MELAHET SULTANOVA

Biz nə qədər zarafat etsək də, virus zarafat etmir – HƏKİM YAZIR

Baxış sayı: 914

“Gencaile.az” saytı koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanalardan biri- Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu , ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın məqaləsini təqdim edir:

Aprel ayının 1-də koronavirusla ilk tanışlığım başladı. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında… Bizim hər səhər daxil olduğumuz xəstəxananın divarları bu həyatı sanki iki yerə ayırıb: ondan kənardakı və ondan içəridəki dünya. Bir bilsəniz, bu iki dünya bir-birindən necə kəskin şəkildə fərqlənir. O divarlardan içəridə xəstəlik var, ağrı var, əzab var, bir qurtum nəfəsə möhtaclıq var, ölüm var. O divarlardan çöldəki dünyada isə nə yazıq ki, inamsızlıq var, bütün dünyanın düçar olduğu bəlayla zarafat var. Gedişat sübut elədi ki, bu iki dünyadakı yaşam bir-biriylə düz mütənasibdir. Çöldəki inamsızlıq artdıqca içəridəki əzab çəkənlərin, ölənlərin sayı sürətlə çoxaldı.

Əvvəllər yaşlı və əlavə xəstəlikləri olanlardan qorxurduq ki, risk qrupundadırlar. Cavanlar və immuniteti güclü insanlar daha tez öhdəsindən gəlirdi. Bir radioloq olaraq hər gün izlədiyim onlarla virusun əlində sıradan çıxmış, funksiyasını itirmiş ağciyərlərin son halları artıq kabusuma çevrilib. Buna dözmək mümkün deyil. Hamilə, qoca, uşaq, gənc, xəstə, sağlam… Bu bəla heç kimi tanımır, tanımaq istəmir! Amma biz onu tanımalıyıq! Biz onu ciddiyyə almalıyıq! Biz hər kəsi bu virusdan qorumalıyıq! Çünki biz nə qədər zarafat eləsək də, virus zarafat eləmir. Hər gün 300-dən çox insanı nəfəsiylə sınağa çəkir, 5-6 nəfəri aramızdan alıb aparır.

Bu yay günündə evdə qalmaq çətindir, başa düşürük. Amma nəfəssiz qalmaq bədbəxtlikdir! Bu gün rahat aldığınız nəfəsinizin xətrinə qayda-qanunlara əməl edin. Özünüzü qoruyun! Sağlam qalın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir