MENZIL

Bakıda kirayə evlərin qiymətlərinin düşməməsinin səbəbi nədir?

Baxış sayı: 907

Paytaxt Bakı dünyadakı digər meqapolislərdən geri qalmayaraq, hər zaman əhalinin sıx yaşadığı yerlərdən olub. Əksər iş və təhsil mərkəzlərinin burada yerləşməsi də şəhərdəki demoqrafik artımı stimullaşdıran məqamlardandır.

Bəs gündən-günə yüksələn bu meqapolisdə daşınmaz əmlakla bağlı ümumi vəziyyət necədir?

 

Əmlak üzrə ekspert Kamran Əhmədov deyir ki, qonşu ölkələrdə belə kirayə evlərin qiyməti bizdən çox ucuzdur: “Mən xarici saytları monitorinq edəndə görürəm ki, bizim qiymətlər Avropa qiymətlərindən çox da fərqlənmir. Adicə Gürcüstanda qiymətlər bizdən qat-qat ucuzdur. Məsələn, Baltikyanı ölkələrin hər hansı şəhərində 1000 avroya çox uyğun ev tapmaq olar. Bu qiymətlər bizdə də belədir”.

Lakin, 2019-cu ilin dekabr ayından həyatımıza daxil olan COVID-19 virusu müəyyən reallıqları bir qədər dəyişdirdi. Belə ki, dünyanın böyük-kiçik bir çox şəhərində tətbiq edilən karantin rejiminin təsirləri, əmlak sektorundan da yan keçmədi. Distant təhsil və onlayn iş rejimi ilə əlaqədar paytaxtdakı insan sayında azalma, kirayə evlərin qiymətində isə sanki artım müşahidə olunur:

Hazırda biz paytaxtın “maklerlər bağı” adlanan ərazisindəyik. Buraya kirayə evlərin qiyməti ilə maraqlanmaq üçün gəlmişik. Hazırda yanımda bu işlə məşğul olan bir nəfər var.

Makler Mübariz Mirzəyev pandemiya dövrü başlayandan evlərin qiymətinin artdığını bildirir: “Bir müddət xarici ölkələrdən Bakıya insan axını var idi. Pandemiya ilə əlaqədar onlar Bakıda qalası oldular. Evlərin bahalaşmasının əsas səbəblərindən biri də onların Bakıda qalması oldu”.

Əlbəttə, bu gün ölkəsinə qayıda bilməyən çoxlu xarici vətəndaş paytaxtımızın qonağıdır. Buna baxmayaraq, Bakı həm turistləri, həm də yerli kontingenti təmin edəcək əmlak bazasına sahibdir. Bəs qiymətlər niyə düşmür?

menzil

Əmlak üzrə ekspert Kamran Əhmədovun sözlərinə görə, hazırda evlərə tələbat o qədər də yoxdur: “Siz evinizi icarə verirsiniz və müştəriniz yoxdur. Bir neçə aydan sonra bu özünü büdcədə büruzə verəcək. Qiymətlər də ona görə yüksəkdir ki, siz ev yiyəsi kimi itirdiyiniz bir neçə aylıq itkini, qiyməti dəyişməklə kompensasiya etməyə çalışırsınız. Tələbat yoxdur. Əslində, dünya praktikasında biz bunun əksini görürük, tələbat olmayanda qiymətlər düşür. Amma nədənsə bizə aid deyil”.

Ölkədə iqtisadiyyat azad bazar prinsipi ilə formalaşdığından qiymətləri də rəqabət mühiti, o cümlədən, tələb-təklif münasibəti formalaşdırır. Bu mənada, qiymətlərə dövlət müdaxiləsindən söhbət gedə bilməz. Hazırkı situasiyada müştərilərin bazara təzyiq göstərməsi də qeyri-mümkündür. Bəs problemin həllində öhdəlik kimin üzərinə düşür? “Mənim fikrimcə, bu gün qiymətlərə dəymək olmaz. Söhbət əmlak sahiblərindən gedir. Məsələn, mən 6 ay evi verməmişəm, birdən qiyməti qaldırım ki, itkimi bərpa edim. Bir azdan təhsil müəssisələri açılacaq və şəhərə tələbə axını olacaq. İnsanlar da bu müddət ərzində maddi olaraq sıxılıb deyə ola bilər ki, qiymətləri artırsınlar. Bu isə düzgün strategiya deyil. Çünki vəziyyət stabilləşəndən sonra qiymətlər yenidən düşməlidir və bu bazarda qeyri-stabillik yaradır”.

Əmlak bazarında müşahidə edilən qeyri-sabitlik həm müştərilərin, həm də satış bazasındakı potensial investorların risklərini artırır. Bununla bağlı yeganə həll yolu sağlam bazar mühitinin formalaşması, müştəri-sahibkar münasibətlərinin daha ədalətli qurulmasıdır. Bu xüsusda əsas məsuliyyət elə biz vətəndaşların üzərinə düşür.

 

İslam Qədirli, Musa Qulammirzəyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir