Özünü qadınlığını dərk etməyə başlayandan bəri “Gözəllik qurban tələb edir” şüarı ilə bütün dəb işgəncələrini məmnuniyyətlə qəbul edən xanımlar bu il rahatlığı seçmək qərarına gəlib. Bəlkə də koronavirus pandemiyasının təsiridir ki, moda aləmini xanımlara qarşı daha mərhəmətli olmağa dəvət edə bildi. Kəsim və biçim yeni olmasa da, onları karantinin nəticəsi adlandırmaq olar.
“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, bəzilərinin yayın əsl xilaskarı, bəzilərinin “qadınlıq qatilləri” kimi qeyd etdiyi bol kəsimli paraşüt donlar yayın ən çox tələb görən trendidir. Lüks markalardan tutmuş, demokratik və ən sıravi moda evləri bu fasonun müxtəlif rənglərini təqdim edir. Üstəlik müxtəlif uzunluqda.
Paraşüt donlar seksuallığı ifadə edə bilməsə də, səndəllər və sabolar sayəsində unudulmaz romantik obrazlar yarada bilərsiniz. Paltarlara münasibət mübahisəli olsa da, zərif ayaqqabıların fonunda heyrətamiz görünəcəyiniz dəqiqdir. Donların rahatlıqla yanaşı əsas avantajı ondan ibarətdir ki, onları istənilən ayaqqabı stili ilə uyğunlaşdıra bilərsiniz.