novruz bazarligi

Gəl, ay müştəri! – Bakıda ən ucuz bayram bazarlığını buradan edin – FOTOREPORTAJ

Baxış sayı: 931

Elimizin Novruz kimi adəti var, keçmişdən bu günümüzə kimi yaşadılan, müəyyən çərçivələrdə qeyd edilən milli bayramımız uşaqdan böyüyə hər kəsdə sevinc, xoşbəxtlik hissi oyadır. Gəlişi ilə həm təbiəti, həm də insanların hisslərini canlandıran Novruz xüsusi hazırlıqla müşayiət edilən bayramlardandır. Lakin dünyanı cənginə alan pandemiya təmtərağı bir az arxa plana çəkib. Ancaq pandemiya şəraitində olsa da, insanlar baharın gəlişini özünəməxsus şəkildə qeyd etməyə çalışırlar.

Vətəndaşların bayramla əlaqədar kənd təsərrüfatı və digər yerli qida məhsullarına olan tələbatlarını ödəmək üçün hər il olduğun kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyi “Aqrar Tədarük və Təchizat ASC” ilə birgə paytaxtın bir neçə yerində “Kənddən şəhərə” yarmarkaları təşkil edib.

Gənclik metrostansiyasının çıxışında yerləşən yarmarkaya gedərək həm qiymətlərlə maraqlandıq, həm də satıcıların və alıcıların fikirlərini öyrəndik.

Yarmarkanın girişində “Aqrar İnkişaf Könüllüləri”nin nümayəndələri bizi qarşılayır. Temperaturumuz yoxlanılır, əllərimiz dezinfeksiya olunduqdan sonra içəri keçməyimizə icazə verilir.

Yarmarkaya daxil oluruq… Bayrama sayılı günlərin qalması burada olan müştəri sıxlığından da hiss olunur. Hər çeşiddə və qiymətdə olan məhsullarını satmaq üçün alıcılara səslənən satıcılar da gözümüzdən yayınmır. Bütün məhsulların qiymət və keyfiyyəti ilə bağlı məlumatları həm fermerlərin özlərindən soruşa, həm də girişdə yerləşdirilən məlumat lövhəsində görə bilərsiniz.

Satıcılara yaxınlaşırıq. “Xalis İsmayıllı balıdır, almasan da gəl, dadına bax”, deyən satıcı xanım bal məhsullarını bizə bu cür təqdim edir. Ballar növündən və tərkibindən asılı olaraq 20-70 manata təklif olunur.

Satıcılar deyirlər ki, balların keyfiyyətindən əmin olmaq istəsəniz, yoxlada da bilərsiniz. Bunun üçün yarmarkanın girişində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. İstənilən qida məhsulunu burada analiz etdirə bilərsiniz.

Yarmarkada demək olar ki, hər çeşid məhsula rast gəlmək olar. Fermerlər bildirirlər ki, eyni məhsulun müxtəlif qiymətlərlə satışı keyfiyyət və istehsal prosesinə görədir. Sıra ilə piştaxtaların önündən keçirik, məhsulların qiyməti ilə maraqlanıb, fermerlərlə hömsöhbət oluruq, haradan gəldiklərini soruşuruq. Onlar kənd təsərrüfatı məhsullarını satmaq üçün ölkənin müxtəlif bölgələrindən buraya gəldiklərini deyirlər. Hətta öz rayonunun, kəndinin məhsulundan ürəkdolusu danışanlar da var.

Piştaxtaya kisələrdə düzdüyü düyüləri alıcılara təqdim edən fermer bildirir ki, bu məhsulları Ağdaşdan gətirib. Hətta düyünün yetişdirildiyi Ağdaş rayonunun Qaradeyin kəndinin adını iri hərflərlə yazaraq piştaxtanın mərkəzinə də yerləşdirib. O, bununla gətirdiyi məhsulu satmaqla yanaşı, həm də Ağdaş rayonunun bu kəndinin düyüçülüklə məşhur olduğunu da insanlara göstərməyə çalışır.

 

Satıcılar deyir ki, qiymətlərdən narazı olan yoxdur, aşağı istəyən olanda endirim edirlər. Ölkənin, demək olar ki, bütün rayonlarından həmin bölgəyə məxsus məhsulları burada görmək olar. Alıcılar bildirirlər ki, burada satılan məhsullar mağazalardan qat-qat ucuzdur. Onlar yarmarkadan məmnun olduqlarını, buranın iri ticarət mərkəzləri ilə müqayisədə kifayət qədər münasib olduğunu deyirlər.

Yarmarkada meyvə-tərəvəz məhsulları da münasib qiymətə satılır. Meyvələrdən alma 0,30-4, nar 1,50-3, üzüm 2-2,75, portağal 1,80-2,50, heyva 0,70-1,50, armud 1,40-3,50 manata müştərilərə təklif edilir.

Tərəvəzlərdən badımcan 1,50-2, pomidor 1-3, kök 0,50-0,70, sarımsaq 5-5,5, xiyar 2,5-3,50, bibər 3,50-4,50, kartof 0,45-0,80, soğan 0,45-0,90 manata satılır.

Quru meyvələrdən isə qoz 2,8-10, fındıq 4-9, fındıq ləpəsi 13-17, qoz ləpəsi 7-23, şabalıd 5-9, innab 3-12 manata təklif edilir.

“Aqrar Tədarük və Təchizat ASC”nin mətbuat xidmətinin rəhbəri Mais Musayev burada fermerlərə hər cür şərait yaradıldığını deyir: “Onların əksəriyyəti bölgələrdən gələnlərdir. Hər regionun özünəməxsus məhsulları ilə yarmarkamızda iştirak edirlər. Onlar piştaxtalarla, önlük, tərəzi, soyuducu ilə, pandemiyanı nəzərə alaraq mütəmadi olaraq əlcək, maska və dezinfeksiyaedici məhlullarla təmin olunublar. Hazırda könüllülər də iştirak edir. Polislər də dəstək olurlar, yarmarkaya nəzarət olunur. Burada orta bazar qiymətindən qat-qat aşağı qiymətlərdir. Elə müştəri var ki, premium məhsul almaq istəyir ki, bu olsun deyə piştaxtalarda müxtəlif qiymətə məhsul görə bilərsiniz. Əsasən keyfiyyətli və qiymətləri münasib olan məhsullara üstünlük verilir”.

Yarmarkada qida məhsulları ilə yanaşı, Novruz atributları da satılır ki, bunlardan biri də səmənidir. Siz buradan ölçüsünə və görünüşünə uyğun olaraq müxtəlif qiymətə səməni ala bilərsiniz. Sadələri 1-2, nisbətən böyükləri və bəzəkli olanları isə 15-18 manata almaq mümkündür.

Belə yarmarkalar Bakıda üç, Abşeron ərazisində isə bir ünvanda təşkil olunub. Ümumilikdə isə, yarmarkalarda 100-dən artıq fermer 60-a yaxın kənd təsərrüfatı və yerli qida məhsullarını satışa çıxarıb. Yarmarkalar martın 19-na qədər fəaliyyət göstərəcək. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir