Fexrane Huseynzade

“Hökumət öz işini görür, insanlar da məsuliyyətli olmalıdırlar” – Virusdan qorunmanın yolları…

Baxış sayı: 713
Azərbaycanda koronavirusla mübarizə tədbirləri davam edir. Bununla belə, son vaxtlarda yoluxmaların sayında artım müşahidə edilib. Məsələn elə bu gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib.  COVİD-19 dünyanın ən qlobal və sürətlə yayılan infeksiyalarından biridir ki, artıq bəzi dünya ölkələrində virusun ikinci dalğası müşahidə olunur. Buna görə də Almaniya, Fransa, Böyük Britaniya və başqa ölkələr yenidən qapanıb. Əlbəttə, mövcud durum Azərbaycanda da bu kimi qapanmaların və sərt karanatin rejiminin yenidən tətbiqini gündəmə gətirir. Şübhəsiz ki, bütün proseslər insanların koronavirusla mübarizə istiqamətində qəbul olunan ümumi qaydalara əməl etməsindən asılıdır. Görünən isə odur ki, sərt karantin rejimi yumşaldıqdan sonra bəziləri həmin qaydalara riayət etmədilər.
Maraqlıdır indiki durumda nə kimi addımlar atılmalıdır?
Sualımızı cavablandıran tanınmış həkim Fəxranə Hüseynzadə bildirir ki, maksimum dərəcədə maskadan istifadə edilməlidir:
“Hökumətimiz son bir-iki aydır ki, koronavirusla bağlı çox ciddi addımlar atıb. Məsələn, həftə sonu nəqliyyatın fəaliyyət göstərməməsi, qapalı mühitə maska ilə daxil olmaq məcburiyyəti, restoranlarda 4 nəfərin bir masada oturmasına icazə verilməməsi kimi məsələlərə ciddi nəzarət ediblər.
Hökumət öz işini görür, insanlar da məsuliyyətli olmalıdırlar.  Özümüzü qorumalıyıq, maksimum dərəcədə maskadan istifadə etməliyik, əllərimiz yumalıyıq və ara məsafəsini mütləq saxlamalıyıq.
Həm xalqımızın başı müharibəyə qarışıb, həm də televiziya kanallarında koronavirusla bağlı maarifləndirici müzakirələr aparılmır. Buna görə də insanlar bir az arxayınlaşıb.
Məsləhət görürəm ki, bir ay əvvəl məsələyə necə ciddi yanaşıb qaydalara riayət ediblərsə, indi də elə etsinlər. Pandemiya ilə bağlı təhlükəsizlik qaydalarına riayət etsək, Azərbaycan xalqı olaraq COVİD-19-a qalib gələ bilərik.
Digər ölkələrdə yoluxma sayının artması, qapanmaların olması  məhz təhlükəsizlik qaydalarına əməl etmədikləri üçün baş verib. Sosial şəbəkələrdə yayımlanan şəkillər və videolardan da görürük ki,  kütləvi halda, ara məsafəsi saxlamadan əylənirdilər. Nəticə etibarı ilə də yoluxma halı xeyli artaraq qapanmalara səbəb olub”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir