GOZ

Göz ətrafında qaralmalar: Xəstəlik, yoxsa normal hal?

Baxış sayı: 1. 180

Gözlərin ətrafında, göz qapaqlarında, ən çox da gözün altında qaralma, tündləşmə halları ilə tez-tez rastlaşırıq. Bunun hansı səbəblərdən olduğunu isə çoxları bilmir.

Tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov bununla bağlı açıqlamasında deyib ki, gözün alt və üst qapağında olan qaralmalar iki qrupa bölünür: Hər hansı xəstəliklə bağlı olanlar və normal olan hallar.

Onun sözlərinə görə, genetik olaraq bəzi insanlarda həmin hissədə piqment çox olur. Ona görə də həmin hissə kənardan qaralmış kimi görünür: “Və ya həmin yer bir az çökək olduğuna görə, reflektor olaraq çökək görünür. Həmin hissəyə çox işıqda baxanda heç bir qaraltı görünməz. Yəni bu, estetik olaraq ortaya çıxan haldır. Bəzi hallarda həmin hissədə dəri çox nazik olduğuna görə, altda olan damarlarən rəngi o hissəni tünd göstərir. Biz bunları patologiya saymırıq. Yəni xəstəlik deyil və müalicə etməyə ehtiyac yoxdur”.

Göz həkimi bildirib ki, amma bəzi hallarda hər hansı bir xəstəlik nəticəsində, məsələn, konyunktivit zamanı ödem əmələ gəlir, maye dolur və rəng dəyişir, tündləşir. Onun sözlərinə görə, dermatitlər-istər allergik, istərsə də neyrodermatitlər, böyrəklərlə bağlı hər hansı problem olanda da göz qapaqlarında tündləşmə yaranır: “Alt qapaqlarda venoz damarlar həddindən artıq çoxdur, çox kiçik mikrokapilyarlarla zəngindir. Ona görə də ödem bir az çoxalan kimi damarlar mayeni sızdırır və ödem çoxalan kimi orda həm şişkinlik, həm də rəng, ton dəyişikliyi yaranır. Çox nadir hallarda isə qanda laxtalanma problemi olanda oradakı kapilyarlar partlayır və o hissəyə qan dolur, ona görə də həmin hissə qaralmış və ya göyərmiş şəkildə görünür”.

Oftalmoloq qeyd edib ki, ikinci qrupa aid hər hansı bir hal varsa, göz həkiminə müraciət olunmalıdır: “Əgər göz həkimi göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını desə, növbəti addım böyrəklə bağlı araşdırma olmalıdır. Böyrəkdə də hər hansı prtoblem olmasa, dermatoloqa müraciət edilə bilər. Göz ətrafında olan qaralmalar göz aiddirsə, oftalmoloqun müalicəsindən sonra onlar aradan qalxır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir