Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərində qoruyucu maska geyinərək qaçış edən 26 yaşlı şəxsin ağciyəri partlayıb. Tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya aparılan gənc əməliyyat olunub. Həkimlər xəstənin sol ağciyərinin 90% partladığını və ürəyinin sağ tərəfə doğru sürüşdüyünü bildirib. Bu olaydan sonra mütəxəssislər yanlış maska istifadəsinə diqqət çəkib.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, Türkiyənin Ege Universitetinin Tibb Fakültəsi Döş Qəfəsi Xəstəlikləri Şöbəsinin professoru Mehmet Sezai Taşbakan açıq havada idman edərkən və qaçarkən qoruyucu maskadan istifadənin təhlükəli olduğunu deyir.
O bildirir ki, səhiyyə işçilərinin istifadə etməli olduğu maskaları sadə vətəndaşlar da taxır: “N95 tipli maskalar tənəffüs zamanı nəfəsə əngəl olur. Verdyimiz nəfəsin müəyyən hissəsini yenidən alırıq. Maskanın uzun müddət istifadəsi qanda zərərli karbon-dioksid qazının yığılmasına səbəb olur. Bu zərərli qaz da ani ölümlərə yol aça bilir. Bizim xalqa tövsiyə etdiyimiz maskalar cərrahidir. N95-lərin gündəlik həyatda istifadəsi əlverişli deyil. Xüsusilə, idman edən şəxslərə heç məsləhət deyil”.
Professor qeyd edir ki, açıq havada idman edənlər sosial məsafə qaydalarına riayət etməlidir: “Qələbəlik şəraitdə cərrahi maska taxılaraq, 1,5 metr məsafəni gözləməklə idman edilə bilər. N95 tipli maskalar zənn edildiyinin əksinə, insanı çox qorumur”.