zorakiliq

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

Baxış sayı: 1. 145

Müasirlik trendləri, o cümlədən sosiomədəni trendləri də sevir. Trendlər bitib-tükənməyən söhbətlərin, dedi-qoduların, hətta elmi müzakirələrin mövzularına çevrilib. Məsələn, ağlıma ilk gələn, hamının tez-tez eşitdiyi aktual mövzulardan bir neçəsi: gender, mühacirət, mümkün olan bütün azlıqların hüquqları, təkcə dini inancı yox, cinsi indentifikasiyanı da seçmək hüququ; tutaq ki, sizə kişi, ya da qadın kimi doğulmaq qismət olub və bu, sizi çox məyus eləyir. Amma bu karma ədalətsizliyinə ömrünüz boyu dözməyə məcbur deyilsiniz, – cərrahi əməliyyat elə və ömrünün qalanını xoşbəxt yaşa.

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimiHazırda gender zorakılığı mövzusu dəbdədir. Sadəcə gender zəminində qətllər yox, sözün ən geniş mənasında zorakılıq – məişətdə birbaşa fiziki zərbələrdən tutmuş, qaydaları “təcavüzkar” tərəfindən sırınan incə seksual oyunlara qədər. “Təcavüzkar” – deyəndə, adətən, brutal kişi yada düşür, ancaq hərdən füsunkar “təcavüzkar xanımlar” da tapılır, məsələn, balaca, məsum oğlanları seksə təhrik eləyən gənc məktəb müəllimələri kimi. Lakin buna çox nadir hallarda rast gəlinir və mediada kişilərlə bağlı çıxan daha hay-küylü və daha təsirli hadisələrin fonunda belə heyrətamiz əhvalatlara diqqət yetirilmir.

Belə qalmaqallardan ən hay-küylüsü mədəni və mənəvi “süqut” epopeyası – Hollivudun akulalarından biri, qüdrətli və nüfuzlu prodüser Harvi Vaynşteynin alçaldılması, psixoloji məhvi idi. Vaynşteynin, bir yığın gözəl hollivud aktrisalarını yatağa salmış ehtiyatsız seksual çempion olduğu üzə çıxmışdı. Onu açıq şəkildə təqsirləndirdilər, bütün vəzifələrindən qovdular, rüsvay elədilər. Həyat yoldaşı ondan ayrıldı, şirkəti iflasa uğradı, özü isə cinayət məsuliyyətinə cəlb olundu. Burda məsələ özünəarxayın, bəxtsiz prodüserin günahının böyük, ya da kiçik olmasında deyil. Məsələ ondadır ki, seksual qısnama cinayətdir, vəssalam. Fərqi yoxdur, aktrisalar onunla öz tamahkarlıqları ucbatından, karyera maraqları xətrinə, çoxbüdcəli filmdə yaxşı rol almaq üçün könüllü yatıblar, yoxsa sözügedən kişi tərəfindən, həqiqətən, təzyiqə məruz qalıblar. Burda ən əsası – məhz, qısnamada ittiham olunmaqdır, ondan qurtulmaq o qədər də asan deyil, xüsusən də, əgər səni bir, ya da iki yox, bır yığın məşhur aktrisa ittiham edirsə, ardınca onlara “qəflətən” ayılmış, sən demə (İşə bax a!), nə vaxtsa bu şəhvətpərəst donuzla yatdıqlarını “gözlənilmədən” və hiyləgərcəsinə xatırlamış başqa gözəllər də qoşulursa…

O vaxt Vaynşteyn mövzusu inanılmaz sosial effekt doğurmuşdu. “Me Too” (“məni də”, yəni “məni də alçaldıcı şəkildə qayırıblar” anlamında) kütləvi hərəkatı yarandı, çoxsayda qadın – təcavüz qurbanları müxtəlif nüfuzlu, ictimai kişiləri qısnamada ittiham etməyə başladı. Bu hərəkat mahiyyətcə ən adi qaralama kampaniyasına bənzəyirdi. Günahkarlardan çoxu əməlli-başlı zərər gördülər – onlar ictimai fəaliyyətlərini dayandırmağa, tutduqları vəzifələri tərk etməyə, yerin altına girməyə, uzun sözün qısası, medial sahədən itməyə məcbur qaldılar. Ki, bu onların bir çoxu üçün məhvə bərabər idi, zira müasirlik, az qala, hamını inandırıb ki, əgər siz KİV-in diqqət işıqları sizin üzərinizə düşmürsə, sözün hərfi mənasında, mövcud deyilsiniz.

Diqqətəlayiqdir ki, bu faktlar da, “Me too” hərəkatının özü də, məhz, ABŞ-da –ifrat puritanlığı, zahiri sərt qaydaları və əxlaq kodeksi ilə məşhur olan ölkədə yaranmışdı. Yadımdadır ki, hələ 2000-lərin əvvəllərində Amerikaya ilk səfərim qabağı bir neçə il ştatlarda işləmiş tanışım mənə dostyana xəbərdarlıq eləmişdi: “Tanımadığın qadınlarla tək qalmamağa çalış – məsələn, liftdə – nə olar, nə olmaz, bir də gördün, səni ona sataşmaqda ittiham elədi, ömrün boyu canını qutara bilməzsən…”

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

Amma, məsələn, Fransada – coşğun ehtiraslar, nəzakətli donjuanlar, virtuoz kurtizanlar və qeyri-adi sevgi əhvalatlarının spermatik ölkəsində bu hərəkat irəliləmədi: başda müdrik Ketrin Denöv olmaqla yüz məşhur fransız qadın #MeToo-nu “yeni puritanlıq” adlandırdılar və kişiləri flirt haqqından məhrum etməməyə səslədilər. Bax, bu, çox maraqlıdır! Həqiqətən də, tərkibinə psixoloji təzyiq oyunu elementləri daxil olan ən adi flirt çox asanlıqla yolverilməz qısnamanı xatırlada bilər və adamın həyatını məhv eləyər.

Amma, tutaq ki, bütün bunlar qızıl milyardlıq “sivil ölkələrdə” baş verir. Bəs bizdə, üçüncü dünya ölkələrində vəziyyət necədir? Təbii ki, bizdə elə antifallos, hətta fallos düşmənçiliyi sərgiləyən şou-hərəkatlar yoxdur. Əvəzində zaman-zaman gender zəminində birbaşa fiziki zorakılıq faktları üzə çıxır. Bir sözlə, bədbəxt və xoşagəlməz hadisələrin mərkəzində, demək olar ki, həmişə qadın dayanır. Əfsus ki, bu, həqiqətdir. Zorakılığın qurbanı olan qadın. Yerli feministlər və onlara empatiya duyan hər iki cinsin nümayəndələri mütəmadi olaraq hüquq müdafiəsi ilə bağlı bu mövzunu – hələ də çox-çox geridəqalmış, patriarxal bir cəmiyyətdə yolverilməz “oyun qaydaları”, öz hüquqları uğrunda mübarizə aparan qadınların kifayət qədər azad və cəsarətli olmaması və s və i.mövzuları gündəmə gətirirlər. Amma məsələ bunda deyil.

Bu işin “onlarda” və “bizdə” necə baş verdiyini müqayisə etmək indi ən son istədiyim şeydir. Çünki qlobal MÜASİRLİYİN fonunda heç bir “onlarda” və “bizdə” mövcud deyil. Elə birinci, ikinci, üçüncü dünya ölkələri də mövcud deyil. Müasirlik hamını öz hərtərəfli sekulyar paradiqmasında basdırıb. Ən vacib məsələ budur. O ki qaldı fərqlərin təfərrüatlarına, onlar bu məqalənin kontekstində önəmsizdir.

Hə, deməli, bu qlobal və universal müasirlikdə adına cinsi aqressiya dediyimiz bir hal müşahidə olunur. O, sözün hərfi mənasında, müasir sivilizasiyanın bütün atmosferinə yayılıb. Cinsi aqressiya özünü müxtəlif formalarda və müxtəlif səviyyələrdə büruzə verir – amerika məktəblərində zavallı uşaqların hansısa manyak tərəfindən güllələnməsindən, seksual təcavüzdən, norveçli milliyyətçi Andres Breyvikin 77 insanı qətlə yetirməsindən, lokal hərbi münaqişələrdə aparılan etnik təmizləmələrdən tutmuş açıq və ya gizli aqressiya elementləri olan filmlərin, verilişlərin KİV-də daimi nümayişi nəticəsində legitimlik qazanmış mədəni aqressiyaya qədər. Hər yerdə aqressiya var. O, müasir dünyanın havasındadır. Mən onu ünvansız, “sahibsiz” aqressiya adlandırıram. Niyə?

Mənim fikrim sadədir. Mən aqressiyaya sərhədləri keçməyə təkan verən kəskin impuls kimi baxıram. Razıyam, sözün özü o qədər də ürəyəyatan deyil, qulağa xoş gəlmir. Xüsusən də, savadlı, intellegent insanın qulağına. Amma sərhədləri keçmək, mümkün olan bütün hədlərdən kənara çıxmaq anlamında bu söz, “transsendensiya”, ya da “transendentləşmə” ilə eyni mənanı verir, yəni status kvonun sərhədlərindən kənara çıxmaq deməkdir. Bu, həddindən artıq passionar, ən ali və incə formalar da daxil olmaqla hər zaman bütün formalardan azad olmağa can atan ruha təkan verən bir şeydir. Və bu, canlı, özəlliklə də şüurlu dünyada ən vacib keyfiyyətdir – ruhun (=düşüncənin), ən ali, dünyanın heç bir görünən və predmetli formaları ilə şərtləndirilməmiş abstrakt fəzalarına yüksəlməsi keyfiyyəti. Bu yüksəliş, bir qayda olaraq, həmişə travmatikdir. Bu, varlığın ən vacib və tükənməz gücüdür, onsuz heç bir həyat var ola bilməz. Aşağı səviyyədəki sıx energetik fəzada bu güc özünü seksual enerjidə büruzə verir. Seksual enerji bir tərəfdən həyatın rəngarəngliyinin- eros- artmasına, digər tərəfdən isə əvvəlki formaların məhvinə və hədlərdən kənara çıxmağa – adətən, bunu ölümə canatma – tanatos adlandırırlar -çalışır.

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

Ən bəsirətli analitiklər başa düşürlər ki, burda söhbət eyni şeydən gedir. Çünki, məsələn, istisnasız nəsil artırmaq üçün cütləşən heyvanlardan fərqli olaraq, insanlarda cinsi akt hər zaman bioloji çoxalmanı hədəfləmir. Həyatın davam etdirilməsi – seksual əlaqənin məqsədlərindən sadəcə biridir və ən vacibi deyil. Ümumilikdə isə, sirli fenomen olan seks qeyri-bioloji anlamda xariqüladə, demək olar ki, mistik həzz duğyusunun intensifikasiyası vasitəsilə transqressiyaya – yəni həmin o adi gerçəkliyin sərhədlərini aşmaq istəyi, dəfetmə, üzərindən keçmək impulsu, bir sözlə, metafizik “həddini aşmağ”ın pafosuna bağlanır. Aqressiv güc seksin yanacağıdır. Əgər kişi qadını ehtirasla arzulayırsa – bu, normadır. Əgər qadın kişiyə təslim olmağa can atırsa – bu, normadır. Əbəs yerə “kişi qadına sahib oldu” demirlər ki?! Bunda təhqiredici, alçaldıcı heç nə yoxdur. Əksinə, müqəddəs zorakılıq, qurbanvermə ayinindən, qarşılıqlı mental intihardan nəsə var və bunu özünü total bayağılıq torlarından azadetmə aktı kimi anlamaq lazımdır…

Lakin transqressiv sevişmə ayini o vaxt yaxşıdır ki, cəmiyyətin həyatında ona özünəməxsus, kənar gözlərdən gizlin, diqqət çəkməyən bir yer ayrılmış olsun. Seks – ictimai yox, özəl, fərdi hal olanda, məhrəmlik hər şeylə maraqlanan avaraların mhakiməsinə çıxarılmayanda, özəl ərazinin incəliyi, gözəlliyi kobud sosial mühitdə boğulmayanda yaxşıdır. Bəs müasir dünyada bu sadə şərtlərə riayət olunurmu?

Gəlin, bu dünyada baş verənlərə nəzər salaq. Nə görürük?

Erotika dünyanın iliyinə işləyib, dünya, sözün əsl mənasında, başdan-ayağa spermaya bulaşıb, erotik çığırtılardan, fəryadlardan, rənglərdən, yarımtonlardan qulağı batıb… –sosiumun bütün yarıqlarından bütün mümkün formalarda və bütün mümkün ədviyyatları ilə seks axır. Media məkanı – başdan-ayağa qışqıran erotikadan ibarətdir. Hansısa supermüasir tozsoran, ya da təkmilləşdirilmiş ütü reklamları da daxil olmaqla heç bir reklam gülümsəyən, həddindən artıq seksual, hərdən yarıçılpaq – hərçənd buna elə də ehtiyac yoxdur, çünki reklam çarxının bütün tonallığına cinsəl hərarət hopub – gözəlsiz keçinmir. Çarxın parlaq, cilalı vizual sırası istehlakçının (burda hər zaman kişi nəzərdə tutulur) şəhvətini oyatmağa, onu şüuraltı səviyyədə ovsunlamağa yönəlib. Ki, reklam olunan məişət predmetləri onda mütləq ereksiya yaratsın. Bu, qadın bədəninin cəzbedici hissələrini vurğulayan dəbə, cinsəl mövzulardan ötrü bayılan kinoya, istənilən zövqə və istəyə xidmət eləyən, İnterneti dərhal mənimsəmiş, yeniyetmələrin tumanına soxulan, hələ heç nədən başı çıxmayan əfəlləri, masturbasiyanın zəhlətökən, darıxdırıcı ev tapşırıqlarını eləməkdən daha kreativ və maraqlı iş olduğuna inandırmış pornoindustriyaya da aiddir. Bir sözlə, erotika hər yerdədir.

Ancaq bir nüansa fikir verin – dörd bir yana yayılmış bu seksuallıq bizə, əsasən, təkcə qadın obrazında verilir. Nadir istisnaları çıxmaq şərtilə, hər yerdə yalnız çılpaq, ya da yarıçılpaq gözəllər görürük. Fövqəlsürətli reklam çarxlarının naməlum və təsadüfi qəhrəmanlarından tutmuş kütləni öz silikon gözəllikləri ilə fəth eləməyə çalışan müasir kinoindustriyanın məşhur aktrisalarına qədər… Bu faktın isbatı kimi, ən əhəmiyyətli tele və kinofestivalların, digər mediaforumların təntənəli mərasimlərinə diqqət yetirin. O mərasimlərdə gözəl cinsin populyar mediaulduzları öz eksklüziv və son dərəcə açıq-saçıq əlbisələrini göstərmək üçün dəridən-qabıqdan çıxırlar.

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

Bu, nə deməkdir? Bunun anlamı həddindən artıq bəsit və banaldır: müasir cəmiyyət qadını bizə əmtəə kimi təqdim edir. Daha doğrusu, qadın bədənini əmtəə, seksual istehlak və şəhvət obyekti kimi göstərir. Əgər alıcı, müştəri, istehlakçı cəmiyyətin özünün ona əmtəə qismində təklif etdiyi şeydən istifadə edirsə, onda cəmiyyət tərəfindən edilən hansı şikayətdən, iddialardan, narazılıq və etirazdan söz gedə bilər? Yəni cəmiyyətin iyrənc ikiüzlülüyü aşkar görünür: bir tərəfdən o, istehlakçıya ehtiraslı və zərif mal soxuşdurur, digər tərəfdən isə, istehlakçı o mala toxunan kimi elə həmin cəmiyyət “abırsızın” əlindən vurur. Ancaq problem heç bu da deyil. Biz bir az lirik haşiyə çıxdıq. Əsas məsələ tamam başqa şeydir.

Qədim müdriklərin dediyi kimi, xeyirxahlıq da həddini aşanda şərə çevrilir. Burda da eyni şey baş verir – seks həddindən çox olanda yoxluq səviyyəsinə keçir: əgər seksuallıq müasir dünyaya başdan-başa yayılıbsa, ona hopubsa, bu onun deformasiyası, patologiyası, çürüməsi deməkdir. Seksologiyadan məlumdur ki, insan daima seksual gərginlik halında olanda bu onun cinsəl sferasının işində pozuntuların yaranması ilə nəticələnir. Aydın görünür ki, müasir cəmiyyət də hamını və hər kəsi hissolunmaz, amma fasiləsiz seksual gərginlikdə saxlayır. Məncə, məntiqi nəticə öz-özünə çıxır. Biz müasir insanın – əsasən, kişilərin, amma qadınların da – mental axtalanmasını müşahidə edirik. Cinsi disfunksiyalar, impotensiya, frigidliklə bağlı vahiməli statistikanın və ona qarşılıq seksual pozuntuları aradan qaldırmağa hesablanmış farmakoloji industriyanın (məsələn, viaqra və libidonu, potensiyanı stimullaşdıran bır yığın digər preparatlar) ağlasığmaz inkişafının səbəbi də budur. Müasir insanın seksual oriyentasiyasını itirməsi, üçüncü cinsin yaranması faktı da bu kastrasiya və cinsi parçalanma ilə bağlıdır. Kişi virilliyini – ontoloji statusunu itirir, o, daha igid, cəsur olmaq istəmir. Qəhrəmanlıq və pafos sadəlövh keçmişin qalıqları kimi artıq çoxdan tarixin arxivinə təhvil verib. Qadın da mehriban, zərif olmaqdan bezib və özünə amazon, feminist maskası taxır…

Ya da başqa bir ifratçılıq – qadın özünü əmtəə kimi yetişdirir, aktual, ya da potensial fahişəyə çevrilir. Virtual seks real seksi sıxışdırır. Qərb dünyasında doğum sayı sürətlə aşağı düşür. Seksual azlıqlar və transgender mövzusu müasir mədəniyyətdə həddindən artıq aktualdır.

Canlı cinsi əlaqənin hərarəti perversiv virtual fantazmlar tərəfindən söndürülür. Amma… Və nəhayət, ən vacib məsələyə çatdıq.

İş ondadır ki, müasir cəmiyyətdə həyatın yoluxucu və hərtərəfli seksuallaşdırılması vasitəsilə kişilərin axtalanması bir şeyə gətirib çıxarır: aqressiv seksual enerji özünə başqa yollar tapmağa çalışır, özünü sosiumda ən gözlənilməz şəkillərdə büruzə verir. Seksual enerji özünü, əsasən, məqalənin əvvəlində danışdığımız səbəbsiz və spontan zorakılıq vasitəsilə göstərir. Aqressiya nəzarətsiz və ünvansız olub, məhz, bu cəhəti ilə amansızdır. Zorakılığın artması və təkmilləşməsi baxımından müasir cəmiyyəti irəlidə hələ çox sürprizlər gözləyir. Buna görə də, sadəlövh intellegent insanların cəmiyyətdə zorakılığın qarşısını almaq məqsədilə göstərdikləri bütün səylər uğursuzluğa məhkum və əbəsdir. Heç bir düzəliş, dəqiqləşdirmə işə yaramayacaq. Kanalizasiya boruları çürümüş, hər an partlamağa hazır olan evdə kosmetik təmir aparmaq gülüncdür. Nəvazişkar və məkrli “demokratiya” sözü ilə adlandırdığımız, “hər şeyə icazə var” prinsipinə əsaslanan müasir paradiqmanı kökündən dəyişmək lazımdır. Amma heç kimin ağlından bunu eləmək keçmir. Onun əvəzinə nümayişlər, etiraz aksiyaları, panel müzakirələri, elmvari konfranslar, petisiyalar, pul yumağa xidmət edən başqa layihələr keçirirlər. Buna görə də zorakılıq, qan, dağıntıların, həqarətlər, işgəncələr, qətllər qanunauyğun şəkildə hələ davam eeləyəcək… Dəhşətli pozğunluqların, o cümlədən və ilk növbədə cinsi pozğunluqların “kübarcasına kamilləşməsi” baş verəcək… O pozğunluqlar yazıçılar, rejissorlar, rəssamlar və canı sıxılan digər intellektuallar tərəfindən estetikləşdiriləcək…

Teymur Daimi

Filosof, rəssam, rejissor




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir