“Moderna” şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açıqlama verib. Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni ştammlarına qarşı anticisimlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozaya bədənin dözümlülüyünü də qeyd edib. Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanda hazırda koronavirus əleyhinə vaksin iki dozada tətbiq edilir. Amma mütəxəssislər bəzi kateqoriya üçün üçüncü doza peyvəndin tətbiqini mümkün hesab edirlər.
İnfeksionist Vüqar Cavadzadə bildirir ki, koronavirusa qarşı ölkəmizdə hazırda iki doza vaksinin tətbiqi ciddi zərurətdir. V.Cavadzadə bununla belə, hər iki vaksinin yaratdığı immunitetin müddətinin 6 ay təşkil etdiyini söyləyir:
“Üç ay müddətində virusa yoluxma qeydə alınsa belə, xəstələnmə faizi çox aşağı olur. Amma peyvənd edilən insanlar üç aydan sonra xəstələnə bilirlər. Mən hesab edirəm ki, koronavirus cəmiyyətdə davam edərsə, üçüncü doza vaksinin vurulmasına da ehtiyac duyulacaq”.
İnfeksionist bunun səbəbini iki doza vaksin olunan şəxslər arasında xəstələnmə hadisəsinin qeydə alınması ilə izah edir: “Dünyada, eləcə də ölkəmizdə də iki doza vaksin olunan şəxslər arasında xəstələnmə halları baş verib. 6 aydan sonra ola bilər ki, risk qrupuna daxil olan şəxslərə üçüncü doza vaksinin vurulmasına ehtiyac yaransın”.
V.Cavadzadə deyir ki, vaksin öldürülmüş virus hissəciyidir. Bu antigen bədənə daxil edildikdə antitellər yaranır. Beləcə də xəstəliyə qarşı bədəndə süni immunitet formalaşır. İnfeksionist bildirir ki, bu antitelin 6 aydan sonra qanda azalması, yaxud da yox olub getməsi prosesi baş verir.
Həmsöhbətimiz bildirir ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın zəif olması ölkəmizdə pandemiyanın arzuolunan səviyyədə aşağı düşməsinə mane olur:
“Azərbaycanda 1 milyondan çox əhali vaksinasiyaya cəlb olunub. Bir sıra ölkələrdə isə bu göstərici 70-80 faizə yaxındır. Çox təəssüf ki, Azərbaycanda vaksinasiya prosesi çox ləng gedir. Kimlər ki risk qrupuna daxildir, həmin şəxslərin üçüncü doza vaksin olunması gündəmə gələ bilər”.
Ekspert deyir ki, insana hansı vaksin vurulubsa, üçüncü doza vaksini də həmin peyvənddən vurulmalıdır. Onun sözlərinə görə, eyni vaksindən istifadə daha məqsədəuyğundur.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirir ki, peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bununla belə dünya ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü dozanın tətbiqi ilə bağlı müəyyən fikirlər var. Deputat bildirir ki, üçüncü doza möhkəmləndirilmiş vaksin sayılır. Bununla bağlı qərar ancaq pandemiyanın necə davam edəcəyindən asılı olacaq: “Koronavirus əleyhinə üçüncü doza vaksinin tətbiqi üçün pandemiyanın hansı istiqamətdə davam edəcəyini nəzərə almalıyıq. Həmçinin statistik məlumatlar toplanılmalıdır. Əgər pandemiya hazırkı səviyyədə, yəni sönmək istiqamətində davam edərsə, həmçinin vaksinasiya olunmuş insanların sayı kifayət həddə çatarsa, yoluxmaların sayında da azalma olarsa, üçüncü dozaya ehtiyac olmayacaq. Peyvənd olunmuş əhali faizi 70 faizə çatdıqdan sonra üçüncü doza ilə bağlı qəti fikrə gəlmək olar. Azərbaycan və digər yanaşı ölkələrin peyvənd strategiyasında üçüncü doza nəzərdə tutulmayıb. Təbii ki, zamanla buna qərar verilə bilər”, – deyə deputat bildirir.
M.Məmmədli deyir ki, peyvəndlənmiş insanların qanındakı antitellərin səviyyəsi mərhələ-mərhələ ölçülür. Onun sözlərinə görə, əgər antitellərin səviyyəsi yenidən xəstələnmə həddinə çatarsa, bu barədə qərar verilə bilər. O bildirir ki, yalnız bundan sonra üçüncü möhkəmləndirmə dozasının vurulması üzərində düşünmək mümkündür.
M.Məmmədli deyir ki, hal-hazırkı peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmasa da, bu istiqamətdə elmi araşdırmalar aparılır.