menzil

Daşınmaz əmlak bazarında son durum – Qələbənin də payı var, koronavirusun da

Baxış sayı: 802

2020-ci ilin oktyabrında Bakıda torpaq sahələrinin qiyməti ötən ilin oktyabrı ilə müqayisədə 7,83 faiz bahalaşıb. Bu barədə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyir.

Onun sözlərinə görə, hesabat dövründə kommersiya obyektlərinin qiymətində ötən ilin oktyabrı ilə müqayisədə 0,06 faiz bahalaşma qeydə alınıb. Qiymət artımı bağ evləri və fərdi evlərdə müşahidə olunub. Bazarın bu seqmentində qiymətlər ötən ilin oktyabrı ilə müqayisədə 5,34 faiz artıb.

Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq? – Ekspert qiymətləri açıqlayır – Turkustan.info

Eyni zamanda, oktyabrda obyektlərin icarəsi qiyməti 6,04 faiz ucuzlaşıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda daşınmaz əmlak bazarında dəyişiklik yoxdur: “Ayın 10-da qələbə elan olundu. İndi cüzi bir canlanma var, amma bu hələlik bazarda əksini tapmayıb, kiçik bir canlanmadır”.

Ekspertin sözlərinə görə, bu canlanmaya səbəb daşınmaz əmlak üçün müraciət edənlərin sayının artmasıdır. Ancaq qiymətlər və bazar aktivliyi olduğu kimi qalıb. Və satış həcmində böyük bir dəyişiklik yoxdur.

“Əsas təcili alqı-satqı prosesləridir. Bu proseslərə əsasən təcili pula ehtiyacı olanlar və ya alqı-satqı barədə uzun müddətdir ki, düşünən şəxslər qoşulurlar”, – deyən ekspert vurğulayıb ki, koronavirusun aktivləşməsi ümumi iqtisadi proseslərə təsir edir. Məhz bu səbəbdən də, qiymətlər haqqında hələ ki konkret danışmaq olmaz.

“Dövlətin müəyyən proqramları var. Fikrimcə, işğaldan azad olunmuş ərazilərin, şəhərlərin mütləq olaraq baş planı hazırlanmalıdır”, – deyə o əlavə edir.

Vətəndaşların salındığı “TƏLƏ”: “Mənzilin sahəsi müqavilədə 100 kvadratmetr göstərilsə də…” – VİDEO – Yenicag.Az

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə isə, daşınmaz əmlak bazarında koronavirus başlayandan sonra çox ciddi durğunluq müşahidə edilir.

“Düzdür, yay aylarında torpaq sahələri, fərdi həyət evlərinin satışı sürətləndi və qiymətlərində də artım oldu. Amma qış aylarında nisbətən sakitlik olur”, – deyən Fərzəliyev bildirib ki, mənzillərin satışında əvvəlki illərə nisbətən 50 faizdən çox zəifləmə var.

Onun fikrincə, bu, dövlət ipotekaları, Mənzil İnşaatı Dövlət Agentliyinin satdığı mənzillərə aid deyil.

Ekspert bildirir ki, hazırda az faizli kreditlə satılan mənzillərə tələbat daha çoxdur: “Hazırda Bakı şəhərində daşınmaz əmlak alıcılarının böyük əksəriyyəti təkrar alıcılardır. Yəni adamın evi, gəliri var. Gələn gəlirləri daşınmaz əmlaka yatırır. Yəni alırlar, kirayə verirlər, gəlir götürürlər, lazım olanda onu satırlar”.

Müharibə və pandemiya fonunda daşınmaz əmlak bazarında proseslərin dayandığını vurğulayan ekspert hesab edir ki, hazırda vətəndaşlar gəlirlərini əmlaka yatırtmaqdansa, nağd pul vəsaiti saxlamağa üstünlük verirlər. Bu isə bazara mənfi təsir edir.

E.Fərzəliyev qeyd edir ki, daşınmaz əmlak bazarının xüsusən də yeni tikilən, tikilməkdə olan binaların satışının sürətləndirilməsi üçün sənədləşdirilmə prosesində dəyişiklik olmalıdır. Belə ki, hazırda sənədləşmələr müqavilə üzərindən rəsmiləşdirilir. Əgər çıxarışlar verilərsə, vətəndaşlar uzunmüddətli kreditlərə üstünlük verərək, bank yolu ilə mənzil sahibi ola bilərlər. Bu baxımdan isə ilk növbədə daşınmaz əmlak sahəsini düzəltmək üçün sənədləşmə hissəsi dəyişməlidir.

Daşınmaz əmlak bazarında durğunluq olduğu üçün tikintilərin dayandırıldığını qeyd edən ekspertin fikrincə, tikinti üçün yararlı torpaq sahələrinin də qıt olduğunu deyib.

Mütəxəssis bildirir ki, sənədləşmələrin çətin olması, tikinti üçün yararlı torpaq sahələrinin qıt və baha olması tikinti xərclərini artırır.

“Yəni kimsə bina tikmək istəsə, məcburən bugünkü satış qiymətindən baha satmalıdır. Tikintilər dayanıb, müəyyən vaxtdan sonra tələb təklifi üstələsə, daşınmaz əmlak az olsa, yenidən bahalaşa bilər”, – deyə o əlavə edir.

 

İradə Cəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir