valideyn

Azərbaycanda yeni ata olanlar məzuniyyətə çıxmalıdırlarmı?

Baxış sayı: 1. 072

Dünyanın bir çox ölkələrində valideynlik məzuniyyəti hüquqlarının qorunması ilə bağlı müxtəlif qanunlar hazırlanır. Bəzi ölkələr isə artıq 30 ildir “valideyn məzuniyyət haqları” ilə bağlı mövcud qanunları daha da təkmilləşdirir. Bu gün Azərbaycanda hələ ki, yenidoğulmuş körpələrə görə aylıq müavinət bərpa edilməsə də, bu istiqamətdə müəyyən müzakirələr aparılsa da, bəzi Avropa ölkələri artıq yeni övlad sahibi olan ataların məzuniyyət haqları ilə bağlı qanunvericiliyi təkmilləşdirir. Bu ölkələrin qanunvericiliyində də qeyd olunur ki, övlad dünyaya gətirmək yalnız qadınlara aid haqq deyil, övladın yükü baxımdan atalar da analarla bərabər hüquqlara sahib olmalı, onları körpə ikən bərabər böyütməlidirlər.
Ana ilə yanaşı, atanın da valideyn məzuniyyəti hüquqlarını tanıyan İsveçdə kişilərə bu hüququn verilməsinin səbəbi körpə-ata bağlarının daha da möhkəm qurulması ilə izah edilir. Buna görə atanın ən azı 10-15 həftə məzuniyyət haqqından istifadə etməsi məcburi hesab edilir. Yalnız bundan sonra ata işə çıxmaq istəyirsə, məzuniyyətinin qalan hissəsini həyat yoldaşının məzuniyyət müddətinin üzərinə əlavə edilməsi üçün müraciət edə bilər. Bundan başqa, qanunvericilikdə qeyd olunur ki, zərurət yaranarsa, yenicə övlad sahibi olan ata-ananın əlavə olaraq 6 ay ödənişsiz valideynlik məzuniyyətindən istifadə etmə şansları yaranır.
Hazırda ödənişli valideynlik məzuniyyətinin müddəti İsveçdə 47 həftədir. Əlavə dəyər vergisinin 25 faiz, ən yüksək gəlir vergisinin 35 faiz təşkil etdiyi bu ölkədə valideynin məzuniyyət haqqı isə fərqli formada hesablanır. Belə ki, 390 gün ərzində valideynlik məzuniyyətinə çıxan şəxslərə günlük qazanclarının 80 faizi ödənilir. Yəni onlar əldə etdikləri qazancların günlük limitinin 80 faizini əldə edə bilirlər. Məsələn, İsveçdə günlük olaraq 500 avro qazanan şəxs üçün müəyyənləşən limit 200 avrodur. Həmin şəxs valideynlik məzuniyyətində günlük olaraq qazandığı 200 avronun yüzdə 80 faizini geri ala bilir. Qalan 90 gün ərzində isə onlar valideynlik məzuniyyətindən öncə işlədikləri müddət üçün 20 avroluq maaş əldə etmiş olurlar.
Ölkədə aparılan sosial siyasət İsveçi ən gənc valideynlərin ölkəsinə çevirib. İsveçdə aparılan araşdırmalar göstərir ki, burada valideynlərin böyük əksəriyyəti ilk dəfə olaraq təxminən 20 yaşlarında övlad sahibi olublar.

Qucağında körpə uşaq tutmuş adam, arxiv şəkli

Bəs Azərbaycanda vəziyyət necədir?

İqtisadçı-ekspert Rəşad Həsənov bu haqda danışaraq mövcud vəziyyəti qiymətləndirərkən aşağıdakıları dedi: “Azərbaycanda bu istiqamətdə olan mövcud qanunların təkmilləşdirilməsi üçün bir neçə onillik lazımdır. İnkişaf etmiş bəzi Avropa ölkələrindən fərqli olaraq bizim ölkədə yalnız analıq məzuniyyəti anlayışı var. Azərbaycanda atalıq məzuniyyəti institutu isə ümumiyyətlə mövcud deyil. Analıq məzuniyyəti və doğulan uşaqlara görə verilən müavinət haqlarını müzakirə etsək, Azərbaycanın MDB ölkələri ilə müqayisədə çox geridə olduğunu görə bilərik”.
R.Həsənov belə hesab edir ki, dövlət büdcəsinin bugünkü rəqəmlər üzərindən qiymətləndirilməsi düzgün deyil. Bunun da səbəbi Azərbaycanda faktiki olaraq gizli iqtisadiyyatın həcminin genişlənməsidir: “Hazırda gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində addımlar atılır. Bu plan reallaşarsa, özəl sektordan dövlət büdcəsinə axınları təmin etmək mümkün olacaq. Eyni zamanda da qəbul olunan qərarlar icra olunarsa, özəl sektorlardan dövlət büdcəsinə daxilolmalarda əhəmiyyətli səviyyədə – iki dəfəyədək artım olacağını proqnozlaşdırmaq olar. Nəticə etibarı ilə bu yolla əldə olunan daxilolmalardan həmçinin analıq məzuniyyəti institutunu inkişaf etdirmək və atalıq məzuniyyəti institutunu formalaşdırmaq, bu istiqamətdə olan müavinətləri artırmaq mümkün ola bilər”.
“Amma təəssüf ki, bu gün əmək bazarının təxminən 60 faizi qeyri-leqaldır. Leqal olan hissələrdə də əmək haqqının həcmi azaldılır. Bəzi işçilərlə müqavilə bağlanmır, bəzi işçilərlə bağlanan müqavilə isə dekorativ xarakter daşıyır. Bütün problemlərin həlli üçün kifayət qədər zaman lazımdır”, – deyə ekspert əlavə edib.
“Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının qanununda belə qeyd edilir:
– Analıq hüququnu həyata keçirmək, uşaqları sağlam böyütmək, təhsil almaq və elmi yaradıcılıqla məşğul olaraq təhsil səviyyəsini artırmaq üçün işçilərin sosial məzuniyyətlərdən istifadə etmək hüququ var.
– hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl yetmiş təqvim günü və doğuşdan sonra əlli altı təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda (doğuşdan sonra) məzuniyyət yetmiş təqvim günü müddətində verilir.
– Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
– Məzuniyyət haqqı doğuşdan əvvəl verilmiş məzuniyyətin faktiki istifadə edilən günlərinin sayından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
– Övladlığa uşaq götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğuşdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən, həmçinin bu Qanunun 12-ci və 23-cü maddələrində nəzərdə tutulan məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Не подбрасывайте малышей вверх!
– Hamiləliyə və doğuşa görə sosial məzuniyyət müddətində müavinətin hesablanması və ödənilməsi qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Azərbaycanda yalnız işləyən analar ödənişli analıq məzuniyyəti hüququndan yararlanırlar. Hüquqşünas Elvin Səlimov qanunvericilikdə olan bəzi müddəaları xatırladır: “Azərbaycanda analıq məzuniyyəti körpənin 3 yaşınadək verilir. Belə ki, uşağı 1.5 yaşınadək analar 44, 1.5 yaşdan 3 yaşadək isə analar aylıq olaraq 28 manat müavinət alırlar. Bunun üçün gərək ki, ananın ən azı 6 aylıq iş stajı olsun”.
Vəkil qeyd edir ki, doğuşa görə məzuniyyət isə 126 gündür: “Ana olmağa hazırlaşan qadına doğumdan əvvəl 70 gün, doğumdan sonra isə 56 gün ödənişli məzuniyyət verilir. Doğuş çətin olduğu halda, bundan başqa, iki və ya daha çox övlad dünyaya gəldikdə isə o zaman anaya 140 gün məzuniyyət verilir. Bu zaman ana olmağa hazırlaşan qadın doğuşa 70 gün qalmış məzuniyyətə çıxır və övladı dünyaya gəldikdən 70 gün sonra isə məzuniyyət haqqı bitir”.
Göründüyü kimi, Azərbaycanda anaların ödənişli məzuniyyəti 3 ildir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Əgər işçi bu hüququndan istifadə edirsə, bu zaman həmin işçiyə uşaq yaşyarıma çatanadək 15 manat, 3 yaşınadək qismən ödənişli məzuniyyət pulu verilə bilər.
Azərbaycanda nə qədər qadın analıq müavinəti alır, illik olaraq analara ödənilən bu məbləğ ümumilikdə nə qədərdir və bu kimi digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərsək də, onlar bu məlumatların olmadığını bildirdilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir