Ölkədəki pandemiya şəraiti ilə əlaqədar olaraq martın 15-dən etibarən Azərbaycanda toyların keçirilməsi dayandırılıb. Bir çox ekspertlər toylaırn keçirilməməsinin demoqrafik təsirinin ola biləcəyini söyləyir. Demoqrafik təsirin olmaması, gəncləri toy bazarı açılmadan nikaha təşviq etmək üçün onların maraqlarına xidmət edəcək nələr etmək mümkündür?
Öncə dünya təcrübəsinə nəzər yetirək. Azərbaycanla yanaşı digər ölkələrdə də bu kimi kütləvi mərasimlərin keçirilməsi dayandırılıb. Bu isə demoqrafik vəziyyətə, əhalinin say artımında azalmalara səbəb olur. Artıq bu problemin qarşısını almaq üçün müxtəlif ölkələr tərəfindən layihələr, paketlər hazırlanır. Belə addımlardan biri kimi, bi sıra hökumətlər tərəfindən 3-5 min avro civarında yeni ailə quran cütlüklərə vəsait verilir. Bu da yeni ailə həyatı qurmaq istəyənlər üçün həm də bir fürsət hesab edilir.
Azərbaycanda da toyların formatının dəyişdirilməsi müzakirə edilir. Millət vəkili Musa Quliyev artıq toyların öncəki kimi kimi 300-400, hətta 1000 nəfərlə keçirilməsinin düzgün olmadığını deyir. O toyların formatının sadələşdirilməsinin tərəfdarı olduğunu deyib.
Sosioloq Əhməd Abbasbəyli isə həm toyların keçirilməməsinin demoqrafik təsirlərindən danışıb, həm də gəncləri nikah mərasimlərinə təşviq etmək üçün maraqlı bir təklif irəli sürüb:
“Bu gün toyların olmaması, nikahların sayının az olması gələcəkdə müəyyən dövrlərdə öz təsirini göstərə biləcək. Təsəvvür edin ki, martdan bu yana toylar yoxdur. Bu vəziyyət ilin sonunadək davam etsə, təsəvvür edin ki, il ərzində 10-15 min cütlük toy gözləyir. 20 il sonra, yəni təxminən hərbi xidmətəgetmə illərində digər illərlə müqayisədə bu rəqəmlərdə müəyyən fərqlər nəzərə çarpacaq. Düşünürəm ki, müəyyən say məhdudiyyəti olaraq, sosial məsafəni gözləməklə toyları təşkil etmək olar. Necə ki, məktəblər açılır, insanlar məsafə qorumaqla məktəbə gedir, eyni formada da toyları təşkil etmək olar”.
“Boşanmalaırn səbəblərindən biri də iqtisadi problemlər, gənc ailədə olan maddi sıxıntılardır. Sosial addım olaraq isə bu gün bəzi ölkələr yeni ailə quranlar üçün ilkin kapital verir, onlaırn mənzil almaq imkanlarını yaxşılaşdırır. Məncə, bu amil həm də boşanmaların qarşısını almağa kömək edəcək. Yəni, gənc ailələrə imakn yaradılsa ki, müstəqil olsunlar, ilkin dönəmdə maliyyə mənbələri olsa, bu amil ailələrin daha da möhkəm olmasına və boşanmaların asyının azalmasına səbəb olar. Ailələrdə özünəinam artar. Rusiyada “ana kapitalı” adlanan vəsait var”, – deyə həmsöhbətimiz əlavə edir.
Ekspert söhbət əsnasında toyların keçirilməməsinini müsbət tərəflərindən də danışıb: “Lakin bu gün toyların keçirilməməsinin bir müsbət tərəfi də var. Bu həddindən artıq ifratçılığın qarşısını almaq üçün bir şans yaradıb. Bu qədər ifratçılıqdan qaçmaq üçün bir şans yaranıb. Çünki toyların bu formatda keçirilməsinin nə qız, nə də oğlan evinə bir xeyri var. Bu cür toyların yalnız böyük şəbəkə sahiblərinə xeyiri var. Türkiyə toylarında belədir ki, qonaqlar yeni ailənin ilkin kapitalını toplayaraq onlara verirlər”.
Millət vəkili Vüqar Bayramov isə Sputnik Azərbaycan-a açıqlamasında təkliflə bağlı münasibətini bildirib. O deyib ki, gənclərin mənzil probleminin həlli ilə bağlı bir neçə proqram fəaliyyət göstərir: “İlkin olaraq sosial mənzillər layihəsinin icrasına başlanıldı, Hövsanda da 3 minə yaxın belə mənzilin satışa çıxarılacağı gözlənilir. Mövcud proqramlar gənclər üçün mənzil problemini həll etmək istiqamətində müəyyən imkanlar yaradır. Bundan başqa, gənclərin mənzil probleminin həlli üçün ipotekalı kreditlər üzrə faiz dərəcələrinə baxılması və onların aşağı salınmasını təklif edirik”.
“Sosial ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşir. Dövlət büdcəsindən ayrılan vəsaitlər sırf kommersiya məqsədli olmadığına görə həmin kreditlər üzər faizlərə baxılması və faizlərin aşağı salınması mümkündür. Hazırda sosial ipoteka kreditləri üzrə dərəcə 4 faizdir. Daha məqsədəuyğundur ki, 4 faiz də 2 faizə endirilsin. Xüsusən də gənc ailələrin daha aşağı faizli ipotekadan yararlanmaqla onların mənzil probleminin həllinə imkan yaradıla bilər. Adi ipoteka üçün də faizlərə baxılması və aşağı salınması mümkündür. Adi ipoteka kreditləri üzrə maliyyə vəsaitinin cəlb edilməsi Dövlət İpoteka və Kredit Zəmanət Fondunun yerləşdirdiyi istiqrazlardan əldə edilən vəsaitlər hesabına formalaşır. Həmin istiqrazlar üzrə orta faiz dərəcəsi 3 faiz ətrafında dəyişməsi imkan verir ki, adi ipoteka kreditləri üzrə faizlər 8 faizdən 5 faizə endirilsin. Buna görə biz adi və sosial ipoteka kreditləri üzrə faizlərə baxılmasını təklif edirik. Faiz dərəcələrinin aşağı salınmasının reallaşması ilə gəncərə bu imkanlardan istifadə etməklə mənzil problemlərini həll etməyə imkan veriləcək”, – deyə millət vəkili bildirir.