kosmeologiya

Əvvəldən nə idi hüsnü-camalı… və ya ucuz iynə ilə burun itirənlər

Baxış sayı: 1. 309

Son vaxtlar sosial şəbəkələrdə burunun formasının əməliyyatsız dəyişdirilməsi ilə bağlı kosmetoloji xidmətlər təklif olunur. Burun korreksiyası adlanan bu xidmətə tələbat, demək olar ki, xeyli yüksəkdir. Rinoplastika əməliyyatı etdirməyə maddi imkanları olmayan və buna risk etməyən şəxslər kosmetoloqlara üz tutaraq burunlarını korreksiya etdirirlər. Bu kosmetoloji xidmətə günü-gündən artan maraq fəsadları ilə bağlı şikayətləri də artırıb. Sosial şəbəkələrdə burun korreksiyasından sonra burun nayihəsi nekrozlasan qadınların çoxsaylı şəkilləri yayılır. Onlar kosmetoloqlar tərəfindən burun korreksiyası etdirdikdən sonra burunlarının çürüdüyündən şikayətlənirlər. Mövzunun aktuallığını nəzərə alaraq bu sahədə tanınmış kosmetoloq, Ay VİP Studionun direktoru Aytac Əsədova ilə söhbətləşdik.

 

– Aytac xanım, son vaxtlar burun korreksiyası bir növ dəbə düşüb. Bu kosmetoloji xidmətdən yararlananlar arasında burnunun çürüməsindən şikayətlənənlər də az deyil. Bu kosmetoloji xidmət və onun fəsadları haqqında oxucularımıza məlumat verərdiniz…

– Bu aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Öncə qeyd edim ki, burun korreksiyası adlandırdığımız kosmetoloji xidmətə tələbat, doğrudan da çoxdur. Gün ərzində biz bəzən 20 belə şəxs qəbul edirik. Onlar arasında təkcə burnunun görünüşündə dəyişiklik etmək istəyənlər yox, rinoplastik əməliyyata müraciət edənlər də var. Bəzən rinoplastik əməliyyat etdirəndən sonra burnun ucunda sallanma olur. Ona görə də, xüsusilə xanımlar kosmetoloqlara müraciət edib burunlarında yaranmış bu qüsurları aradan qaldırmaq üçün burun korreksiyası etdirirlər. Amma qeyd etdiyiniz kimi, bu heç də hər kəsdə uğurlu alınmır. Hətta deyərdim ki, bəzən çox böyük fəsadlara, burnun nekrozlaşmasına gətirib çıxardır.

 

– Burun korreksiyası zamanı nekrozlaşmaya səbəb olan amil nədir?

– Qeyd etdiyim kimi, burnun formasında dəyişiklik üçün müxtəlif nayihələrə gel vurulur. Bəzən insanlar buna adi kosmetoloji xidmət kimi yanaşırlar. Amma əslində bu çox böyük peşəkarlıq tələb edən kosmetik xidmətdir. Mən öz tələbələrimə də deyirəm ki, burun korreksiyası və işıq dolğusu sizin ən sonda edəcəyiniz iş olmalıdır. Çox təəssüf ki, üz anatomiyasından xəbərdar olmayan, iynə vurmağı bacarmayan şəxslər bu gün kosmetoloq həkim kimi fəaliyyət göstərirlər. Əzələyə iynə vurmağı bacarmayan insanın çox sayda damarın keçdiyi burun nayihəsinə iynə vurması çox təhlükəlidir. Onlar iynəni buruna vurarkən müəyyən tibbi prosedurlara əməl etməlidirlər. İynə buruna yeridildikdən sonra geri çəkilməlidir. Biz şprisin burunda damara düşmədiyinə əmin olmalıyıq. Naşı kosmetoloqlar bunu bilmirlər. Onlar şprisin içindəki geli buruna yeridirlər. Bu zaman həmin gel damara daxil olur. Beləcə damarda qanın dövr etməsinin qarşısını alır. Qan həmin nayihədə damarda dövr edə bilmədiyindən, qarşısı tıxandığından həmin yerdə tədricən göyərmə, nekrozlaşma, el arasında dediyimiz çürümə baş verir.

kasmetoloq aytac esedova

– Dediklərinizdən belə bəlli olur ki, bu əslində çox riskli bir kosmetik xidmətdir. Bəs bunun müalicəsi mümkündürmü?

– Əlbəttə ki, mümkündür. Amma vaxtında müraciət etmədikdə çox böyük fəsadlar verə bilər. Biz öncə müalicə edərək burun damarına vurulmuş o geli əridib damardan kənarlaşdırmalıyıq. Əks halda çürümənin qarşısını almaq çətin olar.

 

– Bu xidmətdən yararlanan qadınlara bir peşəkar kimi nə tövsiyə edərdiniz?

– İlk tövsiyəm odur ki, burun korreksiyası ilə bağlı müraciət etdikdə kosmetoloqun peşəkarlığına əmin olsunlar. Bu gün müxtəlif kosmetoloqlar öz Instagram səhifələrində qüsursuz burunları fotoşopla düzəldərək öz əl işləri kimi səhifələrdə yayırlar. Bu şəkilləri görən qadınlar hesab edirlər ki, bu qüsursuz burun onların əl işləridir. Beləcə, aldanaraq burun korreksiyası etdirirlər. Bu zaman fəsadlar ortaya çıxır.

– Burun korreksiyası üçün kosmetoloq hansı biliklərə malik olmaldır?

– İlk növbədə kosmetoloqun mütləq şəkildə tibbi təhsili olmalıdır. Dünən dırnaq qaynaq edənlər, lazer edənlər burun korreksiyası xidməti təklif edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Kosmetoloq hansısa sertifikatı alıbsa, bu onun peşəkarlığına dəlalət etmir. Kosmetoloq həkim kimi fəaliyyət göstərənlərin mütləq şəkildə tibbi biliyi olmalıdır. Bu bilikləri olmasa, onlar, əlbəttə ki, iynəni üzün hansı nahiyəsindən vurmağın fəsadlara səbəb olacağını bilməyəcəklər. Çox təəssüf ki, bu gün adi evdar qadınlar da işsizlik problemlərini həll etmək üçün kosmetoloq kimi fəaliyyət göstərirlər. Bu da qeyd etdiyiniz fəsadların yaranmasına gətirib çıxarır.

 

– Müasir dövrümüzdə xanımlara göstərilən kosmetik xidmətlərin çeşidi günü-gündən artır. Gözəlləşmək üçün bu yenilikləri sınaqdan keçirənlər arasında arzusuna çatanlar da olur, əks effekt görənlər də. Bu gün ən çox fəsadlar hansı kosmetik xidmətlər zamanı baş verir?

– Dolğulardan istifadəyə günümüzdə tələbat yüksəkdir. Amma çalışmalıyıq ki, istifadə edilən kosmetik məhsullar keyfiyyətli olsun. Biz Səhiyyə Nazirliyinin yoxlamasından keçən kosmetik vasitələrdən yararlanırıq. Bəzən bizim mərkəzin qapısını döyüb aşağı qiymətə müxtəlif kosmetoloji məhsullar təklif edənlər olur. Amma biz onları qəbul etmirik. Bu məsələ həm də kosmetoloqun insafına bağlı məsələdir. Çox arzu edərdim ki, bu məsələyə aidiyyatı qurumlar tərəfindən nəzarət artırılsın. Tibbi təhsili olmayanların kosmetoloq kimi fəaliyyətinə icazə verilməməlidir. Bu zaman biz kosmetik xidmətlərlə bağlı fəsadlara, şikayətlərə də az rast gələrik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir