Koronavirus yoluxmalarının sayı qışda azalacaq və yeni COVID-19 dalğası gələn yaz başlayacaq, lakin daha az intensiv olacaq.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Mixail Palçev “Parlament Qəzeti”nə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, yoluxmamaq üçün ilk növbədə qoruyucu maska taxmaq mütləqdir.
Akademik bir daha xatırladıb ki, COVID-19 infeksiyalarının təxminən 90 faizi havadan damcı yolu ilə baş verir. Bundan əlavə, ekspert vətəndaşlara öz immunitetlərinə, istirahət və yuxu rejiminə, eyni zamanda vitaminlərə kifayət qədər diqqət yetirməli olduqlarını xatırladıb.
Mütəxəssis sərt məhdudlaşdırıcı tədbirlərə qarşı olduğunu, lazımi havalandırma və dezinfeksiya işlərindən sonra teatrların, dükanların və kafelərin ziyarətçilərin sayını azaltmaqla işlərinə davam etməsinin lazım olduğunu qeyd edib. Bütün müəssisələrə nəzarətin gücləndirilməli olduğunu qeyd edib və ictimai tədbirlərdən, konfranslardan imtina etməyə çağırıb, çünki belə yerlərdə koronavirusa yoluxma riski yüksəkdir.
“Epidemiyanın ilk aylarında əhalinin sağlamlığı onsuz da pisləşib. Özlərini qeyri-adekvat aparan bir çox insan var, stressi azaldan müxtəlif dərmanlara tələbat artıb. Bu, dolayısı ilə əhalidə psixoloji problemlər olduğunu göstərir”, – professor izah edib.
Xatırladaq ki, Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qinçburq koronavirus yoluxmalarının sayında artım və azalmanın kütləvi vaksinasiyaya qədər dəyişəcəyini söyləmişdi.