sevgi

Sevgi və ehtiras arasındakı fərq

Baxış sayı: 1. 518

“Bəziləri üçün sevgi və ehtirasın heç bir fərqi yoxdur. Bəziləri onları dəyişik salmağın nə qədər təhlükəli olduğunu anlamadan onları bir-birindən ayıra bilmir, qarışdırır. Ehtiras hiss edərək bunun sevgi olduğunu düşünürlər, bu da yavaş-yavaş məhv edir insanı. Çünki idarəolunmayan ehtiras insanı uda bilər. Buna görə insanlar ağlını itirir, bəzən məhv olur”.

Bunu psixoloq Vəfa Əkbər deyir.

Psixoloqun fikrincə, çox vaxt sevgi və ehtirası bir-birindən ayırmaq çətin olur, çünki ehtiras sevginin olduğu yerdən də qaynayıb çıxır:

“İki nəfərin arasında sevgi varsa, onların biri o birisinin xoşbəxtliyinə və arzularına dəyər verir, bu onunçün vacib olur. Bəzən sevgi özünü müxtəlif cür göstərir: işdə boş olan vaxtlarını ona həsr etmək, hərəkətlər və sözlərlə bildirmək.

Sevənlər o birinin hisslərini nəzərə alaraq, bir-birinə qarşı həssas, ciddi davranır. Hər biri sevdiyini özündən daha yüksəyə qoyur. Belə münasibətlərdə onlar qarşılıqlı sevgiyə və hörmətə əsaslanaraq boş vaxtlarını birlikdə keçirirlər. Hər bir hərəkət gözdən keçirilir və sevdiyinin fikrini, hislərini nəzərə almaqla xüsusi ehtiyatlılıqla seçilir. Fikir ayrılığı olanda hər ikisi danışıb, razılığa gəlməyə və ya ümumi qərar verməyə çalışır.

Sevgiyə əsaslanan münasibətlər uzunmüddətli olur. Çünki sevginin olmağı hər ikisinə, aralarında yaranan çətinliklərdən keçməyə və problemləri həll etməyə imkan verir. Diqqət və qayğı hər ikisinə zamanın sınağına dözməyə kömək edir”.

Vefa Residova

Vəfa Əkbər bildirir ki, ehtiras həmişə neqativ effekt yaratmır:

“Amma bu, sevgidəki qədər inamlı və pozitiv ola bilməz. Sevgidəki kimi ehtiras da insanların münasibətlərinə, hərəkətlərinə və sözlərinə təsir edir. Bu iki məsələ arasındakı ilk fərq sevgidə hər ikisi bir-birinin xoşbəxtliyini özününkündən yuxarı qoymasıyla bağlıdır, ehtirasda isə hər ikisi öz arzularına çatmağa çalışır, onları birinci və əsas yerə qoyur.

Ehtiras üzərində qurulmuş münasibətlərdəki dərin eqoistlik bütün hərəkətlərə və münasibətlərə bütövlükdə təsir edir. Əsl sevgi olanda hər ikisi güzəştə gedir, elə qərar vermək istəyir ki, hər ikisi xoşbəxt olsun. Ehtirasa əsaslanan münasibətdə isə hər ikisi öz arzularına çatmağa meylli olur, heç vaxt fikirləşmirlər ki, belə olsa o da xoşbəxt olacaq.

Buna görə də, ehtirasa əsaslanan münasibətlər çox çəkmir. Çünki belə münasibət ancaq arzulara və ehtirasın özünə əsaslanır. Məqsədə çatandan sonra ehtiras sönür, o insan daha arzulanan olmur. Ehtiras bitəndən sonra yanaşı hislər də yox olur. Ehtirasa əsaslanan münasibətdə eqoistlik, hörmətin olmaması münasibətin qısa sürməsinə və söz-söhbət yaranmasına səbəb olur”.

Psixoloq qeyd edir ki, ehtiras özündə sevgini yaşada bilmir:

“Çünki ehtirasda olan eqoistlik buna imkan vermir. Amma ehtiras sevgiyə əsaslanan münasibətlərdə ona daha yaxın olmaq arzusunundan yaranır. Ehtiras sevgini ötüb keçmirsə, hər ikisinin bir-birinə daha çox bağlanmasına səbəb ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir