aile

Valideynlər ödəniş almaq üçün övladlarından imtina edirlər? – “Məhkəmələr …”

Baxış sayı: 619

Bəzi ailələr ata və anasının ölümündən sonra təqaüdünü və ya əməkhaqqını hələ də almaq üçün övladını onlara himayəyə vermək üçün məhkəmələrə müraciət edirlər.

Bu cür hallarla bağlı artıq sosial şəbəkələrdə də paylaşımlar edilir. Bəs qanun nə deyir? Hansı hallarda uşaqlar nənə və babaya himayəyə verilə bilər?

Mövzu ilə bağlı sualları cavablandıran vəkil Roman Qaraşov bildirir ki, yetkinlik yaşına çatmayan şəxslərin himayəyə verilməsi ilə bağlı bir neçə qayda var:

Vəkil Roman Qaraşov

“Ən əsas qayda ondan ibarətdir ki, hər iki valideyn yetkinlik yaşına çatmayan övladına sahib çıxmaq istəməsin, onu saxlamaq iqtidarında olmasın. Bundan başqa, maraqlı şəxslərin, yəni burada qəyyumluq himayəçilik orqanı və ya yaxın qohumların müraciəti əsasında məhkəmə qaydasında da həmin şəxslər valideynlik hüququndan məhrum edilə bilər.

Uşağın himayəyə verilməsi hər iki valideynin ondan imtina etməsindən sonra baş verə bilər. Bir valideyn əgər imtina edərsə, uşaq başqa adama himayəyə verilə bilməz.

Hal-hazırda Ailə Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, övladlığa götürmə prosesi yalnız yaxın qohumlara münasibətdə deyil, ümumiyyətlə, qohumluq münasibətləri olan hər kəsə qarşı sadələşdirilmiş prosedurları əhatə edir ki, onlar asanlaşmış qaydalarda DOST mərkəzinə müraciət etməklə azyaşlını himayəyə götürə bilərlər”.

Vəkil qeyd edir ki, himayəyə verilmə məsələsi azyaşlının 18 yaşına çatana qədər ola bilər:

“Çünki 18 yaşına çatmış şəxs tam hüquq və fəaliyyət qabiliyyətli olur, onun kiminsə himayəsinə verilməsi məsələsinə baxılmır. Yalnız əqli və psixi problemləri olan şəxslər 18 yaşından sonra himayəyə verilə bilər.

Mövzuya gəlincə əgər uşaq nənə və babaya himayəyə verilmək istəyərsə, hər iki valideyn uşaqdan imtina etməlidir. Bu isə məhkəmədə həll olunur. Adətən məhkəmələr bu cür qərarları qəbul etmirlər. Yəni, müraciət etmək üçün normalar mövcud olsa da, məhkəmələr belə iddiaları təmin etmirlər. Çünki bu kimi müraciətlər əsasən, məhz elə nənə və babanın təqaüdünün, maaşın bir hissəsini uşağın almasına hesablanır”.

R.Qaraşov deyir ki, məhkəmə hər iki valideynin imtinasını təsdiq edərsə, uşaqlar nənə və babanın himayəsinə verilərsə, uşaqlar yetkinlik yaşına çatana qədər nənə və babanın vəfatından sonra təqaüdlərinin, əməkhaqlarının yalnız bir hissəsini ala bilərlər:

“Təcrübədə bu hallar var. Yüksək təqaüd və əməkhaqqı alan nənə və babalar tərəfindən bu cür müraciətlər çoxdur. Lakin bu məqsədlə uşağın himayəyə verilməsi qanunla qadağandır və hüquqlardan sui-isifadə kimi qiymətləndirilir. Məhkəmələr bu halları aşkar etməli və bu kateqoriyalı məqsəd güdən iddiaları rədd etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir