Özünü xoşbəxt hiss etməyən insanların sayı son illərdə bütün dünyada artıb. Belə vəziyyətlər sadəcə insanın özünə deyil, ətrafına da pis təsir edir. Elmi araşdırmalar göstərir ki, özünü bədbəxt hiss etmək əksər hallarda davranışlardan, vərdişlərdən və düşüncələrdən asılıdır. Bəs bunlar hansılardır? Xoşbəxt olmaq üçün hansı vərdişlərdən uzaq olmalıyıq?
Psixoloq Fuad Əsədov bildirir ki, əsas 13 maddə var ki, onları diqqətdə saxlamalıyıq. Həmin maddələri təqdim edirik:
1) Fiziki məşğuliyyətin az olması
10 il ərzində 6909 insanla keçirilən tədqiqatlar sübut edir ki, fiziki məşğuliyyəti olan insanlar, olmayan insanlarla müqayisədə gün ərzində özlərini daha yaxşı hiss edirlər.
2) Sosial olmamaq
İnsanın tək yaşaması, ünsiyyətim olmaması və dar sosial çevrəyə sahib olması, ümidsizlik və depressiya dərəcəsini artıran bir faktordu.
3) Kin
176 nəfərlə aparılan tədqiqatda kin saxlayan və düşmənlik edən insanların özlərini daha az xoşbəxt hiss etdiyi ortaya çıxmışdı.
4) Pessimist olmaq
Hər bir hadisənin müsbət və mənfi tərəfləri var. Hətta ən müsbət hadisənin də dezavantajları və ən mənfi hadisənin də avantajları vardır. Ancaq dezavantajlara fokuslanmaq həm düzgün deyil, həm də bədbəxt hiss etmə dərəcəsinin artırır.
5) Neqativ xatirələrdə ilişmək
Hisslərimiz və xatirələrimiz arasında böyük əlaqə var. Hər kəsin də keçmişində pis anlar vardır. Bəzi insanlar bu anlarda ilişərək qarşıdan gələn xoşbəxtliyin də qarşısını kəsirlər.
6) Fast-food
Araşdırmalar göstərir ki, fast food yemək və düzgün olmayan qidalanma depressiyanı artıran faktordur. Ona görə belə insanların dietoloqlarla məsləhətləşməsi də tövsiyə olunur.
7) Maddi şeylərə önəm vermək
Hər nə qədər qulağa paradoks kimi gəlsə də praqmatik və materialist insanlar özlərini daha az xoşbəxt hiss edirlər. İnsanın özünü yaxşı hiss etməsi üçün mənəvi dünyasını da zənginləşdirməsi lazımdır.
8) Qorxularla üzləşməmək
Bir çox insan onu narahat edən şeylərlə üzləşib, onları həll etmək yerinə qaçmağı seçir. Bu həm problemi həll etmir, həm də xoşbəxtlik dərəcəsini azaldır.
9) Spirtli içkilər
Çox içki içən insanlar həyatlarındakı xoşbəxt anları da görə bilmir və özlərini bədbəxt hiss edirlər.
10) Şikayətçilər
Bəzi insanlar xroniki şəkildə şikayətçi olurlar. Onlar heç nəyi bəyənmir və hər danışdıqlarında nədənsə narazılıqlarını bildirirlər. Bu həm onların özünə pis təsir edir, həm də onları dinləyənlər üçün bezdirici olur.
11) Həddən çox düşünmək
Elm çox düşünmənin depressiyaya və həyəcana yol açdığını sübut edir. Burda söhbət hansısa elmi faktı düşünməkdən getmir. Məsələ, problemləri düşünməkdir. Bəzən düşünməni buraxıb, nəsə etmək lazımdır.
12) Ertələmə problemi
Bu çox araşdırılmış bir məsələdir. Eric Jaffeyə görə bu hissləri idarə edə bilməməkdən qaynaqlanır. İşlərini ertələyən insanlar öz inkişafları üçün əngəl təşkil edirlər və bu da onların pis hiss etməsinə yol açır.
13) Tənqidçi olmaq
Başqalarının çox tənqid etmək və hər zaman digər insanların mənfi tərəflərinə fokuslanmaq insanın özünə olan münasibətindən qaynaqlanır. Başqalarının mənfi tərəflərini görməyə vərdiş edənlər özlərinə qarşı da bunu edirlər və nəticəsi əksər hallarda depressiya olur.