AILE

Çöldən evə daşıdığımız gərginlik

Baxış sayı: 938

Dünyada koronavirus xəstəliyinin yayılması ilə bağlı tətbiq edilən karantin rejimləri, fövqəladə vəziyyət fonunda məişət zorakılığı hallarının sayı kəskin artıb.

Statistikaya görə, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığı 20%, Kiprdə 30%, Braziliyada 50% artıb. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər ölkələrdə izolyasiya tədbirlərinin ailə daxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır.

Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir isə ən azı bir qadın öldürülür.

Azərbaycanda da xüsusi karantin rejimi müddətində məişət zorakılığı hallarının artması müşahidə edilib.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələrini müşahidə edirik. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Yığılan məlumatlara əsasən, qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu göstərici 68,4% faizdir. Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar.

aile

Mütəxəssislərə görə, məişət zorakılığı halları daha çox sosial izolyasiya rejimindən də əvvəl zorakılıq halları qeydə alınan və müşahidə edilən münaqişəli ailələrdə baş verir. Bu hallar əsasən pandemiyadan irəli gələrək həyat səviyyəsi pisləşən ailələrdə (bir çox hallarda ailənin iqtisadi vəziyyəti qarşılıqlı münasibətlərdə zəiflik yarada, həmin insanların davranışlarında aqressiyanı artıra bilər ki, bu zorakılıq üçün bir əsasa çevrilə bilər); xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud ailə üzvü ilə birgə yaşayan ailələrdə (belə şəxslərin immun sisteminin nisbətən zəif olması ailənin digər üzvlərində narahatlığı artırır, nəticədə zorakı davranışlar, bir-birini qarşılıqlı ittiham etmələr baş verir) və psixoloji xəstəlikdən əziyyət çəkənlər yaxud belə problemi olan ailə üzvünün olduğu  ailələrdə olur.

Ancaq karantin rejimi fonunda ağır cinayət hadisələrinin sayı azalıb. Psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə, cinayətlər hansısa şəraitdə və hansısa ünsiyyətin nəticəsində yaranır: “Bu gün insanların ünsiyyətdə ola biləcəyi hər yer bağlı olduğu üçün hesab edirəm ki, ağır cinayətlərin baş verməsi üçün sadəcə şərait yoxdur”.

Z. Əyyubova həmçinin bildirir ki, uzun illərdir ki, insanlar ailələri ilə bu qədər zamanı birlikdə keçirməmişdi. Ailə anlayışı bu qədər özünü göstərməmişdi.

Hazırda karantin rejiminin yaratdığı panika və insanların qorxu hissi ilə evdə olması məişət zorakılığı hallarını artıra bilər. Amma xəstəlik qorxusu ailələri daha möhkəmləndirir.

“Məsələn, illərlə ailəsi ilə vaxt keçirməyən kişilər indi ailəsi ilə zaman keçirir. İllərlə evdə yemək yeməyən insanlar indi ailə üzvləri ilə birlikdə bir süfrə arxasında yeyir” – deyən psixoloq hesab edir ki, bu gün insanlarda ölüm qorxusundan çox evdə qalmaq, azadlığın olmaması qorxusu var.

aile davasi

Psixoloq hesab edir ki, hazırda 10 nəfərdən biri ölüm qorxusu ilə yaşayır. Digərlərinin istəyi isə əvvəlki həyatına qayıtmaq, rahat, azad yaşamaqdır.

“İnsanın yaradılışında qaydaları pozmaq istəyi var. Bu gün sosial şəbəkələri müşahidə edəndə görmək mümkündür ki, insanların evdən çxımasına qoyulan məhdudiyyətdən sonra evdən çıxmağa yollar axtarırlar” – deyən Z. Əyyubova bildirir ki, bu gün sosial şəbəkələrdə insanlar iki qrupa bölünüb. Birinci qrupa virusun yalan olduğuna inandırıb rahat olmağa çalışanlar, ikinci qrupa isə virusun olduğuna inanıb sıxılanlar daxildir.

Psixoloqun fikrincə, bu gün koronavirusdan da təhlükəli informasiya virus var. Belə ki, məlumatların sayəsində insanlar neqativə köklənir, ümidlərini itirir.

“Başqa ölkələrlə müqayisə etsək, koronavirus təhlükəsinə satirik cəhətdən də yanaşanlar var. Mahnılar, videoçarxlar, zarafatlar var. Bu da ondan irəli gəlir ki, insanlar arasında maarifləndirilmə yetərincə aparılmayıb. Bəzi şəxslər xəstəliyə, virusa, başqa insanların ölümünə səbəb olmuş bu təhlükəyə mahnılar qoşurlar. Bu isə onu deməyə əsas verir ki, kütləvi psixoz halı yoxdur” – deyə psixoloq qeyd edib.

Mütəxəssis həmçinin bildirir ki, bu təhlükədən əvvəl psixoloji problem olan şəxslər, panik atak keçirənlər bu dönəmi daha ağır keçirir.

 aile

İlahiyyatçı Hacı Mircəfər Əyyubov isə bildirir ki, karantin günlərində cinayətlərin azalması təbii sayıla bilər. Çünki insanlarda həm xəstəliyə yoluxmaq qorxusu var, həm də dövlətin sərt tədbirlərinin nəticəsində insanların bir-biri ilə təması yoxdur: “Cinayət adətən iki və ya daha çox şəxsin münasibəti, mübahisəsi və keçimsizliyi nəticəsində meydana gəlir. Əlbəttə, bu günlərin qorxusu da rol oynayır. Lakin bu qorxu ölkəmizdə kifayət qədər deyil. Qorxu o zaman özünü göstərərdi ki, mətbu orqanlarda və informasiya vasitələrində din xadimlərinə geniş yer verilərdi. Bizim gördüyümüz odur ki, konsert və əyləncələrə daha çox yer verilir. Bu vəziyyət, cəmiyyətdən təcrid olub rahiblik edənlərin halına bənzəyir. Cəmiyyətdən ayrı düşən şəxsin daha az cinayət işlətməsi məntiqi nəticədir. Əslində isə insan cəmiyyətlə birlikdə saf və təmiz yaşamalıdır. Bütün bunlardan dərs almaq lazımdır. Yaşadığımız vəziyyət bir daha sübut edir ki, biz cinayət etmədən də yaşaya bilərik”.

İlahiyyatçı bildirir ki, əksər kişilər özlərini hövsələli və təmkinli bir insan kimi formalaşdırmayıblar: “Kişilər bu günədək enerjilərini evdən kənarda çıxarmışdılar. Bu səbəbdən də indi bu partlamalar evlərdə baş verir. Həm kişilər, həm də qadınlar bu reallığı anlamalı, faktiki duruma uygunlaşmalıdırlar. Əks təqdirdə bu dözülməz durum davam edəcək. Bunu artıq polis gücünə həll etmək olmaz. Dövlət hər problemli evə bir polis nəfəri təhkim edə bilməz. Burada əsas məsuliyyət KİV-lərin üzərinə düşür. KİV bu sahədə maarifləndirmə işləri aparmalıdır”.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir