onlayn ders

Hibrid tədrisin tətbiqi niyə vacibdir?

Baxış sayı: 846

Uşaqlar da məktəb üçün darıxarmış. Heç təsəvvür etməzdik ki, səhər yatağından qalxmağa ərinən, hər cür bəhanə ilə məktəbdən yayınmağa çalışan, könülsüz, ayaqlarını çəkə-çəkə dərsə gedənlər bir gün “nə olardı məktəb açılardı, müəllimimizi görərdim, uşaqlarla söhbət edərdim”in dərdini çəkəcək. Amma oldu. Pandemiya uşaqları məktəbdən uzaq saldı. Tədris onlayn formaya keçdi. Təhsil Nazirliyi dərslərin əyani formada başlanmasının yoluxma sayından asılı olacağına dair açıqlamaları özünü doğrultdu.

Yoluxma və sağalma sayındakı müsbət dinamika dərslərin əyani formada bərpasına imkan yaratdı. Lakin hələlik mərhələli şəkildə. Belə bir qərarın verilməsində əsas hədəf şagird və müəllim kollektivinin sağlamlığının qorunmasıdır. Təhsil Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olsa da, insanların sağlamlığından üstün deyil və ola bilməz. Biz bu yanaşmanı pandemiyanın ilk vaxtlarından görürük. Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar ilk növbədə vətəndaşların sağlamlığına yönəlib. Bununla yanaşı hökumət qəbul etdiyi qərarlarda ictimai maraqları da nəzərə alır, diqqətdən kənarda qoymur. Orta məktəblərin mərhələli şəkildə əyani tədrisə başlamasında da həm dövlət, həm də ictimai maraqlar təmin edilir. Təhsilsiz cəmiyyət savadsızlığa, mövhumata məhkumdur. Dövlətə isə Azərbaycan və dövlətçilik naminə savadlı, yüksək intellekt sahibi gənclər lazımdır.

 

Şagird və valideynlərdə əminlik artır

Hazırda orta məktəblər və ali məktəblərdə tədris həm əyani, həm də onlayn formada keçirilir. Seçim valideynlərin, tələbələrin üzərindədir. Lakin bundan narazı qalanlar “hibrid tədris”in əleyhinədir. Və bu tədris formasının təhsili zəiflətdiyi qənaətindədirlər. Hibrid tədrisin mənfi, müsbət tərəflərini mütəxəssislərlə aydınlaşdıracağıq. Bəs hazırda orta məktəblərdə sanitar-epidemioloji vəziyyət nə yerdədir?

Orta məktəblərdə əyani tədris başlanandan Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlandı. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarı var. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək. Müəyyən edilib ki, Təhsil Nazirliyi tərəfindən bu Qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.

Bakı şəhər Təhsil İdarəsinin açıqlamasında bildirilir ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

Yuxarı siniflər üçün də əyani dərslərə doğru gedilir

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən fevralın 1-dən orta məktəblərin 1-4 sinifləri üzrə, həmçinin Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli şəkildə, iri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunub.

Fevralın 8-dən etibarənsə Azərbaycanın şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla keçirilir. Fevralın 15-dən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunub. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu isə bildirib ki, epidemioloji vəziyyət hazırda stabildir. İbtidai və orta siniflərdə əyani tədris davam edir. X-XI siniflərlə bağlı vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ buna doğru da gedilir.

Təhsil Nazirliyi hibrid tədris üçün dərs cədvəli nümunəsi də hazırlayıb. Bu nümunələr müxtəlif situasiyaları əhatə edir. Əyani tədrisin həftədə iki dəfə olduğu və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verdiyi hallar, sinif qruplara bölünərsə, əyani tədris həftədə üç dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verəcəyi hallar və sair. Qeyd edilir ki, bu nümunədən istifadə etməklə müəllim məktəbin xüsusiyyətlərinə uyğun dərs cədvəli hazırlaya bilər. Sinif yarımqruplara bölündüyü halda uyğunlaşdırılmış tədris planında distant dərslər üçün nəzərdə tutulmuş dərslərin bir hissəsini əyani dərslərə vermək lazımdır. Dərs cədvəlinizi həm də teledərslərin cədvəlinə uyğunlaşdırmaq tövsiyə olunur.

 

“Sosial aktivliyin təmini mütləq lazımdır”

Fəlsəfə doktoru, təhsil məsələləri üzrə ekspert Rafiq İsmayılov qeyd etdi ki, hibrid tədris formasının çətinlikləri olsa da, hazırkı durumda onun tətbiqi vacibdir:

– Müasir tədris metodikasının elə formaları var ki, onları sinif şəraitində, əyani tətbiq etmək mümkündür. Xüsusən də ibtidai siniflərdə. Məsələn, qruplara tapşırıqlar vermək, şagirdlərin tapşırıqları necə yerinə yetirdiyinə nəzarət etmək, onlarla ünsiyyət qurmaq və onları dinləmək, həmçinin yazı işlərini – imla, esse – icra etdirmək üçün mütləq əyani dərslər olmalıdır. Tədrisin elə formaları var ki, onları onlayn formatda tətbiq etmək olmur. Deyək ki, ali məktəblərdə keçilməsi zəruri olan praktik işlər, təcrübələr, canlı dərslər… Bunun üçün mütləq əyani dərslər lazımdır. Ona görə də Nazirlər Kabineti tədrisin həm əyani, həm də onlayn formada keçilməsi qərarını verib. Bəzən deyirlər, hibrid tədris nəyimizə lazımdı? Açıqlayım. Hibrid tədris formasının tətbiqində əsas məqsəd şagirdlərin, tələbələrin, müəllimlərin, valideynlərin – hamının sağlamlığının mümkün qədər qorunmasıdır.

Sinifdə sıxlıq olmamalıdır, sosial məsafə gözlənilməlidir, gigiyenik qaydalara əməl edilməli, dezinfeksiya işləri mütəmadi aparılmalıdır. İkinci məqsəd uşaqların sosial aktivliyinin təmin edilməsidir. Mənim nəvələrim uzun müddət məktəbin həsrətini çəkdilər, deyirdilər, kaş məktəb açılsın, sinif yoldaşlarımızı görək. Uşaqların eyni məkanda, qapalı şəraitdə uzun müddət qalması onlarda psixoloji fəsadlar yarada bilər. Virtual məktəb uşaqları yorur. Həm fiziki, həm də psixoloji. Çünki hərəkətsizdirlər. Uşaq sosiallaşmalı, ünsiyyətdə olmalı, sosial aktivliyini itirməməlidir. Bunun ən yaxşı yolu da məktəbə getməkdir. Dərslərin hissə-hissə bərpası, bəzi dərslərin evdə, bəzisinin məktəbdə keçilməsində də əsas məqsəd uşaqların passivliyini önləmək, onları aktivləşdirməkdir. İndiki şəraitdə bundan uyğun metod tapmaq çətindir.

Onlayn dərslərin də çatışmazlıqları olur. Bir də görürsən, onlayn dərs “qarğa bazarı”na dönüb. Ağız deyəni qulaq eşitmir. Müəllim dərsi düzgün yönləndirə bilmir. Amma ümumilikdə götürsək, ötən bir ilə yaxın müddətdə müəllimlər onlayn tədrisə alışdılar, işləməyin yollarını, üsullarını tapdılar. Yenə də baxır tədris olunan fənnə, yaxud tədris olunan mövzuya. Elə mövzular var ki, onları ümumi auditoriyaya müraciətlə tədris etmək daha effektlidir. Bu zaman onlayn tədrisə üstünlük vermək olar. Amma hansı mövzu əyanilik tələb edirsə, əlbəttə, onun keçilməsində tədrisin əyani formasına müraciət edilməlidir.

Müəllimlər bunları özləri müəyyənləşdirməlidir. Elə etməlidirlər ki, təhsili pandemiyadan ağır zərbələrə məruz qalmış şəkildə çıxarmayaq. Çünki bunun ağırlığı dövlətin üzərinə düşəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir