irina k

Uşaqlıqdan Azərbaycan sevgisi ilə böyümuş estoniyalı

Baxış sayı: 973

Azərbaycan və Ermənistan arasında gərginliyin davam etdiyi zaman müxtəlif ölkələrdən Azərbaycana dəstək nümayiş etdirildi. Xarici ölkələrdən gələn dəstəklər, əsasən bu ölkələrdə yaşayan soydaşlarımıza aid olsa da, Azərbaycana dəstək olanlar arasında qeyri-azərbaycanlılar da var. Onlardan biri də Estoniyada yaşayan İrina Kovzanoviçdir.

“Gencaile.az” saytı “Sputnik Azərbaycan”a istinadən İrina Kovzanoviçlə müsahibəni təqdim edir:

– Sosial şəbəkələrdə adınız Azərbaycanla yanaşı çəkilir, mütəmadi olaraq ölkəmizdən olan fotoları, 3 rəngli bayrağımızı paylaşaraq dəstək nümayiş etdirirsiniz. İstəyərdik, oxucular sizi bir qədər də yaxından tanısın.

– Estoniyada, Tallində anadan olmuşam, 21 yaşım var. “Maritime Academy”də Dəniz və Gəmiçilik İdarəçiliyi fakültəsinin 2-ci kursunu bitirmişəm. Babam dənizçidir, bu səbəbdən ən böyük arzum dənizçi olmaq idi, ona görə də ixtisas seçimi edərkən məhz akademiyanın Dəniz və Gəmiçilik İdarəçiliyinin üzərində dayandım. Lakin babam 20 ildən artıqdır bu işin içində oduğundan və hər bir incəliyini bildiyindən icazə vermədi ki, dənizçi olum və bu səbəbdən loqistika sahəsində təhsil almağa başladım. Mən Azərbaycandan olan, Estoniyada təhsil alan tələbələrə bacardığım qədər hər bir köməkliyi göstərirəm.

 

– Bir neçə dəfə də Azərbaycanda olmusuz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?

– Öncə onu deyim ki, ailəmin ən yaxın dostları azərbaycanlılar olduğundan, desəm ki, elə azərbaycanlıların əhatəsində böyümüşəm, yalan olmaz. Elə məktəb vaxtlarında da azərbaycanlı dostlarım çox olub. Bu səbəbdən də mən uşaqlıqdan Azərbaycan, azərbaycanlılar haqda xoş təsəvvürə malik olmuşam. Bir neçə dəfə Azərbaycanda olsam da, hər dəfəsində sanki ilk dəfə olduğum kimi özümü hiss etmişəm. Belə gözəl, cəzbedici olan Azərbaycanı dəfələrlə görmək, bura səyahət etmək istəyirəm. Azərbaycanda kifayət qədər dostum var və onlar yenə də mənim yolumu gözləyirlər.

İrina Kovzanoviç

– Azərbaycana gəlişinizin səbəbi nə olub?

– Azərbaycana gəlişimin səbəbi müxtəlif layihələrlə bağlı olub. Hər gəlişimdə də çalışmışam ki, burada uzun müddət qalım, daha çox zaman keçirim. Burda olarkən dostlarımla kifayət qədər zaman keçirdim və müxtəlif gəzməli-görməli yerlərdə oldum, bir-birindən fərqli muzeyləri ziyarət etdim. Mən tamamilə fərqli bir ölkədən, fərqli bir şəhərdən olmağıma baxmayaraq, Azərbaycanın fərqli mədəniyyəti, tarixi məni hər zaman maraqlandırıb. Bacardığım qədər Azərbaycan haqda daha çox məlumat almağa, nələrisə araşdırmağa çalışıram.

– Bəs, Azərbaycanı bizim üçün necə təsvir edərdiniz?

– Əslində bu sual mənim üçün bir qədər mürəkkəb sualdır. Çünki Azərbaycanı necə təsvir edirsiz dedikdə, mən “Azərbaycan isti, qonaqpərvər ölkədir” deyə formal cavablar vermək istəmirəm. Çünki bunları hamı bilir. Mənə görə Azərbaycan həyatımın, ilhamımın bir ölkəsidir. Mən özümü Azərbaycansız təsəvvür edə bilmərəm. Bilmirəm ki, Odlar Yurdu olmadan mən kim ola bilərdim. Azərbaycanla bağlı bütün problemləri bilirəm, lakin bununla belə hər zaman Azərbaycanın yanındayam və yanında da olacağam.

 

– Belə başa düşdüm ki, Azərbaycana olan sevginiz ailənizdən gəlib.

– Mənim Azərbaycanla olan əlaqələrim digərləri ilə müqayisə oluna bilməz. Bu çox nadir bir şeydir. Bu gün də valideynlərim mənim seçimimə, Azərbaycana olan sevgimə hörmətlə yanaşırlar. Demək olar ki, bütün ömrüm boyu Azərbaycanla yaşamışam. Azərbaycanlı dostlarım da bəzən ölkəniz haqda müxtəlif suallar verəndə hamısını cavablandırıram, çünki çox məlumatlıyam. Qəribə görünsə də, bu belədir. Hələ məktəb vaxtlarından bu yana hər dəfə şansım yarananda, fərqli əsərlərin mövzuları Azərbaycan olanda ölkəniz, xüsusən də Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə haqqında Estoniya xalqına məlumatlar verirdim. Ətrafımda olan bütün dostlarım Qarabağın Azərbaycanın ərazisi olduğunu bilir.

– Bir müddət öncə Azərbaycan və Ermənistan arasında davam edən gərginlikdə də siz ölkəmizə dəstəyinizi əsirgəmədiniz…

– Bəli, bu müddətdə də mən hər şeyi Azərbaycana həsr etdim, bununla bağlı müxtəlif postlar paylaşdım. Bunları mən qəlbən etdim. Mən yalnız ən xoş gündə deyil, ən çətin gündə də Azərbaycanın yanındayam. Elə ən çətin günlər dostun kim olduğunu göstərir. Heç zaman Azərbaycandan, bura olan sevgimdən imtina etmərəm. Çünki bu torpaq mənə həyatımın ən yaxşı zamanı və ən yaxşı insanları bəxş etdi.

 

– Azərbaycan dili bilginizdən danışardınız.

– Düzü, Azərbaycan dilində bir qədər bilsəm də, bir çoxları mənim azərbaycanlı olduğumu düşünür, mənimlə elə bu dildə danışırlar. Lakin hərdən artıq bəzi sözləri işlətmədiyim üçün unutduğumu da görürəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir