Uşaqlar koronavirusa nadir hallarda yoluxurlar və xəstəliyi daha yüngül keçirirlər. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya əksinə.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, Uşaq xəstəlikləri kafedrasının assisenti, tibb üzrə fəlsəfə doktoru Sevda Məmmədova açıqlayıb.
Pediatrın “Koronovirus infeksiyası və uşaqlar” mövzusunda hazırladığı məqalədə virusun uşaqlara təsiri, uşaqlarda rast gəlinən fərqli əlamətlər və s. barədə məlumat verib. Həmin məqaləni təqdim edirik:
2020-ci ilin pandemiyası, yeni ağır infeksiya şəklində, koronovirusun “üçüncü gəlişidir”. 2003-cü ildə atipik pnevmoniyanın birinci alovanması baş verdi və Severe Acute Respiratory Syndrome (SARS) – Ağır Kəskin Respirator Sindrom adlandırıldı. İlk SARS epidemiyasının törədicisi SARS CoV (B xətti üzrə beta koronavirus 2-ci qrup) təsbit edildi. 2012-ci ildə ikinci epidemik alovlanma – Middle East Respiratory Syndrome (MERS) – Yaxın Şərq Respirator Sindromu qeydə alındı. Törədici MERS CoV (C xətti üzrə beta koronavirus 2-ci qrup). Yeni yoluxucu xəstəliyin adı COVİD-19 (Corona VIrus Disease) – 2019-cu ildən başlayan, üçüncü pandemiya şəklində müşahidə edilir.
Uşaqlar nadir hallarda yoluxurlar və daha yüngül keçirirlər. İnkubasiya dövrü 4-7 gündür, sağalma müddəti 1-2 həftədir. Uşaqların SARS CoV2 infeksiyasına nisbi davamlılığını (müqaviməti) bir sıra səbəblərlə izah etmək olar:
• epidemioloji cəhətdən uşaqlar daha az yerdəyişmə, ünsiyyət, səyahət səbəbindən yoluxma riskini azaldır.
• dövr edən ACE2 səviyyəsi uşaqlarda aşağı tənəffüs yollarda az miqdarda olması səbəbindən, yoluxma zamanı yuxarı tənəffüs yolları zədələnir.
• uşaqlarda selikli qişaların vəziyyətinin böyüklərə nisbətən qənaətbəxş olması. Böyüklərdə siqaret tüstüsünün, hava kirlənməsinin təsiri və çoxsaylı xronik xəstəliklərin mövcudluğu selikli qişaların baryer funksiyasını xeyli zəiflədir.
Uşaqlarda COVİD-19 infeksiyasının klinik manifestasiyası zamanı rast gəlinən simptomlar müxtəlifliyi ilə seçilir. Böyüklərdə təsvir edilən klinik simptomların bir çoxu uşaqlarda demək olar ki, təsadüf edilmir və ya əksinə.
Beləliklə, uşaqlarda daha çox təsadüf edilir:
• asimtpom gediş
• qızdırma (50% hallarda)
• öskürək
• boğazda ağrı/faringit (40% hallarda)
• yüngül ishal
Nadir hallarda rast gəlinir:
• rinoreya
• fitverici tənəffüs
• baş ağrısı, mialgiyalar. Böyüklərdə təsadüf edilsə belə, uşaqlarda rast gəlinməsi haqqında heç bir informasiya yoxdur:
• anosmiya/hiposomiya (böyüklərdə patoqnomonik simptomlar siyahısındadır)
• konyunktivit
• böyrəklərin zədələnməsi ( əvəzedici terapiya tələb edən vəziyyətlər, xüsusilə STC bağlı olan şəxslər arasında)
Böyüklərdə bilinməyən, uşaqlarda rast gəlinən – “covid barmaqlar” (İspaniya, ABŞ-da uşaqlar arasında rast gəlinən, xəstəliyin digər simptomlarına təsadüf edilmədiyi təqdirdə, barmaq falanqalarında zahiri görünüşünə görə donmuş, ağrılı, vaskulit əlamətlərinin aşkar olunması). Bu simptom laboratoriyada təsdiq olunmayan hallarda, uşaqlarda COVİD-19 diaqnoz üçün patoqnomonik simptom hesab edilə bilər.
İmmunodepressant qəbul edən autoimmun revmatik xəstəliyi olan uşaqlar xüsusi qrup təşkil edir. Onların nəinki koronavirusla, həm də digər infeksiyalarla yoluxma riski yüksəkdir. Güman etmək olar ki, SARS-CoV-2 ilə yoluxma patoloji prosesi kəskinləşdirə, immun sistemin ağır patologiyası və komorbid xəstəliklər infeksiyanın gedişini ağırlaşdıra bilər.
Revmatik xəstəlikləri olan uşaqlara koronavirus infeksiyasının təsiri barədə məlumatımız kifayət qədər deyil.
Beləliklə, sağlam qrupa aid olan uşaqlar koronavirus infeksiyasını daha yüngül keçirillər. Onların arasınada asimptomatik daşıyıcılar var. Belə uşaqlar, xəstəliyi ağır keçirən böyüklərdən fərqli olaraq, daha tez-tez infeksiya mənbəyi ola bilərlər.
İnfeksiyanın qarşısını almaq üçün uşaqlar da daxil olmaqla, profilaktik tədbirlərə riayət etmək zəruridir.
Sağlamlıq – sərvətdir, insana verilən ən böyük varlıqdır. Sağlamlığı itirdiyi zaman deyil, erkən yaşlardan başlayaraq qorumaq lazımdır! Sağlam olun!!!