abort

Əxlaqsızlıq yuvasına sürüklənən qızlar, cılız bədənlərdə qətlə yetirilən körpələr

Baxış sayı: 1. 097

Hər il ölkəmizdə qadınların abort etdirməsi hallarına öncəki illə müqayisədə daha çox rast gəlinir. Statistikanın artmadığı dönəmlərdə də göstəriilər heç də az olmur. Ən pisi isə 15-19 yaşlı qadınlar arasında da abort hallarına çox rast gəlinməsidir.

 

“Qorxunc xəstəliklərə yol açır”

Sosioloq Əhməd Qəşəmoğlu yeniyetmə və gənclər arasında abortların artmasını olduqca ciddi göstərici və məyusedici hal kimi qiymətləndirir:

“Öz mühazirələrimdə də dəfələrə bunu deyirəm ki, babalarımız min beş yüz il əvvəl indikindən də fiziki cəhətdən sağlam və güclü olublar. Hər cür sərgüzəştləri də olub. Amma hər zaman qadağalar, tabular olub. Bu tabular ona görə qoyulub ki, cəmiyyətdə mənəvi-əxlaqi dəyərlər yüksək olsun. Belə olan halda o cəmiyyət tərəqqi edir, öz-özünü tənzimləyir. Əks halda, cəmiyyət dağılır, parçalanır, arzuolunmaz problemlər ortaya çıxır. Bu cür halların artması eyni zamanda qorxunc xəstəliklərə də yol açır. Gənc bir tərəfdən mənəvi, digər tərəfdən fiziki zərbə alır. Yüngül həyat tərzi həm də gənclərin gələcək karyerasına, təhsilinə, yaşamına da zərbə vurur”.

 

“Gənclərin mənəvi immuniteti artırılmalıdır”

“Bu cür halların artması yeni nəslin inkişafında qorxunc vəziyyət yaradır”, deyə həyəcan təbili çalan sosioloq çıxış yolunu kompleks proqramların hazırlanmasında görür:

“Bir vaxtlar uşağın cəmiyyət üçün hazırlanmasında ailə, məktəb və cəmiyyətin rolu əsas götürülürdü. 60-70 il əvvəl ailə, məktəb və cəmiyyət arasında əlaqə daha güclü idi, bu əlaqə sağlam əxlaqi-dəyərlərin formalaşmasına kömək edirdi. İndi təəssüf ki, bu bağ qırılıb. Artıq problemləri yalnız ailədə, cəmiyyətdə həll etmək mümkün deyil. İlk növbədə ən böyük məsuliyyət orta ümumtəhsil məktəblərinin üzərinə düşür. Söhbət formal olaraq həyata keçirilən maarifləndirmə işindən getmir. Çünki maarifləndirmə deyəndə, hamı bu işə formal yanaşır. Problemin həlli üçün sosioloq, psixoloqlar cəlb olunmalıdır. Bunun üçün xüsusi kompleks proqramlar hazırlanmalıdır. Söhbət 18+ formatlı açıq-saçıq proqramlardan getmir. Həmin proqramlar vasitəsi ilə gənclərin bu problemə qarşı mənəvi immuniteti artırılmalıdır. Təəssüf ki, ölkəmizdə bu işi həyata keçirən elmi-tədqiqat mərkəzləri yoxdur. Gənclər arasında geniş yayılan abortlar böyük bir bəlanın göstəricisidir. Qısa zamanda humanitar siyasətimizdə ciddi işlər görülməlidir”.

 

“Qızlar əxlaqsızlıq yuvasına sürüklənəcək”

Təhsil eksperti Azər Qulusoy problemin kökünün araşdırılmasını məqsədəuyğun sayır:

“Ailə, məktəb və cəmiyyət üçü bir qanad təşkil etməlidir. Abortlarla bağlı rəqəmlərin ilbəil artmasına səbəb bu üç qanad arasında əlaqənin olmamasıdır. Bunların birgə çalışmaması üzündən belə hadisələr baş verir, yeniyetmələr cinsi təcavüzə məruz qalır.

Maarifləndirmə işi aparılmalı, orta məktəblərdə xüsusi fənlər tədris olunmalıdır. Həkimlər, psixoloqlar valideynlərlə birgə çalışmalıdır. Həm ailə, həm məktəb tərəfindən yeniyetmələr üzərində nəzarət gücləndirilməlidir. Eyni zamanda, problemin kökü araşdırılmalıdır. Gəncləri bu addımı atmağa vadar edən hansı səbəblərdir? Onlar ötəri sevginin qurbanımı olublar yaxud hansısa imkanlı kişilər tərəfindən təcavüzə məruz qalıblar?.. Onları valideynimi buna təhrik edir? İqtisadi durumunu yaxşılaşdırmaq, qazanc əldə etmək üçünmü bu addımı atırlar? Məktəb, ailə və cəmiyyətin birgə fəaliyyəti nəticəsində problem çözülməlidir. Əks halda, qorxunc statistika ilbəil daha da yenilənəcək. Qızlar əxlaqsızlıq yuvasına sürüklənəcək, bu da onların gələcək təhsili, karyerası və sosial həyatı üçün problemə çevriləcək”.

 

“Qeyri-rəsmi intim münasibətlər, uşağı saxlamaq üçün maddi imkanın olmaması…”

“Alter Eqo” hüquq şirkətinin baş direktoru, vəkil Heyrat Qarayev Azərbaycanda qadınların abort etdirməsi probleminin hər zaman aktuallığını saxladığını təəssüf hissi ilə bildirib: “Statistika son illər abortların sayının xeyli artdığını göstərir. Qeyri-rəsmi intim münasibətlər, uşağı saxlamaq üçün maddi imkanın olmaması, eləcə də XXI əsrdə yaşamağımıza baxmayaraq, cəhalət düşüncəsinin hakim olması qadınları bu addıma sövq edir”.

 

“Qanunsuz abort etmə” zamanı nəzərdə tutulan cərimə və cəza…

H.Qarayev Azərbaycanda qanunsuz abort edilməsinə görə cərimələrin məbləğinin artırıldığını da diqqətə çatdırıb. Belə ki, Cinayət Məcəlləsinin 141-ci “Qanunsuz abort etmə” maddəsinin birinci bəndinə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə 500 (beş yüz) manatdan 1000 (min) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. Maddənin ikinci bəndinə görə, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 (üç yüz altmış) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddənin üçüncü bəndində qeyd edilir ki, Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurduqda, 2000 manatdan 3000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir