magaza

Necə edək geyindiyimiz həm özümüzünkü, həm də ucuz olsun?

Baxış sayı: 841

“Yüngül sənaye son illər çox sürətlə inkişaf edən sahədir. Biz bununla nəinki daxili tələbatı ödəmək, eyni zamanda xarici bazarlara öz zövqümüzü diktə edə bilərik. Son illərdə pambıq, gön-dəri istehsalı ölkəmizdə artır. Bu sahənin inkişafı və məhsul bolluğu ölkədə yüngül sənayenin inkişafına da təkan verir. Tekstil sənayesi məhsulları dünyada əsas istehlak məhsullarından biridir. Əsasən əl əməyi tələb etməsi işsizliyin aradan qaldırılmasında böyük önəm daşıyır”.

Bunu biznes menecer Səbuhi Rüstəmov ölkəmizdə tekstil və geyim sənayesinin inkişaf yollarından danışarkən deyir.

Menecer bildirir ki, qlobal tekstil və geyim sənayesinin dövriyyəsi təxminən 3 trilyon dollar təşkil edir: “1980-ci ildə dünyada geyim məhsullarının ixracı 40 milyard dollar təşkil edirdisə, hazırda dünyada tekstil geyim və geyim aksesuarları istehsalının həcmi 4 trilyon dolları ötməkdədir. Bazarda seqmentdə yer tutmaq, markalaşmaq və brendləşmək lazımdır. Dizayn studiyalarının inkişafı tələbdir, çünki zövqlər müxtəlifdir. Gündəlik geyim sahəsində dizayn studiyaları, moda akademyası mövcud deyil. Dövlət qurumları ilə birlikdə uzun müddətli bu sahələri formalaşdırmaq lazımdır. Tekstildə də bəlli bir ekosistemin mövcud olması zəruridir. Bütün biznes sektorlarında olduğu kimi burada, dizayn studiyaları, xammal istehsalı, ictimai əlaqələr işinin, marketinq işinin aparılması kompleks yanaşma tələb edir”.

O qeyd edir ki, rentabelliyin artırılmasının yollarından biri brendləşmədir: “Çünki Azərbaycan əhalisinin 10 milyonluq sayı var və 10 milyon insana xitab edən böyük tekstil toxuculuq müəssisəsi çox rentabelli olmaya bilər. Ona görə biz xüsusilə Gürcüstan, Orta Asiya ölkələri, Rusiya bazarına da çıxmalıyıq. Hazırda Azərbaycanda 100-dən artıq tekstil fabriki arasında ən çox yer tutan tikiş fabrikləridir. Bu fabriklər yerli tələbatın təxminən 10 faizini ödəmək iqtidarındadır. Buna əsas səbəb kimi yun və yarım yun, ipək və yarım ipək kimi xammal məhsullarının çox hissəsinin Türkiyə, Çin, Pakistan və MDB ölkələrində idxal olunması göstərilir. İstehsal prosesində yerli xammal məhsullarının istifadəsi üçün bir sıra işlər görülməlidir. Kənd təsərrüfatında tekstil sənayesi üçün uyğun olan pambıq məhsullarının yetişdirilməsi, heyvandarlıq sahəsində yun parçalar üçün tələb olunan ipliyin əldə edilə bilməsi, tekstil sənayesinin inkişafına təkan verən amillərdir”.

S.Rüstəmov bildirir ki, ölkədə adi tikiş aksesuarlarının istehsalı mövcud deyil: “Məsələn, hər hansı bir geyim üçün astar parça, düymə, tikiş sapları xaricdən idxal olunur: “Bunlara əlavə gömrük rüsumları tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Əgər gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq”.

Onun sözlərinə görə, istehsal olunan pambığın böyük bir hissəsi xammal, yəni pambıq maxlıcı şəklində ixrac olunur: “Amma bunun həm də emalını dərinləşdirmək və hazır məhsullar edərək ixracına nail olmaq olar. Pambıq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitin də azalmasına səbəb olacaq. Toxuculuq məmulatlarının idxalına ötən il ərzində 315 milyon dollardan çox vəsait sərf olunub. Burada düzdür pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq”.

Onun sözlərinə görə, ölkəmizdə geyimə olan tələbatın 15 faizi yerli istehsal hesabına ödənir: “Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir. Həmin məhsullar əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar (yerli məhsulların qiyməti nisbətən yüksək olması) həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Bu, nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur. Müşahidələr onu göstərir ki, yerli brendlərə istehlakçılar da inanmırlar. Ona görə də Bakıda sexlərdə tikilən paltarlara “Made in Turkey” etiketləri vurulur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir