aile

Ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri

Baxış sayı: 1. 224

Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran  məsələ olub. Bu məsələ ilə bağlı Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi vəkil Aqil Layıcovun maraqlı mövqeyini və izahını sizə təqdim edirik.

Vəkil Aqil Layıcov bildirir ki, ailə münasibətlərində ər və arvadın hüquq və vəzifələri özünü əmlak və qeyri-əmlak sferasında büruzə verir. Bu münasibətləri tənzimləyən qaydalar isə ölkələrin inkişaf səviyyəsinə, sosial ehtiyaca görə fərqlənir. Belə ki, sivil ölkələrdə ailə münasibətləri spesifik qanınvericiliklərlə, yəni ailə-nikah qanunvericiliyi ilə tənzimlənir. Daha az inkişaf etmiş cəmiyyətlərdə isə bu münasibətlər icma qaydaları, adət-ənənə ilə tənzimlənir və əksər hallarda bu qaydalar kodeksləşdirilməmiş halda olur. Bu isə gələcəkdə ailə münasibətlərinin məhkəmə müstəvisində deyil icma ağsaqqalları tərəfindən həllinə rəvac verirdi.

Ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir. Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi (pater familias) məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. Klassik Roma sisteminin ilkin çağlarında ailədə hüquq sahibi olan ailə rəisinin uşaqlarını və xanımını baxmaqda öhdəliyinin olmaması görünürdü. Ancaq atanın ailə üzərində hakimiyyəti özünü ataya verilən mütləq hüquq şəklində göstərirdi. Hətta belə demək kobud alınsa da, ailə rəisi olan atalar ailənin digər şəxsləri üzərində mülkiyyət haqqına sahib idilər.  Ailədə əldə edilən bütün əmlak və qeyri-əmlak hüquqları birmənalı şəkildə ərə aid idi.

Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment instutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlmişdir. Ailədə ehtiyac içində olan şəxslərin baxılması üçün aliment öhdəliyi ilk dəfə olaraq məcburi hala imperator Antoninus Pius (138-161-ci illər) tərəfindən verilən əmr ilə əmələ gəlmişdir. İmperatorun əmri ilə aliment öhdəlikləri valideynlərin üzərinə qanunla məcburi vəzifə kimi qoyulmuşdur. Elə bu dövrdən sonra demək olar ki, ailə hüquq münasibətlərində davamlı tərəqqi nəticəsində qadın və kişilərin ailədə bərabər hüquq və vəzifələri əmələ gəlmişdir.

İngiltərədə 1882-ci ilə qədər ər-arvadın mülkiyyəti ümumi hüquqa görə ərə məxsus idi. Hətta nikaha daxil olana qədər arvada məxsus olan əmlak da kişinin mülkiyyəti sayılırdı. İngiltərə parlamenti həmin ildə ərli qadının mülkiyyətinə dair qanun qəbul etdi. Bu qanunla ərli qadınlara həmin mülkiyyətə dair müqavilə bağlamaq və onu vəsiyyət etmək hüququ verildi.

Almaniyada XIX əsrdə nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərini tənzimləmək məqsədilə tətbiq olunurdu. Əgər tərəflər nikah müqaviləsi ilə başqa rejim müəyyən etməzdilərsə, onda istifadə və idarəetmə və yaxud ər-arvadın əmlakının birləşdirilməsi sistemi qanuni sistem kimi müəyyən olunurdu. Bu sistem onunla səciyyələnirdi ki, əmlaka ər-arvadın hər birinin mülkiyyət hüququ saxlanılır; ər ailə əmlakına vahid idarəçiliyi və istifadəni həyata keçirir; arvad öz əmlakı barədə müstəqilliyini saxlayırdı

aile problemi

Əmlak münasibətləri

Əmlakmünasibətlərizamanıər-arvadınhüquqvəvəzifələri, əmlakrejimləraşağıdakıkimidir.

Ailə Məcəlləsi ər-arvadın əmlakının iki rejimini müəyyən edir:

  1. Ər-arvadın əmlakının qanuni rejimi;
  2. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi.

Ər-arvadın əmlakının qanuni rejimində nikah  müddətində qazanılan ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı münasibətlər, habelə ər-arvadın ümumi əmlakının bölünməsi Ailə Məcəlləsinin VII fəslində göstərilmiş qaydalar əsasında həyata keçirilir.

Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə,,istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ərlə arvad arasında əmlak münasibətləri AR Mülki Məcəlləsi ilə yanaşı, AR Ailə Məcəlləsi ilə də tənzimlənir. Həmin məcəllənin 32.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

Göründüyü kimi ölkəmizdə nikah müqavilələrinin bağlanması üçün real imkanlar yeni Ailə Məcəlləsi qəbul olunduqdan sonra yaranıb.

Nikah müqaviləsi və onun məzmunu, bu müqavilənin bağlanması, dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 38-40-cı maddələrində nəzərdə tutulmuşdur.

Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bu müqavilə bağlanarkən sazişin qanuniliyinə xələl gətirə biləcək amillər – tərəflərin fəaliyyət qabiliyyətsizliyi, onların azad iradə ifadəsini məhdudlaşdıran hallar, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar yoxlanılmalı və nikah müqaviləsinin bağlanma qaydasına ciddi riayət olunmalıdır. Nikah müqaviləsinin mülki qanunvericilikdə təsbit olunmuş əsaslar və qaydalar üzrə bağlanması ilə yanaşı, onun dəyişdirilməsi və xitamı məsələləri də Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun şəkildə həll olunur. Bununla belə nikah müqaviləsi Ailə Məcəlləsində öz əksini tapmış mülki müqavilələrdən fərqli olan müəyyən spesifik əlamətlərə malikdir. Bu müqavilənin səciyyəvi xüsusiyyəti onun subyekt tərkibi, bağlanma tarixi, müqavilənin predmeti və məzmunu ilə bağlıdır.

Bu məqamda xüsusilə qeydetmək lazımdır ki, ailə münasibətlərində ər-arvadın əmlak xarakterli hüquq və vəzifələrini müəyyən edən saziş digər şəxslərin hüquq və azadlıqlarına toxunmamalı, əlaxüsus bu müqavilədə uşağın mənafeyinə xələl gətirəcək hər hansı bir maddə olmamlıdır. Əks halda həmin maddə mübahisələndirilib etibarsız hala gətirilə bilər. AR Mülki qanunvericiliyində müqavilə azadlığı prinsipi dövlət və ictimai təhlükəsizliyin və digər şəxslərin müdafiəsi üçün məhdudlaşdırıla bilir.Məhz bu konteksdən də ailə münasibətləri çərçivəsində bağlanan saziş digər şəxslərin və uşaqların haqlı mənafeləri üçün məhdudlaşdırılabilər.

Bundan əlavə valideynlər uşaqların maddi təminatını təmin etməyə borcludurlar. Ər-arvadın bu öhdəliyi beynəlxalq və daxili qanunvericiliklə uşaqların mənafelərinin üstün mühafizəsindən irəli gəlir. Bu vəzifələrin həyata keçirilməməsi dövlət tərəfindən uşağın hüquqlarının müdafiəsininin hisara alınması ilə nəticələnə bilər.Bu zaman isə valideynlər üzərinə qarşılıqlı olaraq öhdəliklərinin yerinəyetirilməsi vəzifəsi məcburən qoyula bilər. Həmçinin qeyd olunmalıdır ki, darda olan ər-arvad qarşı tərəfdən maddi yardım almağa hüququ vardır. Bu hüquqlar nikah münasibətlərinə xitam verildikdən sonra da səciyyəvi xüsusiyyətlərinə görə saxlanıla bilər.

aile

Qeyri-əmlakmünasibətləri

Bildiyimiz kimi ailə könüllülük və sevgi əsasında yaranan ittifaqdır.Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

Ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə aşağıdakılardır. Bu isə özünü ailə münasibətləri zamanı qeyro-əmlak öhdəlik və tələbləri kimi qarşımıza çıxır.

-ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;

– ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;

– ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;

– ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;

– ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;

– uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

aile

Yuxarıda qeyd olunan prinsipləri təfsir etməli olsaq bu bir məqaləyə yerləşəcək qədər qısa mövzu deyil. Məhz buna görə də ər-arvadın ailə daxili qarşılıqlı öhdəliklərinə geniş şəkildə nəzərə yetirmədən bu günümüz üçün aktual olan və ailə münasibətlərinin xitamına səbəb olan ailənin qeyri-maddi öhdəlik/hüquq sferasına daxil olan bəzi prinsiplərə toxunmaqda fayda vardır. Vəkil kimi müşahidələrimdə və praktikamda daha çox ailə münasibətlərinə xitam məhz ər-arvadın qeyri- maddi öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən baş verməsi halı ilə rastlaşıram. Bəlkə də maddi öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar dağılan ailələr sayılacaq qədər azdır. Daha çox ailələr ər-arvad diqqətsizliyi, sevgi və qayğının olmaması, cinsi ehtiyacların qarşılanmaması, valideynlik hüquqlarının həyata keçirilməməsi, uşaqlara və ailəyə biganə qalması, ər-arvadın zərərli vərdişlərininn olması, ailə daxili xoşbəxliyin olmaması, qeyri-etik davranışlar, ünsiyyətin çətin olması, dünya görüşləri arasındakı fərqlilik, şiddətə məruz qalma, hədsiz qısqanclıq, dedi-qodu, ər-arvadın valideynlərinin ailənin məsələlərinə mütəmadi müdaxiləsi, sosial-mədəni sahədə olan fəqrliliklər, tərəflərin bir birinin azadlığına müdaxiləsi və sair kimi faktorlar səbəbindən dağılır.

Dövlət şəxslərin ailə qurmasını öz islahatları ilə təşviq etməli, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq və vəzifələrinin həyata keçirməsinə nəzarət etməli zərurət olduqda isə yardım və hüquqlara məhdudlardılıması yönündə adekvat və proporsional müdaxilə etməlidir. Dövlətin bu ali hüquq və vəzifələri AR Konstitusiyasından irəli gəlir. Belə ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər (17-ci maddə). Həmçinin AR Konstitusiyasının 38-ci maddəsinə əsasən ailə ehtiyaclarını qarşılamaq ilk öncə ailə üzvlərini borcudur. Əgər ailə üzvləri maddi öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə dövlət öz sosial yardımı ilə ailəyə yardım edir.

Yuxarıda qeyd etdiyimiz kimi ailələrin davamlılığına mənfi təsir edən halların əksəriyyəti qeyri maddi faktorlarla əlaqəlidir. Bu isə özünü ər-arvadın qeyri-maddi öhdəliklərinin yerinə yetirməməsində və qarşı tərəfi bu hüquqdan məhrum etməsində göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir