pese

Hansı peşə gələcəkdə daha çox pul qazandıracaq?

Baxış sayı: 728

 “Dərslərini yaxşı oxu, universitetə qəbul ol, böyüyəndə yüksək maaşlı işin olacaq”. Əksər vaxtlarda evdə valideynlər, məktəbdə də müəllimlər uşaqlara bu fikri təlqin edirlər. Amma dəfələrlə bu fikrin hər uşağın taleyində keçərli olmadığının şahidi olmuşuq.

Mükəmməl təhsil önəmlidir, mübahisəsiz… Amma bəzən orta məktəbi əla qiymətlərlə, universiteti “qırmızı diplom”la bitirənlərin də gələcəkdə maliyyə sıxıntıları ilə üzləşdiyini və bundan çıxış yolu tapmaqda çətinlik çəkdiyini görmüşük. Yeri gəlmişkən, dünya milyarderlərini misal göstərə bilərik ki, onların bir qismi heç də yüksək ali təhsilə malik deyil. Məsələn, onlar arasında “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberqi misal çəkmək olar.  O, Harvard Universitetinə daxil olsa da, təhsilini yarımçıq qoyub və  2004-cü ildə məktəb yoldaşları və yataqxana qonşuları ilə birlikdə dünyada ən populyar sosial şəbəkə olan “Facebook”u yaradıb.

“Microsoft” şirkətinin yaradıcısı, dünya milyarderi Bill Geyts də Harvard Universitetində təhsilini buraxıb, sinif yoldaşı Pol Allenlə birgə firmasını yaradıb. Bu siyahını çoxaltmaq da olar. Amma bu faktlar bir çox sualları ortaya çıxarır. Bu şəxslərin uğur qazanmasında səbəb nə idi? Gələcəkdə hansı peşə daha uğurlu, lazımlı sayıla bilər? Təhsil sistemində daha çox nəyə üstünlük verilməlidir, valideynlər uşaqlarını hansı istiqamətdə yönləndirməlidirlər?

Yeri gəlmişkən, dünyanın tanınmış yazıçıları  R.Kiosaki və Ş.Lekter ərsəyə gətirdikləri iki kitabı məhz bu mövzuya həsr ediblər. Onlar məktəblərdə ənənəvi təhsil sistemini tənqid ediblər. “Məktəbdə maliyyə elmi üzərində yox, elmi və peşəkar biliklər üzərində diqqət cəmləyirlər. Bax, buna görə bank işçiləri, mühasiblər, həkimlər və vəkillər təhsildə uğurlu olsalar da, ömür boyu maliyyə sarıdan çətinlik çəkirlər. Bizim ölkənin böyük borcları var, bu da onunla izah olunur ki, yüksək təhsilli siyasətçilər və dövlət xadimləri pul barəsində heç bir anlayışı olmadan maliyyə qərarları verirlər”- deyə, müəlliflər “Varlı ata, kasıb ata” əsərində qeyd ediblər.

Yazıçılar digər əsərdə də “Pul axını kvadrantı”nda  təhsilin önəmi ilə bərabər pulun düzgün idarə olunmasını diqqətə çəkirlər.

Bəs görəsən, bizim ekspertlər mövzu barədə nə düşünür, onların övladı hansı peşəni seçib və ya seçəcək?

Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!” - Modern.Az Azərbaycan və dünya xəbərləri

Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa aşağıdakıları dedi: “Uşağın yetənəyi hansı istiqamətə formalaşa bilirsə, ora yönəlməyi doğru olar. Oğlum, məsələn, iqtisadiyyat üzrə – menecmentlik təhsili alır. Müasir dövrün ümumi standartlarına uyğun təhsil peşəsidir. Orada da, hər halda, formalaşma imkanı var. Amma mənim üçün maraqlı olan əsasən dünyagörüşün olmasıdır. İnsanın hansı peşədə olmasından asılı olmayaraq, dünyagörüşü yetkinləşməlidir, təkmilləşməlidir ki, mürəkkəb həyat proseslərindən normal nəticələrlə çıxa bilsin.  Konkret peşə indiki dövrdə əslində heç önəmli də deyil. Dünyagörüşü olmayandan sonra 30-40 il eyni peşədə qalmaq imkanları müasir dövrdə mümkün deyil. Çevik, texnoloji dəyişikliklər baş verir. O baxımdan dünyagörüşü geniş, əhatəli olanda o peşənin standartlarını yuxarı qaldıra bilir”.

Millət vəkili köklü dəyişikliyə ehtiyacın olduğunu vurğulayır: “Ümumiyyətlə, bizdə həm ali, həm də orta məktəb infrastrukturu olmayan bir sistemdir. Məsələn, fiziki tərbiyə imkanları məhduddur. İnsan yalnız zehni deyil, fiziki məşğuliyyətlə kifayətlənməlidir. Məktəb infrastrukturu sanki göstəriş üçün, görüntü üçün qurulub. Nə stadionu, nə duşu, nə üzgücülük hovuzu var. Bu cür infrastrukturu olmayan, daha qapalı bir xətlə böyümə yetişmə imkanı şagirdin, tələbənin qarşısına qoyulur. O da özünü yalnız kənarda yetkinləşdirə bilir.  Kənarda da problemlər var. Məhəllə həyətlərində uşaqların sosiallaşmaq imkanları yoxdur. Stadionlar yox, hər hansı əyləncə infrastrukturu yox. Biz azərbaycanlılar xalq olaraq yerlərdə, yaşadığımız mühitdə, həyətdə ümumi infrastruktur qurmağa maraqlı deyilik. Biz bütövlükdə qapalı həyat yaşamağı sevirik. İmkanı olan feodal qəsri tikir, hasarlarını qaldırıb onun içində qapalı həyata üstünlük verir. Bu da insanın inkişafına mənfi təsir edən amillərdən biridir. Çünki hər bir kəs ünsiyyətdə kimdənsə nə isə götürmək imkanı əldə edir. Hər kəs başqaları ilə komanda oyununda bir bilgilər, əlavə qabiliyyətlər aşkar edib özü üçün mənimsəyir. Ona görə də təhsilə yalnız  öyrətim metodikasında deyil, bir infrastruktur kimi baxılmalıdır. Əgər uşaq məktəbin öz avtobusu ilə dərsə getmirsə, bu qüsurdur, o  avtobusda uşaqlarla müəyyən məsələləri müzakirə etmirsə, bu onun yetişməsinə təsir göstərir. Müəllimlərin özü də işlərinə sanki məcburi bir peşə kimi yanaşırlar. Müəllimin məktəbdən kənar həyatı heç kimi maraqlandırmır. Onun həyatında olan çətinliklər mütləq onun dərs keyfiyyətinə yansıyır və özünü təkmilləşdirə bilmir. Çörəkpulu üçün bütün gününü sərf edəndə müəllim özünü yetişdirə bilmir. Uşaqlara yeni bilikləri çatdırmaqda çətinlik çəkir. Ona görə də, bu kompleks bir məsələdir. Pionerlər sarayı, gənc texniklər dərnəyi, əmək profilli dərnəklərin də olmaması uşaqların daha küt yetişməsinə  səbəb olur. Uşaqlıq çağlarından tədqiqatçı, ixtiraçı obrazına yaxınlaşmasına imkan vermir. Hesab edirəm ki, peşə seçimindən çox dünyagörüşü, oxuma texnikasını, hətta oturub necə dərs oxumasını belə uşağa öyrətməliyik. Mütaliə edəndə də belləri əyilir. Fiziki cəhətdən cəmiyyətimizdə uşaqlar məktəb mühitində sağlam yetişə bilmirlər. Çünki partadan tutmuş, idman infrastrukturunun olmamasına kimi hamısı buna öz təsirini göstərir. Uşağın hansı peşə seçməyi çox vaxt məcburiyyət xarakteri daşıyır. Çünki alternativlərimiz də çox deyil. Bunu artırmaq lazımdır ki, insanlar hansı peşəni seçirlərsə, seçsinlər bundan utanmasınlar. O peşədə avtoritet olmağı hədəf  götürməlidirlər. Hazırda yaxşı avtomobil, soyuducu ustası çətinliklə tapılır. Hansı ustaya yaxınlaşırsansa, heç biri avtomillə bağlı konkret kitab oxumayıb. Yalnız usta yanında təcrübə ilə nə isə qazanıblar. Nəzəri bilgi olmayanda da o sahədə irəli gedə bilmirsən”.

Kamran Əsədov: “Yeni tədris ilinin başlaması qaçılmaz idi”

Təhsil eksperti Kamran Əsədov də mövzu ilə bağlı fikirlərini bildirdi: “Qızlarımla dərslərdən sonra dostyana söhbət edirik. Demək olar ki, həftədə bir dəfə  gələcəyin ixtisasları barədə onlara dost kimi tövsiyələrimi verirəm. Amma özüm məcbur etmirəm.  Onların seçimləri əsasən tibb ixtisası üzrədir. Tibb ixtisasının təbii ki, gələcəkdə irəliləyəcəyini bilirik. Gələcəyin ixtisasları baxımından texnoloji və tibbi  ixtisaslar daha öndə olacaq. 2035-ci ildə dünyanın inkişaf etmiş elmi mərkəzlərində  artıq  orqanizmin bütün üzvləri barədə arayış rahatlıqla, printerdən çap olunaraq insanlara veriləcək. Amma bütün hallarda tibb ixtisası öz əhəmiyyətini qoruyub saxlayacaq. Mənim övladlarımın da tibb ixtisasına meylləndiklərini hiss edirəm. Amma bir ildən çoxdur ki, onlar kompüterlə dərslərdə iştirak edirlər, görürəm ki, texniki proqramlara, proqramlaşdırmaya da maraqları var. Bu da günün tələbidir. Əgər onlar gələcəkdə rəssam, incəsənət sahəsi ilə məşğul olmaq istəyəcəklərsə, mən buna mane olmayacağam. Fikrimcə, incəsənət ixtisasları, yaxud texniki ixtisaslar hər biri gələcəyin ixtisası olacaq. Amma biz deyə bilmərik ki, kənd təsərrüfatı ixtisasları əhəmiyyətini itirib, sadəcə, bizim öyrəşdiyimiz ənənəvidir. Gələcəyin çağırışlarına uyğunlaşdırılarsa, hər biri əhəmiyyətli olacaq. Təbii ki, texnoloji avadanlıq baxımdan. İndi hamı ev tikir, amma otuz, yüz il bundan əvvəl fərqli ev üslubu var idi, indi fərqlidir. Yəni bütün ixtisaslar da  formatını dəyişməlidir, müasir dövrə uyğunlaşmalıdır”.

Təhsil eksperti hazırda əmək bazarında peşə sahiblərinə ehtiyacın olduğunu deyir: “Amma təəssüf ki, orta məktəbləri bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır. Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olsun. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

Təəssüf ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil, sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil alanlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu ola bilər. Çünki ali təhsil almış şəxslər təhsili başa vurduqdan sonra hər zaman işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün bəzən maneələr olur.  Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə asanlıqla işlə təmin oluna bilirlər.  Təəssüflər olsun ki, orta məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər  daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir”.

K.Əsədov onu da qeyd edir ki, bu gün ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisəsində ixtisaslı kadrlar azlıq təşkil edir: “Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac var. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar gənclərin peşə təhsilinə marağını artıracaq”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir