İşləyən qadınların ev işlərində həyat yoldaşlarından kömək gözləməsi kifayət qədər normaldır, amma bəzi kişilər buna normal yanaşmırlar. Ev işləri deyəndə, ağlımıza dərhal qadının etməli olduğu işlər gəlir. Bir çoxumuz qadını mətbəxdə qab yuyan, yemək bişirən, evi təmizləyən, paltar yuyan və yaxud da uşaqla məşğul olan görürük. Yemək, paltar, ütüləmə, evin təmizliyi bizim mentalitetimizdə sadəcə qadının etməli olduğu işlər kimi qəbul edilir.
Bu yazıda ev işlərində kişinin rolu barədə danışacağıq.
Kişilər evdə nə edirlər?
Bir çoxumuz ev işlərinin kişilərə aid olmadığı qənaətindəyik. Bəzi kişilər həyat yoldaşından, evdəki başqa insanlardan, qonşulardan utanaraq ev işləri görmək istəmir, bəzi kişilər isə sadəcə bunu özünə yaraşdırmır. Bu cür kişilər düşünür ki, kişinin ev işləri görməsi onun cinsi reputasiyasına xələl gətirir.
Üstəlik, bu cür kişilər nəinki kömək etmək, hətta daha çox evdə nizamı pozmaqla məşğuldurlar. Corablarının birini bu otaqda, digərini o biri otaqda qoyurlar, geyimlərinin hərəsini bir tərəfə atırlar, içdikləri suyun stəkanını, yedikləri yeməyin qabını və ya çay fincanını harada gəldi, qoyurlar. Xülasə, ev işlərini daha çox artırırlar.
Kişilər arasında həddindən artıq nizamlı, səliqəli olanlar da çoxdur. Həyat yoldaşlarına ev işlərində kömək etmək, uşaqlarla məşğul olmaq onlar üçün sevimli məşğuliyyətdir. Səliqə-səhmana, ən xırda detallara belə çox diqqət edirlər. Evdəki dağınıqlığa, mətbəxin səliqəsizliyinə heç bir halda dözə bilmirlər. Nəinki öz əşyalarını, eləcə də həyat yoldaşının və uşaqların dağınıq əşyalarına qarşı da həssasdır.
Bizim cəmiyyətdə “arvad kimi kişi” deyilən, ələ salınan bu cür kişilərin ailədə və həyatları boyunca xoşbəxt və rahat olmaları barədə dünyada kifayət qədər təcrübə var. Ev işlərinə xanımına kömək edən kişiləri həyat yoldaşı daha çox qiymətləndirir, dediyindən əsla çıxmır, həyat yoldaşından razı olduğunu hər fürsətdə deyir.
Avropa mədəniyyəti bəzi hallarda bizim cəmiyyətdə normal qarşılanmır, bunun bir səbəbi də kişilərin öz xanımları qədər ev işi görməsidir. Bir çox sivil ölkədə kişilər qadınlarla bərabər döşəmə yuyur, yemək bişirir, qab yuyur, toz alır.
Qadınların işi nədir?
Hər cəmiyyətin qadın və kişiyə məxsus bəzi məsuliyyətləri və xüsusi rolları var. Çox vaxt bu rolların öhdəsindən gələ bilmədiyimiz, öz məsuliyyətimizdən imtina etdiyimiz üçün ailədə və cəmiyyətdə çətinliklər yaşayırıq.
Qadın doğmağı bacaran hər bir canlı kimi ana olan anda öz məsuliyyətini dərk edir. Bir çoxu bu məsuliyyətin öhdəsindən gəlir, bəzisi isə yarımçıq qoyur. Ailədə birlik və sülh yaratmaq, uşaqların sağlam böyüdülməsində əsas rol oynamaqla bərabər, ailənin təmizliyi və gigiyenasına görə də ana cavabdehdir.
Bir çox qadın ailə büdcəsinə xeyir vermək üçün işləmək arzusunda olur, bəzisi isə cəmiyyətdə özünə yer etmək, “mən də varam” prinsipini əsas tutaraq işləməyə meylli olur. İşləyən qadınların ailədəki və evdəki işlərində də istər-istəməz ləngimə yaranır. Düzdür, bir çox qadın lazım gəldikdə, yuxusuz qalıb işlərinin öhdəsindən özü gəlir. Amma həyat yoldaşından dəstək gözləyən qadınlarımız da var. “Mənə heç kömək etmirsən” deyən bir qadına bizim ölkədə əri tərəfindən verilən cavablar adətən bunlar olur:
– Qadınsan, bunlar sənin işindir.
– Bunları mən edəcəkdimsə, səni niyə alırdım?
– Sən nə işə yarayırsan bəs?
– Axşama kimi nə işlə məşğulsan?
– Harada görünüb ki, kişi arvad işi görsün?
Kişilərin düşüncəsi 50 il əvvəlki kimi deyil
İngiltərədə bir ailə jurnalının apardığı araşdırmaya görə, kişilərin 28%-i ev işlərini və ailə bazarlığını həyat yoldaşı ilə birlikdə edir. Amma qadınların yalnız 14%-i bunun doğru olduğunu deyib. Sözügedən araşdırmada kişilərin 18%-i kişi evdə yeməyi xanımı ilə birlikdə bişirdiyini deyib, amma qadınların yalnız 8%-i bunun doğru olduğunu bildirib.
Qeyd edək ki, cəmi 50 il əvvəl İngiltərədə cəmiyyətin qınağına görə, qadınlar kişilərlə birlikdə işə gedib-gəlmirdilər. Qadının işi yalnız onun evi idi. O zaman ingilis kişiləri birmənalı olaraq ev işlərinin qadın tərəfindən həll edilməsini düşünürdü.
Amma 90-cı illərdən etibarən İngiltərədə kişilər ev işlərində xanımına kömək etməli olduqlarını fikirləşirlər. Xüsusilə qadınların böyük bir əksəriyyəti həm evdə, həm də işə getdikləri zaman işlədikləri üçün kişilərin itirdiyi enerjinin 2 misli qədər enerji itirirlər. Jurnalın gəldiyi qənaətə görə, buna baxmayaraq kişilərin böyük bir qisimi bu ev işlərində xanımına kömək etməkdən qaçır.
Qeyd edək ki, bu sadəcə İngiltərə cəmiyyəti üçün xarakterik deyil. Bütün Avropada son dövrlərdə həyata keçirilən gender proqramlarından sonra kişilərin hamısı ev işlərindən qaçırlar. İspaniya hakimiyyəti kişilərin ev işlərində xanımlarına kömək etmələri üçün reklama 780 min dollar xərc çəkib.
“Kişini mətbəxdə görəndə, aləmə car çəkirlər”
Sosioloq Naib Allahverdiyev deyir ki, bizim cəmiyyətdə kişilər başqalarının qınağından çox qorxurlar: “Təsəvvür edin ki, bir kişi evdə xanımının işlərinin çoxluğunu görür, ayağını ayağının üstünə aşırıb televizora baxmaq yerinə mətbəxdə ona kömək etməyi seçir. Bu vaxt evə qonaq gələn bir tanış təsadüfən onu mətbəxdə yemək bişirən, əlində dəsmal əşyaların tozunu alan vəziyyətdə görürsə, bu az qala faciə kimi qiymətləndirilir.
Gələn qonaq bir neçə nəfərə bunu danışır, onlar da öz növbəsində bir neçə nəfərə deyir, beləcə hamı bilir ki, o kişi evdə xanımına kömək edir. Bunu cəmiyyət elə qiymətləndirir ki, sankı işdən gəlib üstəlik də evdə min cür qayğısı olan, ev işləri görən xanımına kömək etməklə kişi öz kişiliyindən nəsə itirdi.
Axı o qadın səhər hamıdan əvvəl oyanır, işlərinin yarısını həll edir, sonra işə tələsir, işdə kifayət qədər yorulur, üstəlik, qayıdanda evdə də işləyir. Kişi də işə gedir və bir çoxu qayıdanda uzanıb istirahət edir. Əgər hansısa kişi ev işlərində xanımına kömək edirsə, bunu alqışlamaq lazımdır”.
Facebook sosial şəbəkəsində keçirdiyimiz bir sorğu isə bizim cəmiyyətdə xanımına kömək edən kişilərin kifayət qədər çox olmasını deməyə əsas verir. Çünki “Kişi ev işlərində xanımına kömək etməlidirmi?” deyə verdiyimiz suala cavab verən 47 nəfərdən 42-si “kömək etməlidir” variantını seçdi. “Kömək etməməməlidir” deyən isə sadəcə 5 nəfər oldu.
Oğlan uşaqlarına ev işlərini öyrətmək lazımdır
Bu problemin qəti həll variantı yoxdur, bu məsələyə yanaşma cəmiyyətdən cəmiyyətə dəyişən bir haldır. Bu məsələnin kompleks halına gətirilməsi və stereotiplərin çoxluğu cəmiyyətdə həmişə müzakirə mövzusu olub. Bir çox qadının ailənin bütün yükünü üzərinə götürməsi kişiləri məsuliyyətdən uzaqlaşdırır, evə bağlılığını azaldır və nəticədə ailədə söz-söhbətin təməli qoyulur.
“Kişilər ev işi görməlidirmi?” sualına cavab olaraq deyə bilərik ki, vacib olan ər və arvad arasında sağlam münasibətin olmasıdır. Əgər kişi xanımına dəyər verirsə, istər-istəməz ev işlərində ona kömək edir. Xanımının səhər işə gedib, axşamlar evdə də işləməsi bir çox kişilər üçün normal görünsə də, bəzi kişilər bunu normal qəbul etmir.
Valideynlərin öz uşaqlarını tərbiyə edərkən bu məsələyə diqqət göstərməsi vacibdir. Oğlan uşaqlarına həyat yoldaşına bütün hallarda dəstək verməsi öyrədilməlidir. Uşaqların beynini “kişi işi”, “qadın işi” deyə vaxtsız və yersiz doldurmaq doğru deyil. Nə kişi bir kərə yemək bişirməklə qadınlaşır, nə qadın bir kərə kişi işi görməklə kişi olur.
Valideynlər oğul övladlarına ev işlərini öyrətməklə onun gələcəkdə evlənməsə də, bu sahədə çətinlikdən qurtarmış olurlar. Tələbə həyatı yaşayan, valideynlərindən uzaqda olan oğlanlar bu sahədə ən yaxşı nümunədir. Yemək bişirən, paltarını yuya, ütüləyə bilən, ev təmizləməyi bacaran kişi olmağın nəyi pisdir?
Lalə Mehralı