onlayn ders

Onlayn təhsilin bitməyən problemləri

Baxış sayı: 775

Koronavirus pandemiyası təkcə insan tələfatına səbəb olmadı, həm də beyin tələfatı yaşatdı və yaşatmaqda da davam edir. 2019-2020-ci tədris ilinin 7 ayını şagirdlər, tələbələr kompüter, planşet arxasında keçirdilər. 2020 bitmək üzrədir.  Qarşıdakı yeni ildə də pandemiyanın sönəcəyinə dair nikbin proqnozlar, təəssüf ki, yoxdur.  Deyəsən, uşaqlar kompüter və planşetlərdən, smartfonlardan hələ çox asılı qalacaq. Tədris prosesi normal keçsə, dərsin mənimsənilməsi mümkün olsa, nə vardı! Lap yaxşı, uşaqlar virusdan qorunur, evdə çalışırlar, deyib, narahatlığa əsas görməzdik. Amma belə deyil. Mənimsəmədə, dərslərin  keçilməsində böyük problemlər, çatışmazlıqlar, çətinliklər var.

Orta məktəblər, ali təhsil müəssisələri arasında kompüterləşməni başa çatdırmamış, texniki imkanları çox məhdud olanlar, şagirdlər, tələbələr arasında da smartfona sahib olmayan, evdə internetə qoşulmada həm texniki, həm də maddi problemlər yaşayanlar var. Bunun sonrası necə olacaq? Bu ili tutalım, birtəhər başa vurduq. Növbəti ildə hansısa dəyişiklik gözləməyə dəyərmi? Müəllimlər də narazıdır, şagirdlər də, valideynlər də. Təhsilimizdə yaranmış bu durum isə təbii ki, Azərbaycan dövlətinin təhsil siyasətinə, təhsillə bağlı dövlət tərəfindən işlənib hazırlanmış konsepsiyaya ziddir. Mart ayından bəri normal dərs keçməyən şagirddən hansı uğuru gözləmək olar? Bütün şagirdlər vunderkind deyil. Zəif oxuyanı, az çalışqanı, fənni mənimsəməkdə geri qalanı var. Yəni müəllimin onlayn formatda keçdiyi dərsin bütün şagirdlər tərəfindən eyni səviyyədə  qavranılacağını gözləmək absurddur.  Bir tərəfdən də şagirdin dərsə normal qoşulma imkanları yoxdursa, vəziyyət lap çətinləşir. Zalım pandemiyanın gətirdiyi problemlər, çətinliklər, çıxılmazlar başadüşüləndir. Lakin Təhsil Nazirliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, həmçinin hər bir orta təhsil və ali təhsil müəssisəsindən asılı məsələlər də var. Azərbaycan dövləti illərdir təhsil sektoruna büdcə vəsaiti ayırır. Deyək ki, orta məktəbləri keçdik.  Hərçənd, orta məktəblərin rəhbərliyi də, yeri gəldi-gəlmədi, siniflərin kompüterləşməyindən, kompüter kabinetlərinin, təhsilin elektronlaşmasından ağız dolusu danışırdılar. Yenə də güzəştə gedib nəzərə alaq ki, orta məktəblərin əlavə gəlir mənbələri yoxdur.  Bəs ali məktəblər?! Onlar ki, ödənişli təhsilə daha çox yer verir. Ali məktəblərin bəzisi publik hüquqi şəxs statusuna malikdir. Bu isə təhsil müəssisəsini maliyyə asılılığından xilas etməliydi. Ali məktəblər indiyədək elektronlaşdırma sahəsində yetərli işlər həyata keçirməliydilər. Bu məsələlərin zamanında həll edilməməsi indi tələbələr və müəllimlər üçün qəliz bir vəziyyət yaradıb. Və təhsilimizin səviyyəsi aşağı düşüb.

onlayn tehsil

Ali məktəblər tələbələrə yardım etməlidir

Xatırladaq ki, bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamları ilə bir neçə ali təhsil müəssisəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıblar. Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradır. Bu isə ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir. Yəni ali məktəblər bu dəyişiklikdən sonra heç bir maliyyə çətinliyi yaşamamalıydı. Universitet özü-özünü maliyyələşdirmə prinsipi ilə çalışmalıdır. Təhsil haqları, digər istiqamətlərdən əldə olunan vəsaitlər ali məktəbin maliyyə təminatına yönəldilməlidir. Publik hüquqi şəxs statusu ali məktəblərə bir sıra üstünlüklər verir. Azərbaycanda bütün universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur. Sadəcə publik hüquqi şəxs statusu universitetlərə alternativ qazanclar, məsələn, əlavə kurs açmaq, elm tutumlu layihələr həyata keçirmək və s. müstəqillik əldə edirlər. Deməli, indiyədək ali məktəblər möhkəm və dayanıqlı maddi bazaya sahib olmalı, pandemiya kimi çətin durumlarda tələbələrə yardım etməli idilər. Ötən illər ərzində ali məktəblər daxili imkanları hesabına elektronlaşdırma sahəsində ciddi iş aparmalı və bu gün də çıxılmaz vəziyyətə düşməməliydilər.

onlayn ders

90 min kompüter, 30 min noutbuk necə oldu?

Orta məktəblərlə bağlı problem isə daha ağırdır. Aztəminatlı ailələr  övladlarının internet paketi xərcini təmin etməkdə çətinlik çəkir. Etiraf edək ki, hər ailənin övladına məxsusi smartfon, ya da planşet, kompüter almaq imkanı yoxdur. İnternetin sürətsiz sürəti, onlayn dərslərə qoşulmada yaranan problemlər uşaqların tədrisdə geri qalmasını şərtləndirir. Hətta sosial şəbəkədə məşhurlaşmış videoda da var: Uşaq hərfləri hecalayır; ə – r – i – k…  Müəllimə soruşur; Hə, indi de görüm hansı söz alındı? Uşaq cavab verir: “Şaftalı!”. “Budur, onlayn dərsin “gücü!”.

Ekspertlər nə təklif edir? Pandemiyanın bitməsini, məktəblərin, təhsil ocaqlarının əyani tədrisə  keçməsini gözləyək? İtirilmiş biliklər bəs necə kompensasiya ediləcək?

 kamran esedov

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov həm orta təhsil, həm də ali təhsillə bağlı konkret təklifləri olduğunu dedi:

– Məlum pandemiya səbəbilə təhsil onlayn formata keçirilsə də, bəllidir ki, bu, təhsil alanlara və təhsil verənlərə də bərabər imkanlar yaratmadı. Texniki imkanları məhdud şagirdlərlə yanaşı, müəllimlər də var. Bunlar reallıqdır və təkzib edilməzidir. Təklif edirəm ki, tv-dərslərin sayı, məzmunu genişləndirilsin, tv-dərslərə, radio-dərslər də əlavə edilsin. İkincisi, orta təhsil müəssisələrinə paylanmış 90 min kompüter və 30 min noutbuk şagirdlərin istifadəsinə verilsin. Şagirdlərin elektron materiallarla (internet paket və sair) təminatı məqsədilə dövlət strukturları tərəfindən kampaniya aparılmalı və bu materiallar şagirdlərə paylanmalıdır. İbtidai sinif şagirdləri üçün kiçik qruplar şəklində, hansı şagirdlərin ki, evdə dərsə qoşulma üçün texniki imkanları yoxdur, onlar üçün  əyani dərslər təşkil edilməlidir. Belədə biz tədrisin mümkün qədər axsamamasına nal ola bilərik. Semester imtahanlarının keçirilmə qaydaları ilə bağlı da təkliflərim var. İmtahanlar test, yazılı, tapşırıq və şifahi formada həyata keçirilir. Test imtahanında 50 test tapşırığı təqdim edilir. İmtahan üçün 1 saat 30 dəqiqə ayrılır və vaxt bitəndən sonra imtahana qayıtmaq olmur. İmtahan bitən kimi iştirakçının nəticəsi ekranda əks olunur.  Yazılı imtahandan öncə verilmiş mövzulardan onlayn qaydada seçimlə 5-i seçilir və imtahan iştirakçısı yazaraq müəllimə 2 saat ərzində təqdim edir (bu, əlyazma formasında yazılıb şəklini çəkməklə də göndərilə bilər, word formatında da yazılıb yollana bilər). Tapşırıq formatında daha çox texniki və təbiət fənlərinə tətbiq edilə bilər. Bu zaman müəllim imtahan iştirakçısına müəyyən taşırıq verir və o da bunu yerinə yetirib  müəlliiminə elektron formada göndərir.  Şifahi imtahan formatında müəyyən edilmiş vaxtda imtahan iştirakçısı video-konfrans proqramına daxil olur, öncədən müəyyən edilmiş biletlərin nömrəsi deyilir və suallara cavab verilir. İmtahanlar zamanı texniki problemlərə və resurs olmadığı üçün imtahanda iştirak edə bilməyənlərə təkrar iştirak etmə imkanı yaradılmalıdır.  Şifahi imtahanlarda imtahan iştirakçısına konkret iştirak etmə vaxtı verilir ki, o, saatlarla növbədə gözləməsin. Bu onun internetinin bitməsinə gətirib çıxara bilər.  Bütün şifahi imtahanlar zamanı bu prosesin video- qeydiyyata alınması vacibdr.

 

Şagirdlərə də, tələbələrə də güzəşt edilməlidir 

K.Əsədov qeyd etdi ki, mövcud durum nəzərə alınaraq şagirdlərə də, tələbələrə də mütləq güzəşt edilməlidir:

– Hər bir təhsil müəssisəsinin elektron universitet platforması olmalıdır və orada hər bir tələbənin şəxsi kabineti olmalıdır. Tələbə şəxsi kabinetə öncə təhsil müəssisəsi tərəfindən verilmiş istifadəçi adı və parolla daxil olduqdan sonra parolu özü dəyişə bilər. Şəxsi kabinetdə təhsil alanın semester üzrə aldığı bütün dərslər və onların elektron materialları olmalıdır. Pandemiya və müharibə dövrünü nəzərə alsaq, tələbələrin normal təhsil alması ilə yanaşı onlayn dərslərə qoşulmasında da ciddi problemlər oldu. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq bir neçə formada tələbələrə güzəşt etmək olar. Belə ki, bütün tələbələrə imtahana qədər toplanan balı onlayn dərslərə qoşulanlara 50, qoşula bilməyənlərə 34 verməklə sərbəst iş, kurs işi, kolleykum kimi tələbləri (kolleykum müddətləri üzrə qiymətləndirmə hər 4-5 həftədən bir keçirilir) aradan qaldırmaq olar. Bundan başqa bütün tələbələrə 51 bal verib onların semesterden müsbət nəticə ilə keçməsinə imkan vermək olar və bu qiymətdən narazı olanlar imtahan verib daha yüksək nəticə əldə edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir