intihar

Hüququ pozulan qızların intihar faciəsi

Baxış sayı: 856

Bu gün əksər Azərbaycan ailələrində qız uşaqlarının hüquqlarının tanınmaması, onlara qarşı məsuliyyətsiz yanaşma bir çox hallarda faciə ilə nəticələnir. Bu faciənin törənməsinin arxasında isə çox vaxt ailə böyükləri – “ağbirçəklər”, “ağsaqqallar” və məsuliyyətsiz, savadsız valideynlər dayanır.

“Qız yükü, duz yükü” deyib, qızlarını erkən yaşda, yaxud da ağına-bozuna baxmadan ata ocağından didərgin salıb ərə verməklə onları necə çıxılmaz dərənin dibinə yuvarladıqlarının fərqində olmurlar.

Qanunvericilik erkən nikaha icazə vermir, bu kimi halların aşkarlanması məsuliyyət yaradır. Amma çox zaman valideylər hüquqi məsuliyyətdən yayınmaq üçün belə mərasimləri nişanlama, adqoyma adlandırırlar. 13-15 yaşda bir qız gələcəyi ilə bağlı nə seçim edə, nə kimi düzgün qərar verə bilər ki?! Bu yaşda qız ailənin, ana olmanın məsuliyyətinin nədən ibarət olduğunu necə anlaya bilər ki? Bunları dərk etməyən, seçim imkanı olmayan, beyinləri erkən yaşlardan dərsə getmək əvəzinə ərə getmək təbliğatı ilə doldurulan bu qızcığazların əvəzinə valideynlər tərəfindən verilən qərarlar isə onların həyatını məhv etməkdən başqa bir şey deyil.

Erkən nikahla yanaşı, erkən yaşlarda nişanlama və adqoymaya görə də məsuliyyət olmalıdırmı? Qanunvericilikdə belə bir bəndin yer alması necə, erkən nikah probleminin, valideynlərin məsuliyyətdən qaçmalarının qarşısını ala biləcəkmi?

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə erkən nikahı dünənin və bu günün böyük bəlası adlandırır. Onun sözlərinə görə, bəzən erkən nikahlara dərhal reaksiya verilsə də, bəzən valideynlər bu mərasimləri nişan, adqoyma adlandıraraq cəzasız qalırlar.

“Biz qızları erkən nikaha sövq etməklə nə qədər qızcığazın çiyninə böyük yük, içinə bir qadın, ana qoyuruq, artıq onun bətnini formalaşdırırıq”, – Ağazadə deyir.

Onun fikrincə, “nişan”, “adqoyma” tipli erkən evliliyi hədəf alaraq həyata keçirilən adətlərlə bağlı qanunvericiliyə müəyyən bəndlər əlavə edilməlidir. Orada belə halların hüquqi məsuliyyət yaratdığı konkret qeyd edilməlidir. Yaxud da elə inzibati cəzalar (məsələn, azı 3-4 min manatlıq cərimə) tətbiq edilməlidir ki, valideyn bunun maddi yükünü çiyinlərində hiss eləsin.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin eksperti Aynur Veysəlova bu istiqamətdə görülən işlərdən və sözügedən problemin yaranma səbəblərindən söz açıb. Onun fikruncə, bu problemə iki müstəvidən baxmaq lazımdır: hüquqi müstəvi və adət-ənənələr adlandırdığımız müstəvi.

“Hüquqi müstəvidə Azərbaycan hər zaman erkən nikahlara qarşı mübarizə aparan bir ölkə olub. 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün ən aşağı nikah yaşı 18 müəyyənləşib. Erkən nikahla bağlı qanunvericilikdə məsuliyyət nəzərdə tutulub və zamanla bu istiqamətdə təkmilləşmə gedir. Lakin məsələyə “adət-ənənələr” müstəvisindən baxdıqda, valideynlərin təhsil vermədən qızlarını erkən yaşlarda nikaha sövq etməklə onları uçuruma yuvarladıqlarını görə bilərik. Valideynlər qız övladlarına yük kimi baxmamalıdırlar. Əslində qız övladları yük deyil, bir zinətdir”, – Veysəlova deyir.

Ekspertin sözlərinə görə, valideynlər çalışır ki, qız övladları daha tez ailə həyatı qursunlar. Lakin bir şeyi düşünmürlər ki, təhsili, peşəsi, sənəti yoxdursa, bu qız uşağı bir şəxsiyyət olaraq inkişaf etməyibsə, həm fizioloji, həm də psixoloji olaraq ailə qurmağa hazır deyilsə, onlar övladlarını uçuruma yuvarlayırlar. Sonradan isə bu valideynlər, günahkar axtarırlar:

“Baxın, savadsız, peşəsi olmayan qadın öz gələcəyi ilə bağlı vacib qərarlar qəbul edə, dünyaya gətirdiyi övladına lazımi təhsili verə bilmir. Bir çox hallarda bu qadınların ailə həyatları da uğurlu olmur. Mütəxəssislər də bildirir ki, əksər hallarda erkən nikahlar uğursuz sonluqlarla nəticələnir və bu kimi ailələrdə çoxsaylı problemlər müşahidə edilir. Erkən ailə həyatı quran və şəxsiyyət kimi formalaşa bilməyən bu şəxslər dönüb geriyə baxdıqda, öz özünə sual verəcək ki, “həyatımda nail olduğum bu idimi, mən bunları istəmişdimmi”. Özünü sorğu-sual edərkən onun da içində digərləri kimi oxumaq, təhsil almaq arzusunun baş qaldırdığını görəcək”.

Veysəlova bildirir ki, bu qadınlar əzildiklərindən, hüquqlarını bilmədiklərindən haqlarını tələb edə bilmir və bəzən intihara əl atırlar:

“Belə qadınlar arasında məişət zorakılığına məruz qalma, boşanma halları daha çox qeydə alınır. İntihar çıxış yolu deyil, amma təəssüflər olsun ki, belə qızlar ya ailə quranadək, ya da ki ailə qurduqdan sonra dözməyərək intihar edir. Çünki onların gözlədiyi həyat bu olmamışdı”.

Veysəlovanın fikrincə, ailədə təmas, ünsiyyət elə olmalıdır ki, heç kəs heç kəsin əmlakı, şəxsi mülkiyyəti olmasın, kiminləsə bu cür rəftar edilməsin: “Övlada, qız uşaqlarına şəxsiyyət kimi yanaşmaq lazımdır. Valideyn elə şərait yaratmalıdır ki, övladı kənarda yox, ailəsində, valideynin timsalında dostunu tapsın. Səmimiyyət və dostluq münasibətləri bütün problemlərin həlli üçün ən mühüm vasitədir. Çünki məsafələr uzaqlaşdıqca, ailədaxili münasibətlərdə də problemlər yaranacaq”.

Ekspert hesab edir ki, bu cür münasibətlərdən doğulan uşaqlar da bir sıra qüsurlarla dünyaya gəlirlər.

Erkən nikahların qarşısının alınması yolunun maariflənmədən başladığını bildirən mütəxəssis, valideynləri övladlarına şəxsiyyət kimi yanaşmağa, onun məsuliyyətini daşımağa, təhsillə təmin etməyə çağırdı:

intihar

“Qızlar daha tez ailə həyatı qurmalıdır” kimi stereotiplərdən kənara çıxmaq lazımdır.  Bu stereotiplərlə mübarizə çoxlu vaxt tələb edir. Biz qız övladlarına ailə və cəmiyyətdə dəyərin verilməsi məsələsini gündəmə gətirməli, bunu aktuallaşdırmalıyıq. Ailələrdə qızlara qarşı bu və digər formada müəyyən zorakılıq faktorlarının olması bəzi hallarda daha bədbəxt sonluqlarla yekunlaşır. Maarifləndirmə işləri aparılmalı və ictimai qınaq olmalıdır. Məsələn, 14-16 yaşlı qızın nişan mərasimindən xəbər tutan müəllim belə bu hadisənin qarşısını almalıdır. İnsanları elə istiqamətləndirməliyik ki, onlar özləri də boş fikirlərdən daşınsınlar. Körpə qızcığaz həyatdan nə görüb, nə anlayıb ki, ona adqoyma edir, nişanlayırlar?! Sadə həqiqətləri insanlara başa düşəcəyi dildə çatdırmaq lazımdır. İnanın bundan sonra onlar nəinki övladlarına, heç qohum-əqrəbadakı digər doğmalarına qarşı da belə bir addımın atılmasını qəbul etməyəcəklər”.

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, burada söhbət həmin mərasimin adının nə qoyulmasından getmir: “Bunun erkən nikah olduğu sübuta yetirilirsə, valideynlər məsuliyyətə cəlb olunurlar. Niyyət erkən nikaha sövqetmədirsə, valideyn məsuliyyət daşımalıdır. Bunu sübut etmək isə heç də çətin deyil. Adını ad günü qoyub müxtəlif fırıldaqlarla hər şey etmək mümkündür. Amma qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir