seksual qisnama

Azərbaycanda seksual qısnama hallarını yaradan səbəblər

Baxış sayı: 765

Qanunla seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış hesab edilir. Seksual qısnama qanunvericiliklə qadağan edilir. Əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. Bir müddət öncə sabiq deputat Hüseynbala Mirələmovun məlum qalmaqallı videosu bu mövzunu gündəmə çıxardı. Bununla bağlı kiçik araşdırma apararaq mütəxəssislərin fikirlərini öyrəndik.

Sosioloq Zemfira Mustafayeva bildirir ki, son dövrlərdə tez- tez cavan qızların işə qəbulu üçün vakansiyalara rast gəlirik, bunun özü də bir çağırışdır. “Gənc qızlar və gəlinlər işə  dəvət olunursa, orda da seksual qısnama halları ola bilər. Buna görə də qadınlar sosial statusundan, həyatdan və problemlərindən asılı olaraq çox zaman belə işlərə razı olurlar, qısnamaların baş verməsi də qaçılmaz hal alır. Daimi iş yerlərində də müvəqqəti bağlanan müqavilələrlə işləyən işçi seksual qısnamalara məruz qala bilir. Belə olan halda da 2-3 aydan sonra onun uyğun bir işçi olmadığı irad tutularaq işdən uzaqlaşdırıla bilir. Sosial vəziyyəti ağır olan gənc qadın məcburiyyətdən qoyulan şərtlərə razı olur», – deyə Z.Mustafayevə söyləyir.

zeyneb eyyubova

Psixoloq Zeynəb Əyyubova mövcud məsələyə fərqli yanaşaraq bildirir ki, gənc qızlar bir işə daxil olunarkən, həmin işin aurasına, işdəki meyarlara, dəyərlərə  baxmalıdır: «Bundan əlavə, əgər ilk gündən etibarən özündən vəzifəcə böyük və ya öz səviyyəsində olan biriylə lazımsız zarafat, yersiz sözlərdən istifadə edirsə,  ilk gündən təzə işə düzəlmişəm tərzimi bildirməyim yerinə, əksinə öz qırmızı xəttini bildirməlidir. Bununla da qarşısındakı insan da, həmin xanıma nəyi edib, nəyi etməyəcəyini  bilər. Burada bilavasitə çox şey xanımın özündən asılıdır. Xanım özünə qoyduğu vitrin, tərz onun işdəki mövqeyini bəlli edir».

Azərbaycanda seksual qısnama hallarını yaradan səbəblər... (ARAŞDIRMA)

İş yerlərində məcbri seksual qısnama hallarına hüquqi müstəvidə aşıqlama verən hüquqşünas Ruslan Mustafazadə qeyd edir ki, iş yerlərində sosial qısnamalara məcbur etməyin bir yolu da qadın işçinin daim işdən uzaqlaşdırılması qorxusu ilə yaşamasıdır, məhz buna görə də o, məcburiyyətdən işəgötürənin şərtlərinə razı olur. “Son illərdə daimi iş yerlərinə müvəqqəti müqavilələrlə işə qəbul özü öz növbəsində işəgötürənin işçini istədiyi zamanda  uzaqlaşdırmasına hüquqi cəhətdən rahat şərait yaradır. Qadın işçilərdə əmək müqavilələrinin qısa müddətli olduğunu və işə götürənin istədiyi vaxtda onu uzaqlaşdıra biləcəyini  bildiyindən  çox zaman qoyulan şərtləri qəbul edən tərəf olur. Bunun qarşısını almaq üçün məhkəmə praktikasında 2-3 aylıq müddətli əmək müqavilələrinə xitam verildikdə işçi məhkəməyə müraciət edir ki, iş yerim daimidir, amma mən müvəqqəti əmək müqaviləsi ilə işə götürülmüşəm və daim təziq altında saxlanılmışam. Müddətsiz olduğu halda, işdən rahatlıqla uzaqlaşdırılmağım qanunsuzdur. Məhkəmələr isə bununla razılaşmır və müqavilələrin könülllü bağlandığını əsas gətirirlər. Müqavilənin müddətli olduğunu bildiyiniz halda özünüz razı olmusunuz. Real həyatda isə, müqavilə ilə razılaşmayan tərəf işsiz qalır. Məhkəmələr özü də iş yerinin daimi, lakin müqavilənin müddətli olduğunu aşkar etsə də, iddianı təmin etmirlər. Çünki müqavilələr könüllü şəkildə bağlanır. Ona görə də, əmək qanunvericiliyində dəyişikliklər olmalıdır ki, əgər həmin iş müvəqqəti deyilsə o zaman iş yeri daimi kimi qiymətləndirilməlidir və elə də qəbul edilməlidir. Daimi iş yerinə müqavlə də faktiki olaraq daimi olmalıdır. Bununla da işə götürən qanunu pozmuş olacaq, işçilərin əmək hüquqlarına isə ciddi şəkildə təsir edən bir amil olacaq. Seksul qısnamaların qarşısının alınması üçün ilk növbədə əmək hüquqlarının təminatını gücləndirmək lazımdır. İşçi əmin olmalıdır ki, hüquqi əsaslar olmadan onu işdən çıxarda bilməyəcəklər. Ən əsası isə, məcbiriyyətdən seksual qısnamalara məruz qalmayacaqlar. Seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. İnzibati Xətalar Məcəlləsində seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub. İşçi seksual qısnamaya məruz qaldıqda işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Seksual qısnamaya məruz qalmış işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir», – deyə Ruslan Mustafayev qeyd edib. O həmçinin bildirib ki, Əmək Məcəlləsinə əsasən işə götürənlərlə işçilər arasında kollektiv müqavilələr bağlanarkən iş yerində və ya işlə əlaqədar olaraq seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi haqqında tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir. Seksual qısnamaya məruz qalmış işçi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına əsasən ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilməlidir.

 

Xədicə Səxavətqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir