tenha

“Yalquzaq sindromu”: dözülməz kef, toy krediti…

Baxış sayı: 1. 068

Artıq bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tənha yaşamağa maraq göstərənlərin sayı artır. Təəssüfləndirici hal isə budur ki, bu tendensiya artıq yaşlı insanlar arasında deyil, gənclər arasında müşahidə edilir. Halbuki əvvəllər daha çox 65 yaşdan yuxarı insanlar təbii şəraitin doğurduğu amillər əsasında tək yaşamağa məcbur olurdular.

Dünya ölkələrində aparılan müxtəlif araşdırmalar da onu göstərir ki, son 50 ildə dünyada, xüsusilə də inkişaf etmiş qərb ölkələrində tək yaşayanların sayı sürətlə artır. Araşdırmalar insanların artıq məcburiyyətdən deyil, öz seçimləri səbəbindən tək yaşadıqlarını, tənha həyat tərzinin gənclər, xüsusi evlənmə yaşında olan insanlar arasında yayılmağa başladığını üzə çıxarıb. Bu isə gələcək üçün narahatedici bir amil sayıla bilər.

 

Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, sosiologiya elmləri doktoru Əbülfəs Süleymanlı bildirir ki, bir zamanlar yalqız həyat tərzini seçən insanlara cəmiyyət tərəfindən normal münasibət göstərilmirdi. Ancaq artıq insanlar “təhna həyat” fikrini narahatedici bir yaşam tərzi kimi qəbul etmirlər. Əslində isə “təhna həyat” kefə görə yaşamaq və məsuliyyətdən azadolmanı ifadə edir.

Ə.Süleymanlı bildirir ki, “təhna həyat” anlayışı ilk dəfə alman əsilli Amerika sosioloqu, professor Erik Klinenberq tərəfindən ortaya atılıb. Klinenberq 2012-ci ildə çap olunan “Going Solo” adlı kitabında insanın ailə xaricində tək həyata meylinin sivilizasiyanın yeni bir mərhələsi olduğunu dilə gətirib. O, bu anlayışın müsbət mənada irəliyə doğru bir addım olduğunu iddia edir. Qərb ölkələrində Klinenberqin bu qaydası çox populyardır. Hətta bu ölkələrdə insanları tək həyata alışdıran xüsusi kurslar da açılıb. Bu kurslarda insanları tək yaşamaq nəticəsində yarana biləcək depressiyadan qoruma yolları da izah edilir. Tək yaşamağı müdafiə edən insanların əsas fikirləri budur ki, müasir insan tək yaşadıqda özünə və karyerasına daha çox yatırım edə bilər. Əks təqdirdə ailə, yoldaş, uşaq və onların gündəlik problemləri insanı gerçək hədəfdən uzaqlaşdırır.

Sosioloqun fikrincə, tənha həyata üstünlük verilməsinin səbəbləri arasında ilk yeri fərdiçiliyə həddindən artıq önəm verilməsi göstərilə bilər. Digər tərəfdən, sosial və iqtisadi şərtlər də insanları tənha həyata doğru meyilləndirir. İqtisadi mənada müstəqil və yaxşı karyera sahibi olan insanların tənha həyatı daha çox seçdikləri müşahidə edilir. İqtisadi rifah səviyyəsinin daha yüksək olduğu Skandinaviya ölkələrində tək yaşayanların nisbətinin çox yüksək olması bu arqumentə dəstək verir: “Burada şəhər, xüsusilə paytaxt həyatının təsiri də nəzərə alınmalıdır. Şəhərli insan sürətli həyat tempi və dolanışıq çətinliyi səbəbindən zamanla yarışır. Şəhərin insan kütləsindən və stresdən yorulan insan tək yaşamağa üstünlük verir”.

Sosioloq deyir ki, tənha həyat meylinin artmasında texnologiya amili də rol oynayır. Çünki texnologiya insanların bir-biri ilə ünsiyyət imkanlarını azaldaraq təklik duyğusunun dərinləşməsinə səbəb olmaqdadır. İnternet asılılığı, evli cütlər arasında belə təhna həyatın olması, yəni eyni evin içində cütlüklərin tək qalması bir başqa baxımdan problemin yaranmasına səbəb olur. Digər tərəfdən, son dövrlərdə nümunəvi ailələrin sayının azalması, boşanmaların sayında ciddi artımların olması, ailə içində etibar və sədaqətin getdikcə azalması da tənha həyat tərzinin artmasına gətirib çıxarır. Evlilik çağında olan gənc bütün bu mənfi halları nəzərə alaraq, çox yaxşı evlilik və tənha həyat arasında seçim edərkən ikinciyə üstünlük verir. Eyni səbəblərdən daha əvvəl müvəffəqiyyətsiz bir evlilik yaşamış insan ikinci dəfə ailə qurmağı düşünməyərək tək qalmaq yolunu seçir.

Araşdırmaların tək yaşayanların daha çox pul xərclədiklərini üzə çıxardığını deyən Ə.Süleymanlının sözlərinə görə, mediada da bu həyat formasını təşviq edən kifayət qədər reklamlar verilir: “Reklamlarda bu həyat tərzini təşviq edən “Təkcə tətil etmənin dözülməz kefi”, “Tənha həyatı seçənlər üçün pop, müasir studiyalar” kimi sözlərlə qarşılaşırıq. Tənhalığı təşviq edən televiziya serialları da bu meylin yaranmasına təkan verir”.

Qarışıq etnik nikahların ən böyük riskləri

Sosioloq bildirir ki, insanın sağlam həyat yaşaması üçün onun mütləq digər insanlarla qarşılıqlı əlaqədə olması, hər şeydən əhəmiyyətlisi isə ailə quraraq həyatını bu mühitdə davam etdirməsi lazımdır. Əks halda, tək həyat dağıdıcı bir sonsuzluğa gətirib çıxarar. Təklik artdıqca insan bir sıra ruhi və fiziki problemlər yaşamağa başlayar. Tənha həyat tərzinin çox məşhur olduğu qərb ölkələrində aparılan araşdırmalar da tək yaşayanların xəstəliklərə qarşı daha müdafiəsiz olduqlarını üzə çıxarıb. İctimai baxımdan tək qalan insanda depressiya, utancaqlıq, qayğıya ehtiyac, gərginlik kimi hallar yaranar. Təkliyin meydana gətirdiyi problemlər yaşlılıq dövründə özünü daha çox hiss etdirir. Tənha yaşayan yaşlı insanlar bunu etiraf etməkdən çəkinsələr də, özlərini digərləri ilə müqayisədə bədbəxt hesab edirlər: “Tək yaşayan yaşlı insanların ən böyük qayğısı “Mən ölsəm, nə olacaq?” fikridir. Bəzən xaricdə yaşlı insanın cəsədi iy verməyə başladıqdan, ya da qəbzlərin ödənməməsi üzə çıxdıqdan sonra onun öldüyü aydın olur. Bu da onların tək yaşamasının nəticəsidir”.

Tənha həyatın digər mənfi nəticələri barədə də danışan sosioloqun sözlərinə görə, belə həyat tərzi evlənənlərin sayının azalmasına, əhalinin tərkibi ilə bağlı ciddi problemlərin yaranmasına səbəb olur. Gənclərin buna daha çox meyl etməsi əhalinin yaşlanması təhlükəsini də yaradır. Bu vəziyyətin daha çox müşahidə edildiyi ölkələrdə artıq buna qarşı bir sıra tədbirlər görülməyə başlanılıb. Almaniya, Rusiya, İsveç kimi ölkələrdə uşaq sahibi olanlara bəzi hüquqlar verilir, onlara maddi yardımlar göstərilir. Digər tərəfdən, tənha həyatın yayılması əxlaqla bağlı bır sıra problemlərin yaşanmasına da gətirib çıxarır. Çünki cinsi ehtiyaclarını ailə xarici əlaqələrlə ödəməyə həvəs göstərənlər özlərini cəmiyyətdə mənfi nümunə kimi təqdim edirlər.

Ə.Süleymanlı hesab edir ki, vəziyyətdən çıxış yolunu dövlətin əsas ictimai vəzifələrindən birinin ictimai risklərin əvvəldən müəyyənləşdirilməsi və bunların azaldılması istiqamətində bir sıra işlərin aparılmasında görür. Hökumətin ailə institutunu gücləndirən proqramları dəstəkləməsi lazımdır. Evlənənlərə maliyyə dəstəyi verən addımların atılması maddi çətinliklər üzündən ailə qurmağa tərəddüd edən gənclərə müsbət təsiri olar. Qadınlar üçün 3 uşağın doğulmasına görə ayrıca güzəştlər paketinin tətbiqinin, gənclər üçün faizsiz “toy” kreditinin verilməsinin evliliyin təşviqi baxımından müsbət təsiri var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir