valideyn

Atalıq kişini necə dəyişdirir?

Baxış sayı: 745

Hər 10 kişidən 1-i atalıq sonrası depressiyadan əziyyət çəkir. Bəs buna səbəb nədir? Bu narahatlığa necə son qoymalı? Cavablar sizə maraqlıdırsa, oxumağa davam edin, bu mövzuda aparılan araşdırmaların nəticəsini təqdim edirik:

Hamiləlik və doğuş prosesi kişilərə təsirsiz ötüşmür. Kişilər də qadınlar kimi doğuşdan sonra stress və depressiya yaşaya bilərlər.

Artan məsuliyyət, emosional təzyiq, uşaq sahibi olmağın səbəb olduğu xərclər, həyat tərzinin dəyişməsi, həyat yoldaşı ilə münasibətlərdə fərqliliklər, yuxusuzluq və ev işlərinin çoxalması kişilərdə depressiyaya səbəb ola bilər.

Adətən, kişilərin depressiyası qadınların depressiyası ilə bağlı olur. Hamiləlik dövründə dəyişməyə başlayan münasibətlər, qadının bədənində baş verən fizioloji və hormonal fərqlər kişilərə təsir edir. Kişi emosional və sosial cəhətdən ata olmağa hazır deyilsə, atalıqla bağlı narahatlığı və maddi problemləri varsa, yavaş-yavaş həyat yoldaşından uzaqlaşmağa başlayır və ər-arvad arasında əlaqə qopur.

Ata

Kişi xoşbəxtliyi çöldə axtarır

Həyat yoldaşlarının bir-birilərindən gözləntiləri, bu müddətdə yaşanan qarşılıqlı xəyal qırıqlığı, hamiləlik dövründə və sonrasında uşağa daha çox qayğı göstərən qadınlar kişilərin depressiyasında ən vacib amillərdir. Tədqiqatlar göstərir ki, depressiya ailədaxili qarşılıqlı əlaqəni azaldır və depressiyada olan atalar övladları ilə əlaqə qurmaqda çətinlik çəkirlər.

Şərqi Virciniya Tibb Mərkəzində alimlər 28.000 qadın və kişinin iştirak etdiyi 43 beynəlxalq tədqiqatın nəticələrini araşdırıblar. Məlum olub ki, atalardakı depressiya hamiləliyin üçüncü ayında başlayır və doğuşdan sonra bir ilədək davam edir.

valideyn

Depressiya simptomları

Kişilərdə və qadınlarda bənzər simptomlar özünü göstərir. Narahatlıq, gərginlik, tək qalmaq istəyi, az danışmaq, laqeydlik, iştah və yuxuda artma və ya azalma, əsəbilik, iş performansının azalması depressiya əlamətləridir.

Bir çox hallarda kişi evdən uzaqlaşır, işinə çox vaxt ayırır, gec saatlara qədər işləyir. Kişilər stressli vəziyyətlərin öhdəsindən gəlmək üçün qadınlarla müqayisədə daha çox qaçış taktikasından istifadə edirlər. Depressiyanın öhdəsindən gələ bilməyən kişilər qaçmağı üstün tuturlar.

Psixoloqlar isə kişilərə qarşılaşacaqları çətinliklərə əvvəlcədən hazırlaşmağı məsləhət görürlər. Belə ki, ata olduqdan sonra baş verənlər barədə məlumatlı olan və həyat yoldaşları ilə bütün problemlərini bölüşən kişilər bu dönəmi daha yüngül və xoşbəxt keçirməyi bacarırlar.

Xüsusilə, ata- övlad münasibətlərinin yüksək səviyyədə olduğu cəmiyyətimizdə kişilər uşaqlarının üzünü görəndə bütün dərdi, kədəri unutduqlarını desələr də, çətinlik çəkən bəylər psixoloqların məsləhətlərinə əməl edərək atalığın dadını çıxara bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir