yuxu

Karantin dövrünün ağır bəlası – Əgər evdə oturub darıxırsansa…

Baxış sayı: 806

Dünyada darıxmaqdan pis bir nəsnə yoxdur. Ac olanda yemək yeyirsən, susuz olanda su içirsən, işin varsa, həmin işi görürsən. Darıxmağa qarşı isə hər hansı bir vasitə tapmaq çətindir, çünki onun nə səbəbdən baş verdiyini bilmək olmur. Bəzən onlarla görüləsi işin olur, hansıma problemi həll etməlisən, həyatını dəyişməlisən, amma heç nə etmirsən. Ətrafına baxırsan, nəsə bir əyləncə axtarırsan, çoxdan görmədiyin dost-tanışa zəng vurursan, bir sözlə, zamanı boş-boşuna sərf edirsən, amma daxildə bir təskinlik tapa bilmirsən.

 

İlk növbədə uşaqlar darıxır

Koronavirusla bağlı yaşadığımız karantin şəraiti elə daxili sıxıntı hissini xeyli gücləndirib. Böyük şəhərin verdiyi əyləncə imkanları tam qapadıldığından istər-istəməz hansısa vasitələrin köməyi ilə darıxmaqdan yaxa qurtarmağa çalışırıq. Muzey, teatr, kinoteatr, əyləncə mərkəzləri, restoran və kafelər işləmir. Hələ 3-4 ay öncə isti havaların gəlişi ilə virusun yox olacağına ümid vardısa, hazırda onun daimi aramızda yaşayacağı, bu vəziyyətin isə hələ uzun müddət bizimlə birgə davam edəcəyi insanlarda depressiv durumu daha da gərginləşdirir.

İlk növbədə uşaqlar darıxır. Özü də bu, müəyyən yaşdan sonra baş verir. Kiçik yaşlı körpələr, bağça uşaqları daha az darıxırlar, çünki onlar hələ bu böyük və anlaşılmaz dünyanı anlamağa çalışırlar. Saatlarla kubdən ev tikmək, yol düzəltmək, kağızda şəkil çəkmək kimi sadə iş körpələrə darıxmağa imkan vermir. Məktəb yaşlı uşaqlar isə evdə oturub qapalı şəraitdə qalmaq istəmirlər. Onlar yayın imkanlarından yararlanaraq ora-bura qaçmaq, gizlənqaç oynamaq, bir-biri ilə təmasda olmaq istəyirlər. Karantin qaydaları isə buna imkan vermir. Yəqin hər evdə darıxan bir uşağa rast gəlmək mümkündür.

 

Virtual ünsiyyət tam mənada insan ruhunun tələbatını ödəyə bilmir

Sovet dövründə baxdığımız sevimli filmlərindən biri olan “Şahzadə Florizelin macəraları” filminin baş qəhrəmanı şahzadə Florizel tez-tez darıxır. Olduqca iti zəka sahibi, var-dövlət yiyəsi, nüfuzlu şəxs olan Florizelin cəmi bir problemi var: o, beynini maraqlı bir işlə məşğul etmək istəyir. Darıxmamaq üçün Florizel hər bir avantüraya əl atmağa, köməkçisi ilə qrimlənib macəra dalınca dünyanın o başına belə getməyə hazırdır. Bu hadisələr zamanı şahzadə təhlükəli hallarla qarşılaşsa belə, bu yoldan çəkinmir, çünki bir müddət sonra yenidən sıxıntı ilə üz-üzə qalır.

İstənilən filmi, tamaşanı və ya verilişi izləmək, sosial şəbəkədə dostlarla yazışmaq, fikir bildirmək imkanı olan bir dövrdə yaşayırıq. İnternet bütün bağlı qapıları açmaqda insana yardımçı olur. Bununla yanaşı biz yenə də darıxırıq, çünki hər halda virtual ünsiyyət tam mənada insan ruhunun tələbatını ödəyə bilmir.

Qohum-əqrəbaya baş çəkmək, dostlarla görüşmək, insanların gur toplaşdığı yerlərə getmək arzusu olduqca güclüdür. Bəlkə zaman qıtlığından bu işləri heç də həmişə görə bilmirik, amma karantin formasında bir qadağa psixoloji bir yük kimi insanın beynini yorur, darıxdırır bəlkə də.

Fəal həyata öyrənmiş insanın karantin şəraitində darıxması təbiidir

Bu üzüntülü hissdən qorunmaq olarmı? Darıxırsansa, nə etməlisən? Uşaqların darıxırsa, bunu necə qarşılayasan? Bu sualları yəqin günümüzdə bir çox insan özünə verir.

 

İlk növbədə bu vəziyyətin nə səbəbdən baş verdiyini anlamaq lazımdır. Fəal həyata öyrənmiş insanın karantin şəraitində darıxması təbiidir. Bu halda fəaliyyət istiqamətini dəyişmək məsləhətdir. Aktivliyi başqa tərəfə yönəltmək olar. Çoxdan arzuladığımız işləri önə çəkmək olar. Hər birimizdə xarici dil öyrənmək, hansısa istiqamətdə yeni bilik əldə etmək, özünü yaradıcılıqda təsdiqləmək istəyi var. Amma bu arzuların bir çoxu vaxtın azlığından, başqa işlərin çoxluğundan illər boyu reallaşmır. Hazırkı vəziyyətdə isə arzuları saf-çürük edib hansısa işləri görmək olar.

Sıxıntıdan azad olmağın yollarından biri köhnə əşyalardan, illərlə istifadə etmədiyimiz və toz yığan hansısa lazımsız zir-zibildən yaxa qurtarmaqdan keçir. Bu, bizim hər birimizin o qədər də bəyənmədiyi bir iş olsa da, hər halda özündə bir güc tapmaqla ev-eşikdə, uzun müddət qıfıllanmış qarajda toplanmış cır-cındırdan təmizlənmək öz-özündə gözəl bir hissdir. Adətən şəhərdəki köhnə əşyaları bağ evinə aparmaq adəti elə oranın da zibillənməsinə şərait yaradır. İmkan varsa, bağ evində də təmizlik etməyinə dəyər. Köhnəni tullayıb yeni əşyalar üçün yer yaratmaq, elə də pis ideya deyil.

 

Kiçik bir problemini həll edə bilsə, tezliklə darıxmağa da son qoya bilər

Darıxırsansa, ən sadə bir işin qulpundan yapışıb onu sona çatdırmaq yerinə düşər. Sıxıntı keçirən insan heç nə etmək istəmir, ola bilər uzun müddət bir nöqtəyə baxmaqla zamanı öldürsün, amma kiçik bir problemini həll edə bilsə, tezliklə darıxmağa da son qoya bilər.

Darıxmaq dövrünü strateji planlaşdırmağa da sərf eləmək yerinə düşərdi. Adətən bu işi həmişə kənara qoyub taktiki məsələləri həll edirik, amma “qarşıdakı 5 ildə həyatımızda nəyi dəyişmək istəyirik” sualının cavabını səliqəli formada cavablandımaqla mühüm məsələlərin həllini yaxınlaşdıra bilərik.

Uşaqlar darıxırsa, bu halda onların zamanını daha səmərəli istifadə etmək üçün düşünməyə dəyər. Bir yerdə domino, loto, şahmat oynamaq, hansısa yaradıcı işlər görmək olar. Ən vacibi kitab oxumaq, şəkil çəkmək, əl işləri yaratmaq kimi məsələlərə də zaman ayırmaq lazımdır. Uşağı hələ kiçik yaşından zəhmətə öyrətmək də vacibdir. Yeməyini yedin, qabı apar mətbəxə, qayçı ilə kağız doğradın, arxanca yığışdır, plastilindən nəsə yaratdın, qalıqları zibilə at kimi sadə qaydalar əslində gələcəyin məsuliyyətli insanını formalaşdırmaq üçün çox əhəmiyyətlidir. Uşağın marağı varsa, hansısa lazımsız oyuncağı söküb daxilində nə olduğunu birgə aydınlaşdırmaq da olar. Valideyn övladına nə qədər çox diqqət yetirsə, onun bir o qədər darıxmaq imkanı daralar.

Bir sözlə, darıxmaqdan qaçırıqsa, bu həyatdan nə istədiyimizi dəqiq bilməliyik. Hər gün qısa da olsa, arzuya doğru bir kiçik addım ata bilsək, deməli istəyimizə nail ola bilərik. Sıxıntıya da vaxt tapılmaz.

 

İsmayıl Rafiqoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir