mekteb

Birinci sinif şagirdləri virtual dərsə necə qatılsın?

Baxış sayı: 903

Dərslərin bu tədris ilindən koronavirus pandemiyasına görə hibrid keçirilməsi bu il məktəbə qədəm qoyan birincilər üçün çox ciddi problem yaradıb. Belə ki, virtual məktəbin funksiyalarından heç cürə istifadə etməyi bacarmayan 1-ci sinif şagirdləri dərslərin virtual keçirildiyi günlərdə valideyn köməyindən asılı vəziyyətə düşüblər. Bu isə işləyən valideynləri böyük çətinliklə üz-üzə qoyub.

Övladı bu il birinci sinfə gedən Fərizə Salmanova adlı valideyn Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özü və həyat yoldaşı işləyir. Uşaq həftənin yalnız iki gün dərsə gedir.

Onlayn dərs keçirilən günlərdə də təkbaşına dərslərə qoşula bilmir:

“Uşaq telefonla dərsə necə qoşulmağı bacarmır. Hansı uşağın valideyni evdədirsə, kömək edə bilirsə onlayn dərslərə qoşulur. Valideyni işləyən uşaqlar isə demək olar ki, həftədə iki gün dərs keçə bilir. Birinci sinif şagirdlərinin dərsi onlayn keçməsi demək olar ki, mümkün deyil. Müəllim sadəcə hansı hərfdən, hansı rəqəmdən neçə sətir yazmağı tapşırır”.

Valideyn deyir ki, bir evdən iki-üç uşaq dərsə gedirsə, bu zaman problem daha da böyüyür: “Oktyabrın 1-dən mənim kiçik qızım da məktəbəhazırlığa gedəcək. Bir telefonla iki uşağın dərsə onlayn qoşulması isə mümkün deyil”.

Salmanovanın sözlərinə görə, ibtidai siniflər üçün dərslərin həftədə iki-üç dəfə virtual keçirilməsi onları proqramdan geri qoyur. Uşaqların texniki bilikləri olmadığından, onlar sərbəst şəkildə virtual dərslərə qoşula bilmirlər.

 

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü bildirir ki, valideynlər narazılıqlarında haqlıdırlar. Aşağı siniflərdə onlayn dərslərin keçirilməsi çətindir. Bunun üçün mütləq şəkildə valideynin köməyi olmalıdır. Hər iki valideyn işləyirsə, uşağa virtual məktəbə qoşulmağa dəstək göstərən olmur. Birinci sinfə gedən şagirdin isə elə texniki bacarıqları yoxdur ki, o, sərbəst onlayn dərslərə qoşulsun. Artıq bəzi ölkələrdə bunun çıxış yolunu tapıblar:

“Qonşu Gürcüstanda hər iki valideyni işləyən ailələrə uşaqların onlayn dərs keçməsi üçün sosial işçilər ayrılıb. Ana-ata işə getdikdə sosial işçilər uşağa bu məsələdə kömək göstərirlər. Çox təəssüf ki, bizdə hibrid dərslərə start verilsə də, bu problemin çıxış yolu yoxdur. Bu zaman valideyn məcburdur ki, uşağa onlayn dərslərə qoşulmaqda yardım üçün dayə tutsun. Çünki, bəzən nənə və baba yaşlı olduğu üçün evdə olsalar belə, uşağa bu məsələdə yardım edə bilmirlər. Dayə tutmaq üçün isə hər ailənin imkanı çatmır”.

M. Mürşüdlü bildirir ki, problemdən çıxış yollarından biri ibtidai sinif şagirdlərinə əyani şəkildə hər gün 5 dəfə dərslərin keçirilməsini təmin etməkdir: ” Qardaş Türkiyədə müəllimlər aşağı sinif şagirdlərinin evinə gedərək onlara yazıb oxumağı öyrədirlər. Bizdə müəlimlərə belə bir tapşırıq verilməyib. Ona görə də valideyn işdən gəldikdən sonra məcburdur ki, uşağın əlindən tutub ona yazmağı öyrətsin. Amma düşünürəm ki, işləyən ailələrin bu problemi nəzərə alınmaqla, aşağı sinif şagirdlərinin beş-beş bölünərək dərsə gündəlik getməsi təmin oluna bilər. Çünki, xüsusilə birinci və ikinci siniflərdə şagirdin müəllimlə birbaşa ünsiyyətdə olması çox vacibdir. Nəzərə alsaq ki, bu gün şagirdlərin çoxunun evində virtual məktəbə qoşulmaq üçün kompyuter, telefon və internetə əlçatanlıq tam təmin olunmayıb, bu zaman uşaqlar yazıb-oxumaq bacarığına yiyələnməkdən məhrum ola bilərlər. Azərbaycanda isə orta təshil icbaridir”.

 

Təhsil İnstitutunun Təlimin Nəzəriyyəsi və Metosikası şöbəsinin müdiri Bibixanım İbadova isə bildirir ki, dərslərin onlayn keçirilməsi zamanın tələbidir:

“Burada bizim heç birimizin istəyi nəzərə alınmır. Doğrudur ki, virtual məktəb ənənəvi təhsilin yerini verə bilməz. Amma məqsəd pandemiya dövründə şagirdlərin dərsdən kənar qalmamasıdır. Bəzi valideynlər işdə olduğu üçün uşağın dərslərinə vaxt ayıra bilmədiyini söyləyir. Amma valideyn hər zaman işdə olmur axı. Məktəb üçbucaqdır. Bu üçbucağın bir qolu müəllimdirsə, digər qolu valideyndir. Əvvəl valideynlər arxayın idi ki, müəllim onun övladına lazımi bilik verir. Amma indi valideyn öz övladını nəzarətə götürməlidir”.

B. İbadova deyir ki, işləyən valideynlər də hibrid təhsil sistemində Təhsil Nazirliyi tərəfindən nəzərə alınıb: “Nəzərə almaq lazımdır ki, Virtual məktəbdən əlavə Teledərslər də var. Teledərslər “Youtube”a yüklənir. Bu gün uşaqların təhsil alması üçün əhatəli şərait yaradılıb. Teledərslərin “Youtube”a yerləşdirməyin məqsədi odur ki, şagirdlərin keçirilən dərsləri təkrar-təkrar izləmək imkanı olsun. Valideyn işdən gəldikdən sonra “Youtube”u açıb uşağı ilə dərsi izləyə bilər. İnternetdə dərs resurslarından da istifadə etməklə övladının dərs proqramını mənimsəməsinə yardım edər. Pandemiya dövründə hamımız səfərbər olmalıyıq ki, uşaqar təhsildən kənar qalmasınlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir