Fexri Agayev

Müvəffəqiyyət nədir? – FƏXRİ AĞAYEV YAZIR

Baxış sayı: 1. 114

Müvəffəqiyyətli insanları görəndə beynimizdəki ilk reaksiya budur – rahatdırlar, şıx, baxımlı, dik, özlərinə güvənən, hərəkətləri azad və sərbəst. Və bu insanlara baxanda müvəffəqiyyətin olduqca əl çatan, rahat bir hal olduğunu düşünürsən. Yetər ki, başlayım – ən qısa zamanda mən də belə olacağam deyə fikri yaranır.

Əslində, uğurlu insanlarda görülən bütün rahatlıq, gülərüzlülük, sərbəstlik səhnədə olan məqamlardır. Səhnənin arxası və gündəlik reallıq fərqlidir.

İstənilən sahədə müvəffəqiyyəti səhv dəyərləndirəndə və rahat əldə edilə biləcək məsələ kimi görəndə, insan çox qısa zamanda ruhdan düşür və özünə olan inamı azalır.

Bir dağa çıxmadan öncə orada bizi gözləyən yüksəklikləri, çətinlik və maneələri öncədən nə qədər doğru dəyərləndirsək, dağın zirvəsinə çıxmaq o qədər rahat olacaq.

Müvəffəqiyyətli olmaq üçün möcüzə gözləyirik. Tələsirik. Səbirsizlənirik.

İngiliscə öyrənmək… Hamı Elmlərdə olan o müəllimi axtarır. Deyirlər ki, üç ayda ingiliscə öyrədir. Hələ də o müəllimi görən olmayıb – amma hamı onu axtarır ki, möcüzə yaratsın, oturub ona baxdığımız halda ingiliscə öyrətsin bizə.

İdman… Fevral ayında arıqlamaq istəyirik ki, iyunda dənizə girəndə “hava ataq”.

İdman zallarında insanlar qalın geyinirlər, bağırsaqları təmizləyən və eyni anda dağıdan çayları içirlər ki, çox da zəhmət çəkmədən nəticə əldə etsinlər. Yenə qısa yol və möcüzə axtarışı. Və bilgisizlik.

Liderlik… “Fəxri müəllim, mənə bir kitab deyin ki, oradan liderliyi öyrənim”. Əzizlərim… Yoxdur elə kitab. O kitab yazılmayıb və bundan sonra da yazılmayacaq. Liderliyi 250 səhifədə öyrədəcək kitab hələ yazılmayıb.

Karyera qurmaqmı? Mən ali təhsilliyəm, sıfırdan işə başlaya bilmərəm. Ölkəmizdə hər kəs ən qısa zamanda müdir olmaq istəyir.

 

Beləliklə, MÜVƏFFƏQİYYƏT NƏDİR?

MÜVƏFFƏQİYYƏT SADƏDİR – amma yüngül deyil.

Karyera və peşəkar inkişaf üçün ingiliscə öyrənmək lazımdır. İngiliscə öyrənmək üçün hər gün 20 söz əzbərləmək, kursa getmək lazımdır. Çox sadədir və hər kəs bilir.

Sağlam olmaq üçün həftədə ən az 3 dəfə idmanla məşğul olmaq lazımdır.

Sağlam olmaq üçün doğru qidalanmaq və zərərli içkilərdən, vərdişlərdən uzaq olmaq lazımdır. Zərərli-faydalı yeməklərin və içkilərin nə olduğunu hamı bilir. Qazlı, şirəli suların, fast-food-un, ağır yeməyin zərərlərini bilirik. Çox sadədir.

Məsələ budur ki, sadə olmasına baxmayaraq, yüngül deyil, çünki bu bildiklərimizi hər gün, hər həftə davamlı şəkildə icra etməliyik.

Müvəffəqiyyət mürəkkəb deyil – sadədir və vacib olan, hər gün bildiyimiz bütün sadə işləri etməkdir: gündən-günə, stabil şəkildə.

 

MÜVƏFFƏQİYYƏT SEÇİMDİR

Bu sətirləri oxuyan hər birimiz, hər gün etdiyimiz seçimlərlə 5 il sonra harda, necə, hansı şəraitdə və kimlərlə olacağımıza özümüz qərar veririk.

Siz və ancaq siz özünüz qərar verirsiniz ki, hər gün bir saat zamanınızı boş yerə xərcləyərək axşam televizoramı baxasınız, və ya kitabmı oxuyasınız.

Siz və ancaq siz özünüz qərar verirsiniz ki, həftədə 3 dəfə idmana zaman ayırasınız və ya siqaret çəkəsiniz.

Hər bir insan özü qərar verir ki, xarici dil öyrənsin və buna zaman, enerji və vəsait ayırsın, ya yox.

Amma bir həqiqət var – hər birimiz gələcəkdə bu gün etdiyimiz seçimlərin hesabını ödəyəcəyik və ya mükafatını alacağıq.

Hər gün bir saat televizora baxmaq ilk baxışda çox da böyük bir zaman xərci kimi görünməsə də, bunun yerinə hər gün bir saat kitab oxuyan və oxumayan insanlar arasında bir neçə il sonra uçurumlar qədər fərq olacaq – danışıq və düşüncə tərzləri, təqdimat bacarığı, söz ehtiyatı, biliklərin və savadın dərinliyi və genişliyi baxımından.

Hər gün biz yüzlərlə fərqli mövzularda seçimlər edirik və bu seçimlərimizlə irəli və ya geri addım atırıq. Seçimləri biz edirik – məsuliyyət də bizimdir.

 

MÜVƏFFƏQİYYƏT ÖZÜNƏ İNANMAQDIR.

Bəzən isə, ANCAQ özünə inanmaqdır, çünki ətrafımızda olan insanlar hər zaman bizi doğru anlamazlar və bəzən də bizi müxtəlif səbəblərlə tərk edərlər.

Ətrafda hər kəs “alınmayacaq” desə belə, insan özünə inanmalıdır.

Ətrafda hər kəs inadkarlığına görə tənqid etsə belə, insan özünə inanmalıdır.

Ətrafda “qeyri-realdır” və “mümkün deyil” deyəndə belə, insan özünə inanmalıdır.

Sonunda isə alınanda hər kəs “bəxti gətirmiş” kimi baxacaq.

 

MÜVƏFFƏQİYYƏT BİLİKDİR.

Natiqlik və danışıq bacarığı haqqında biliklərin olmadığı zaman bir insan nə qədər doğru və təsiredici, effektiv çıxış edə bilər?

Şüuraltı liderlik və özgüvən haqqında mesajların verilməsi barədə biliklər olmadan insan özünü cəmiyyətdə lider olaraq təsdiqləyə bilərmi?

Ünsiyyət bacarıqları olmayan bir insan komanda və iş yoldaşları, müştəriləri, rəhbəri, tabeçiliyində olan əməkdaşları ilə doğru kommunikasiya qurmursa, o, necə uğurlu karyera sahibi ola bilər?

Qidalanma haqqında bəsit qaydalar və idman zalında vacib hərəkətlərin texnikasını bilmədən insan nə qədər sağlam və güclü ola bilər?

Müştərilərlə doğru ünsiyyətin qurulmasını bilməyən, idarəçilik tərzləri, bədən dili, liderlik, şirkətlərin və məhsulların həyat siklləri haqqında məlumatı olmayan insan nə qədər uğurlu idarəçi və rəhbər ola bilər?

Müvəffəqiyyət mütləq şəkildə ÖNCƏ bilikdir və daha sonra isə əldə etdiyimiz biliklərin icrasıdır. Amma öncə bilikdir.

 

MÜVƏFFƏQİYYƏT UĞURSUZLUQLARLA DOLU BİR YOLDUR.

Uğurlu insanlar bəxtə, şansa görə deyil, uğursuzluqlara, maneələrə rəğmən irəliyə gedə bilənlərdir.

Uğur uğursuzluqlara baxmayaraq yola davam edə bilməkdir.

Uğur bəzən ruhdan tamamən düşdüyünüz halda belə yola davam etməkdir.

Uğursuzluq uğur yolunun ayrılmaz və vacib parçasıdır.

Məhz uğursuzluqlara qarşı yanaşma müvəffəqiyyətli və müvəffəqiyyətsiz insanlar arasında əsas fərqdir: müvəffəqiyyətli insanlar uğursuzluq baş verəndə durmurlar, uğursuzluq səbəbini araşdıraraq, daha sonra təkrar yollarına davam edirlər və beləliklə daha da güclü olurlar; müvəffəqiyyətsiz insanlar isə təslim olurlar və daha sonra qismət və öz bəxtlərindən şikayət edirlər. Tanınmış bütün dahi və müvəffəqiyyətləri bilinən insanlar – siyasətçilər, idmançılar, iş adamları eyni anda həm də böyük uğursuz insanlar olublar. Ancaq onlar təslim olmayıblar və yollarına davam ediblər.

 

MÜVƏFFƏQİYYƏT, UZUN YOLDUR.

Heç bir sahədə müvəffəqiyyətin qısa yolu olmur.

Heç kim xarici dili üç ayda öyrənə bilməz. Xarici dili yaxşı bilən bir insan olaraq bunu yazıram.

Heç kim fevraldan yay aylarında qədər fit görünəcək şəkildə bədənini toparlaya bilməz. İllərdir idmanla məşğul olan insan kimi bunu yazıram.

Heç kim bir ildə müdir ola bilməz – bilik və savadı ilə işin haqqını verən müdir. Karyerasını sıfırdan rəhbər vəzifələrə qədər quran bir insan olaraq bunu yazıram.

Liderliyi, nitqi, idarəçiliyi bir kitab oxumaqla öyrənmək olmaz. İnsan bunları öyrənməli, oxumalı, araşdırmalı, görməli, etməli, səhvlər etməli və illər sonra bu və digər məqamlar insanın qanına oturur.

 

MÜVƏFFƏQİYYƏT, uzun yolu kiçik addımlarla irəliyə getmək deməkdir.

Uzun yol olmaqla bərabər, biz bu uzun yolu kiçik addımlarla daim getməliyik.

Hər gün 30 dəqiqə kitab oxumaq, bir gündə 20 səhifə, bir ayda 2 kitab, bir ildə 24 kitab deməkdir.

Hər gün xarici dildə 10 söz əzbərləmək ayda 300, ildə isə 3600 söz deməkdir.

Hər gün 20 dəqiqə zaman ayıraraq iki məqalə oxumaq, ayda 60, ildə 720 məqalə deməkdir. Təsəvvür edin – 720 fərqli müəllifin, peşəkarın, mütəxəssisin 720 fərqli mövzularda düşüncə və fikirləri.

Sıçrayış gözləməyin. Sıçrayış təhlükəlidir. İnsan getdiyi uzun yolun hər addımını etməli, və etdikdən sonra da həzm etməlidir.

Toxum dövründə yaşayırıq.

Gələcək uğurlarınız, bu gün atdığınız toxumların nəticələri olacaq.

Hər oxuduğunuz kitab, hər idmanda etdyiniz hərəkət, hər yaxşılıq etdiyiniz və dəstək olduğunuz insan, inkişafınız və sağlamlığınız üçün xərclədiyiniz hər dəqiqə və hər saat gələcəkdəki uğurlarınızın toxumlarıdır.

Hər gün axşam özünüzə sual verin – gələcək uğurlarım üçün bu gün, keçən 24 saatda mən hansı işləri etmişəm? Gələcəyim üçün hansı toxumları əkmişəm?

 

MÜVƏFFƏQİYYƏT BƏXT GÖZLƏMƏDƏN MÖVCUD ŞƏRTLƏRDƏN İSTİFADƏ ETMƏKDİR

– Kifayət qədər zamanım olsaydı…

– Yaxşı müəllimlər olsaydı…

– Bu qədər çox yorulmasaydım…

– Ailəm mənə dəstək olsaydı…

UGUR

Biz daim ideal zaman axtarışındayıq – sağlamlığımız, ailəmiz, dostlarımız, inkişafımız üçün, amma nədənsə, bu ideal zamanı tapmaq mümkün olmur. Tam əminliklə iddia edirəm ki, həyatda ideal şərtlər və zaman olmur.

Biz hər zaman ya çox gənc, ya yaşlı oluruq, ya da çox yorğun. Nə isə bizə həmişə mane olur.

İdeal zaman axtarışlarını mən qayaya dırmanma idmanına bənzədirəm.

İki nəfər qaya qarşısında duran insan düşünün. Qayanın üst hissəsində müvəffəqiyyət var – o üst hissədə insan yuxarıdan bütün gözəllikləri seyr edə bilər.

Bu insanlardan biri durur qayanın önündə, baxır və deyir ki, yox, mən qayaya çıxa bilmərəm. Mənə ideal şərait lazımdır – pilləkənlər, mən zamanında istirahət etməliyəm, mənə dəstək lazımdır və ümumiyyətlə, mən bu qayada əllərimi də yaralaya bilərəm.

Digər insan isə qayaya baxır və anlayır ki, müvəffəqiyyət əldə etməyin digər yolu yoxdur. Qaya – onun müvəffəqiyyətə doğru olan yeganə yoludur və buna görə də mövcud şəraitə uyğun davranmaq qərarı alır və qayanı diqqətlə incələyir. Bir çıxıntı görür – tutur əli ilə və özünü çəkir yuxarı. Digər əliylə daşdan tutur və bir az daha dartınır yuxarıya doğru; ayağını bir kiçik qaya parçasına qoyur və bir az daha üst tərəfə çıxır. Beləliklə, çıxıntılardan, daşlardan, parçalardan tutaraq, əllərini yaralayaraq, dırnaqlarını qanadaraq böyük səbir və zəhmətlə yuxarı çıxır və müvəffəqiyyət əldə edir.

Aşağıda qalıb ideal şərtlər gözləyən insan isə nə deyir? Yuxarıda olanı göstərir və deyir ki: “Onun bəxti gətirdi”.

Bu gün vaxtını boş və mənasız işlər içində keçirən və gələcəyi üçün kiçik olsa da, addımlar atmayan, bütün gününü mənasız işlər və kiçik zövqlərə ayıran insanlar 5 il sonra BƏXTİNDƏN narazıçılıq edəcək və zəhmət çəkib məqsədlərinə çatanlar üçün isə “bəxti gətirdi” deyirlər.

Bəxt yoxdur. Böyük məqsədlər, zəhmət, əzmkarlıq, iradə güc və nizam-intizam var.

 

MÜVƏFFƏQİYYƏT ƏLDƏ ETDYİMİZ NAİLİYYƏTLƏRİN HAQQINI VERMƏKDİR

Əgər ingiliscə səlis danışmaq üçün bir insan 5000 söz bilməlidirsə, o 5000 sözü şəxsən insan özü öyrənməlidr. Heç bir müəllim fleşkaya 5000 sözü yazıb beynimizə taxmayacaq.

Əgər fit bədən istəyirsinizsə, idman zalında aylarla və illərlə şəxsən insan özü tər tökməli, idman etməli… Bunun başqa da yolu yoxdur.

Karyera yüksəlişi istəyən insan bilik və təcrübə toplamalıdır – oxumalı, öyrənməli, araşdırmalı, görməli, tətbiq etməli, ruhdan düşməməli, mübarizə aparmalı. Ancaq özü.

MÜVƏFFƏQİYYƏT KOMPLEKS VƏ BÜTÖV OLUR

Ancaq biliklə karyera qurmaq olmur. Ancaq təcrübə ilə də qurmaq olmur. Ancaq doğru nitq və gözəl danışıqla da olmaz.

 

Karyera qurmaq üçün insan

– bilikli olmalı və daim biliklərini yeniləməli;

– təcrübə toplamalı və yeni təcrübələri öyrənməli;

– öz fikir, düşüncə, nailiyyət və etdiklərini doğru şəkildə təqdim etməyi bacarmalı;

– psixoloji güclü olmalıdır ki, nailiyyətlərini qorusun və uğursuzluq halında ruhdan düşməsin.

– peşəkar çevrəsi olmalı və peşəkarlar içində mütəxəssis olaraq tanınmalı və qəbul edilməli.

Bunlardan ANCAQ birinin olması müvəffəqiyyət üçün kifayət etmir – hamısı bir insanda doğru nisbətdə olmaldır.

Hər kəsə müvəffəqiyyətli olmağı arzu edirəm!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir