bosanma

Kağız üzərindəki boşanmalar

Baxış sayı: 1. 010

Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananların sayı günü-gündən çoxalır. Bunu məcburi köçkünlər arasında boşanmaların sayının artması da sübut edir. Təsadüfi deyil ki, bir neçə ay öncə açıqlanan statistikada ən çox maraq doğuran məqam Yuxarı Qarabağ iqtisadi rayonu üzrə boşanmaların ölkə səviyyəsindən yüksək olması idi. Ailə dəyərlərinin qorunmasına görə hər zaman nümunə olan bu bölgədə qurulan ailələrin daha çox dağılması təəccüb doğurmaya bilməzdi.

Ən maraqlısı isə odur ki, aparılan araşdırmalar məcburi köçkünlər arasında boşanmaların, süni xarakter daşıması ilə bağlıdır.  Belə ki, əslində bu bölgələrdə boşanma hallarının əlavə mənzil əldə etmək məqsədi güddüyünü üzə çıxmaqdadır. Sözsüz ki, süni boşanmaların ölkə üzrə boşanma statistikasının ilbəil böyüməsində rolu böyükdür.

Bəs görəsən, süni boşanmaların qarşısını hansı yolla almaq mümkündür?

Boşanmaq üçün məhkəmələrə müraciət edən cütlüklərin bu niyyətini necə üzə çıxartmaq olar?

 bosanma

Vəkil Vüsalə Cəfərli bildirir ki, hazırda boşanmaq üçün məhkəməyə müraciət edənlərin məqsədini öncədən müəyyən etmək çətindir. Məhkəmələrin vəzifəsi boşanmaq üçün müraciət edən şəxslərə maksimum üç ay düşünmək üçün vaxt verməkdir: “Nikah könüllü olduğundan, boşanmaq üçün müraciət edən ər və arvadın iradələri də qeydə alınır. Məhkəmənin boşanmaq üçün ərizə yazan ər-arvadı boşamamağa səlahiyyəti çatmır”.

V.Cəfərli süni boşanma niyyətlərini vəkillərin başa düşdüyünü söyləyir:

“Təəssüf ki, Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananlar çoxdur. Tərəflər boşanma ərizəsi yazmaq üçün vəkilə müraciət edəndə hüquqşünaslar onların boşanmaq niyyətinin ciddi olub-olmadığını anlayırlar. Amma məhkəmələrin belə bir imkanı yoxdur. Məhkəmələrin işi çoxdur. Onların bunu araşdırmağa nə vaxtı var, nə də ki həvəsi”.

Vəkilin sözlərinə görə, kağız üstündə boşananlar əksər hallarda aliment iddiası qaldırmırlar, aralarında kəskin mübahisə yaranmır. Ən əsası isə hər iki tərəf elə ilk məhkəmədə boşanmağa razı olduqlarını söyləyirlər. Tərəflərin heç biri boşanmağa qarşı çıxmır. Elə bu kimi nüanslardan tərəflərin məqsədli boşandıqlarını müəyyən etmək olar. Amma hətta bu halda da məhkəmənin onların boşanmaq üçün müraciətinə rədd cavabı vermək səlahiyyəti yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir