onların bir qız övladı var. Xanım deyir ki, “Yoldaşım diplomatdır. İşinin ciddi olduğunu nəzərə alaraq onu narahat etmirəm, ancaq işdən sonra və həftə sonları da bizə (uşaqla mənə) vaxt ayırmır; çox diqqətsiz insandır. Ancaq özü haqqında fikirləşir, öz istəklərindən danışır. Dəhşətli dərəcədə eqosu var. Məni döymür, ancaq məni çox acılayır. Artıq dayana bilmirəm, boşanmaq haqqında düşünürəm.”

Ailədə diqqət və nəvazişin nə qədər önəmli və həssas bir məsələ olduğunu yəqin hər birimiz bilirik. Diqqət yalnız ailə həyatımızda yox, gündəlik həyatımızda, dostluqda və adi insani münasibətlərimizdə belə çox önəmlidir. Hətta mən deyərdim ki, diqqət və nəvaziş həyatımızda pul qazanmaq qədər, bəlkə ondan da önəmlidir. Bunu hər bir ailə başçısı (qadın və ya kişi) bilməli və diqqətində saxlamalıdır. Əgər hər hansı bir ailə başçısı işinin yalnız pul qazanmaqla bitdiyini hesab edirsə, çox yanlış düşünür. Təsadüfi deyil ki, bu sahədə çalışan mütəxəsisslər qeyd edir ki, “romantik münasibətlərinizə yönəldilmiş diqqət çox azdırsa, o zaman sevgi alovları sönür. Diqqətimiz münasibətlərdən kənarda nə qədər çox xərclənsə, münasibətlərimizə o qədər pis təsir göstərər.

Iş yerlərimizdə və ya gündəlik – ailə həyatımızdan kənarda – nə qədər enerji sərf etsək, bir o qədər enerjimiz tükənəcək və nəticədə tərəfdaşımıza kifayət qədər diqqət yetirmək imkanımız olmayacaq. Və ya əgər stresli bir gün keçirmişiksə, yaxud stress altındayıqsa, tərəfdaşımızla və ya həyat müqabilimizlə daha azünsiyyətdə olmalıyıq və az ünsiyyətin və ya ünsiyyət qurmamağımızın səbəbini ona izah etməliyik.

Ailəli, uşaqları olan və ikisi də işləyən cütlüklərdə bu, bir qədər daha çətindir. O ailələrdə bir-birinə diqqət çatışmamazlığı olur. Bu məsələ işləyən Azərbaycan qadınlarında xüsusilə çətindir. Sanki onlar dörd işlə məşğuldurlar: ilk işi öz işidir; ikincisi uşaqların tərbiyəsi; üçüncüsü, ev işləri və dördüncüsü, alış-veriş və ailə təsərrüfatının idarə edilməsi. Bu isə ailədə müsbət enerjinin azalmasına, diqqət azlığına və ailədə münaqişələrin yaranmasına səbəb olur. Məsələn, ailə münasibətləri tədqiqatlarının birində məlum olub ki, işləyən cütlük evdə vaxtlarının yalnız 10%-ni bir-birləri ilə (uşaqları olmadan) keçirir.

Həyatımızdakı məsələlər nə qədər çox stressli olsa və biz bu barədə nə qədər stressli  düşünsək, bir o qədər münasibətlərimizdə müsbət əlaqələr yarada bilməyəcəyik. Bəs ailədə yaxşı münasibətlər yaratmaq və diqqətli olmaq üçün nələr etməliyik?! Bunun bir çox yolları var. Bu yollardan biri tərəfdaşımızla (həyat yoldaşımız, sevgilimiz, dostumuz, rəfiqəmiz və b.) ünsiyyət qurarkən həmin insanı (kişi və ya qadın) tam diqqətlə dinləmək və onun nə istədiyini anladığımıza əmin olmaqdır. Bu söhbətzamanı tərəf müqabilimizi tam olaraq dinləmək və diqqətimizi tam ona vermək deməkdir. Bunu biz həm də jest və mimikamızla da göstərə bilərik. Məsələn, diqqətlə gözlərinə baxmaq və onun dediklərini başımızı yelləməklə təsdiq etmək yetərlidir.Və ya əgər müəyyən səbəblərdən bir müddətlik uzaqda yaşayırıqsa və ya distant münasibətdəyiksə, o zaman diqqətli və nəvazişli olmaq o qədər də çətin deyil. Məsələn, “səsin yaxşı gəlmir, xəstələnməmisən?! Heyif ki, orda deyiləm, sənə zoğallı çay verərdim, ya da sənə şorba hazırlayardım”yaxud da “günün necə keçdi? Yaxşısan? Mənə elə gəlir nəsə streslisən? Danış görüm nə olub.” Ya da ki, “Uşaqlar səni çox yormayıb ki?” və s. kimi cümələlər tərəf müqabilimizə olan diqqətinizi göstərmək üçün kifayətdir. Bu bizim tərəf müqabilimizə (qadına və ya kişiyə) olan diqqətimizin göstəricisidir.

Evdə olarkən və həyat yoldaşımızla ünsiyyətdə olarkən (kişi və ya qadın)diqqətimizin tam olaraq ona verdiyimizi sübut etmək üçün ona bəzən təsdiqedici suallar da vermək olar. Məsələn,“sən həftə sonunu parka getmək istəyirsən, eləmi?” və s. Bu həm bizim tərəf müqabilimizə (bu dostumuz da ola bilər, həyat yoldaşımız da) dəyər verdiyimizin göstəricisidir. Bundan başqa, əgər biz yox, sevgilimiz və ya həyat yoldaşımız danışmağa başlayırsa, fasilə verib “Sən bu barədə nə düşünürsən? Sənin dediklərini eşitmək istərdim” demək çox yaxşı olar.

Bu gün daha çox kişilərin qadınlara olan münasibətindən danışdıq, ancaq aydın məsələdir ki, kişilər də eyni halla, yəni qadının etinasızlığı ilə qarşılaşa bilərlər. Odur ki, tərəf müqabilinə qarşı diqqətli olmaq iki cinsə aiddir. Qarşı tərəf hansı cinsə aid olur olsun, onu dinləmək nə qədər önəmlidirsə, onun dediklərinə əməl etmək də o qədər önəmlidir. Əgər əməl etməsək, onu dinləməyin əhəmiyyəti qalmır və biz həyat yoldaşımızın yanında etibarımızı itiririk.

Bundan başqa, onu da qeyd etmək lazımdır ki, həm danışan, həm də dinləyici söhbətin açıq və aydın olmasına eyni məsuliyyət daşıyır. Danışan sohbəti aydın və açıq şəkildə etməyə nə qədər borcludursa, dinləyən də söhbət zamanı hansısa məqamı anlamadığı zaman sual verməyə borcludur.

Ailədəki anlaşılmamazlıqların bir səbəbi də gündəlik stressdir. Mütəxəssislər gündəlik stresi azaltmaq, həmçinin diqqət azlığını və yorğunluğu aradan qaldırmaq üçün tərəf müqabillərinə söhbət etməyi, hər iki tərəf müqabilini bir-birini dinləməyi və problemlərdən çıxış yolunu birlikdə tapmağı tövsiyə edirlər.

Məlum məsələdir ki, müasir zamanda müxtəlif sosial şəbəkələrin mövcudluğu və diqqətin məhdud olduğu bir zamanda bir-birinə diqqətin yönəldilməsi çox vacibdir.Təsadüfi deyil ki, bu sahədəki mütəxəssislər deyirlər“ Diqqət ailə münasibətlərində ən önəmli məsələlərdən biri və birincisidir”(Smallwood, McSpadden & Scholler, 2008). John Tarrant isə qeyd edir ki, “Diqqət sevginin ən adi formasıdır. Diqqət varsa, biz həm xoşbəxt oluruq, həm də xoşbəxt edirik”(Tarrant, 2020).

Son olaraq onu da qeyd etmək lazımdir ki, ailədə müsbət münasibət qurmaq üçün kiçik imkanların olması, diqqətli və nəvazişli olmaq yetərlidir. Bunun üçün qadını bahalı yerlərə aparmaq və ya hədiyyələr almağın önəmi yoxdur.

 

Sosioloq Mehriban Nəsib

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir