cins salvar

Cins materiallar həyatımıza necə daxil oldu?

Baxış sayı: 1. 175

Moda dünyasının heç dayanmayan çarxında fırlanan moda trendləri yenidən getdikləri yerə qayıtsalar da bəzi trendlər birdəfəlik keçmişdə qalırlar. Bu baxımdan cins (pambıqdan olan denim material) geyimlər, xüsusilə də hər mövsüm yenilənən tərzi ilə şalvarlar moda dünyasının ən dayanıqlı oyunçularındandır. Elə bu maretial şalvarlar da məhz “cins” adlandırılır. Cinsi dəb dünyasının kralına çevirən hadisələr də çox maraqlıdır.

Tarixdə ilk cins şalvarı 1850-ci ildə Amerikaya köçən Livay Strauss tikib. Belə ki, Strauss San-Fransiskoya gələrkən özü ilə çadır tikmək üçün material gətirir. Daha sonra Strauss həmin dövrdə mədən içşilərinin daha dayanıqlı parçadan tikilmiş iş geyimlərinə ehtiyacı olduğunu müşahidə edir və beləliklə qalın, davamlı bir materialdan şalvar tikmək ideyası yaranır.

İlk Cins şalvarın patenti 1873-cü ildə alınıb. İlk dövrlərdə sadəcə fəhlələr düşünülərək dizayn edilən cins şalvar çox keçmir ki, qərbin kovboyları sayəsində bütün Amerika Birləşmiş Ştatlarına yayılır.

Cins şalvarın ixtirasında Livay Strauss qədər Ceykob Devisin də rolu var. Elə ilk cins şalvar da bu iki şəxsin əməkdaşlığı ilə ərsəyə gəlib. Mənbələr yazır ki, cins şalvar üçün Strauss Fransadan mavi rəngli pambıq denim parça gətirir, Ceykob Devis isə şalvar üçün yan ciblər və mis rəngli sapdan tikiş stili dizayn edir və beləcə ilk cins şalvar ortaya çıxır.

1930-1940-cı illər arası olan zaman kəsiyində kovboylar cins şalvarı zirvəyə çıxardırlar və bununla kifayətlənməyib yeni növ cins şalvar trendini yaradırlar – “bootcut”. Belə ki, hündürboğaz çəkmə uzunluğuna uyğun balaq kəsimi kəşf edilir və qısa müddətdə çox məşhurlaşır.

1940-ci illər cins şalvar ilə birlidə kambinezonlar (tulum) fəhlələr arasında sevilməyə başlanır. Az keçmədi ki, inadkar gəncliyin ən sevilən geyim elementlərindən birinə çevrilən cins şalvar küçələrdə tez-tez geyinilməyə başlanır. Lakin bu birmənalı qarşılanmır, ilk zamanlar restoranlar, teatrlar cins şalvara qarşı kəskin reaksiya verirlər.

Moda dünyasında cins şalvarlar üçün kuliminasiya nöqtəsi Ceyms Dinin “İnadkar gənclik” filmi oldu. Filmdən sonra gənclər arasında daha da məşhurlaşan cins şalvarlar bir növ inqilab simvoluna çevrilir. Əlbəttə əksini düşünənlər də var idi, belə ki, hətta bir müddət Amerikada məktəblər cins şalvar geyinməyi qadağan edirlər.

70-ci illərdə istehsalçılar enlibalaq cinsləri kəşf edirlər və cins şalvarlar status olaraq növbəti etapa keçə bilir. Artıq dövrün məşhur ulduzları tərzlərini tamamlamaq üçün cins şalvarlardan böyük cəsurluqla istifadə edirdilər. Azadlıq erası olan 70-ci illərdən sonra cins şalvar müəyyən ildən bir yenilənmiş tərzi ilə moda dünyasındakı taxtını qoruyub saxlaya bilir.

80-90 ci illərdə cins şalvar formaları dayanmadan artır və saysız-hesabsız hala gəlir. Onlardan ən məşhurları, məsələn, “mom jeans” artıq bir neçə ildir yenidən dəbə qayıdıb və qarderobumuzda özünə yer edib.

90-cı illər “grunge” tərzinin dəbə gəlməsi ilə cins şalvarlar üçün yeni era başlamış oldu. Daha bol, bir neçə, böyük cibli şalvarlar hip-hop, rep ifaçılarından sonra səhnədən küçələrə axın etdi, gənclərin gündəlik geyim tərzinə çevrildi.

Bəs 2000-ci illər? Beli ifrat dərəcədə aşağıdan olan cins şalvarları xatırlamaq istəyirsiniz? Deyəsən, zamanında sevə-sevə geyindiyimiz bu tərz şalvar çoxlarının geri qayıtmağını istəmədiyi tək cins şalvar tərzidir. (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir