kino

Kinonun turizmi və ya məşhur filmlərin çəkildiyi məkanlar turistlərin diqqətini çəkən obyektlər kimi

Baxış sayı: 712

Məşhur filmlərin çəkildiyi yerlərə turistlərin səyahəti turizmin bir marşrutuna çevrilib. Bu, təbiət, hər hansı bina və ya bəzən bütöv bir şəhər ola bilər. Kino sənayesinin təsiri altında yaranan bu turizm növü mədəni-tanışlıq səyahət növü kimi dünyada məşhurdur. Kinoturizm yeni destinasiyanın yaranması ilə bərabər? yeni turizm məhsullarını gündəmə gətirir. Məsələn, kino muzeyləri, filmlərə baxış, səyyar kino və s. məhz bu marşrut zamanı formalaşır. Dünyada bir çox belə məkanlar var ki, kinoturzmi kimi dünya turistlərini cəlb edir. Məsələn, Yeni Zelandiya turizmin bu növünün inkişafına görə “Üzüklərin Rəbbi” trilogiyasına minnətdardır. Böyük Britaniya ölkəsi İngiltərədən tutmuş Şotlandiyaya qədər Harri Potter, Ceyms Bond və Şerlok Holmsun pərəstişkarlarını daim cəlb edir.

Kinoturizm marşrutunda şəhərlər, təbiətlə bərabər otellər də turizm obyekti kimi məşhurlaşır. Havanada YUNESKO-nun mədəni irsi sayılan qədim “Mercure Sevilla Havane” oteli mədəni arxitektor abidə kimi daha çox “Xaç atası” filminə görə tanınır. Mərakeşin El Suvayro liman şəhəri isə “Qladiator”, “Aleksandr”, “İran şahzadəsi” filmləri ilə məşhurlaşıb və turistlərin axını ilə böyük gəlir qazanır.

Məşhur aktyor Al Paçino bu yaxınlarda verdiyi müsahibəsində Kaliforniyada yaşadığı evin daim turistlər tərəfindən əhatələndiyini bildirib.

Polşanın Krakov şəhərinə gələn turistlər “Şindlerin fabriki”nə mütləq baş çəkirlər. Müharibə zamanı dəhşətli hadisələrə şahidlik edən fabrik görkəmli rejissor Stiven Spilberqin dühası ilə turistlərin ziyarət üçün saatlarla növbədə durduqları məkana çevrilib. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə bir çox sənət əsərini, Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların maketlərini, fabrikdə hazırlanan əşyaları və s. eksponatları görmək mümkündür.

Avstriyanın paytaxtı Vyanaya tur zamanı turistlərə avtobusda “Sissi” filmini nümayiş etdirirlər. Turistlər imperatriça Sissinin həyatı haqqında ilkin məlumatı elə filmdən alırlar. Sonra isə üsyankar Avstriya imperatriçasının yaşadığı – hazırda muzey kimi fəaliyyət göstərən saraya səfər başlayır.

Qonşu Rusiyada da turizmin bu marşrutu inkişaf edib. Məsələn, 1973-cü ildə “Mosfilm”in istehsalı olan “Sakit üfiqlər” filminin çəkildiyi Kareliya meşələri və balaca Syarqilaxta kəndi turistlərin sevimli yeridir. Çəkilişlərin həyata keçdiyi həmin yerləri indi ekskursiyaya gələnlərə həvəslə nümayiş etdirirlər. Hər il Rusiyanın ucqar şəhər və vilayətlərindən gələn turistlər yaşıl və sıx meşəyə, sakit gölə, əsgər Liza Briçkinanın öldüyü bataqlığa baxmağa gedirlər.

Litvanın paytaxtı Riqada “Baharın on yeddinci anı” filmindən məşhur kadrın çəkildiyi “Çvetoçnaya uliça” küçəsi turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir.

Ümumiyyətlə, dünya ölkələrinin kino turizmi ilə bağlı nümayiş etdirilən və turistləri cəlb edən məkanları saysız-hesabsızdır.

Kinoturizmin populyarlığını müşahidə edən ölkələr get-gedə turizmin bu növünə diqqəti artırırlar. Dövlətlər onun konsepsiyasını yeni başa düşməyə başlayıblar. Turizm ekspertləri hesab edirlər ki, düzgün strategiya olsa, turizmin bu növünü geniş inkişaf etdirmək olar. Belə ki, onun əsas elementlərindən biri informasiya portalı yaratmaqdır ki, dünya turistlərinin diqqətini çəksin. Yəni onlar bu yolla məşhur filmlərin çəkildiyi yerlər haqqında informasiyalar əldə edə, həmin ölkənin kinosuna bələd ola bilərlər. Bəzi turistlər də var ki, onlar tur agentliklərinin köməyindən imtina edərək sərbəst səyahətə üstünlük verirlər. Bu qəbil turistlər üçün də kinoturizm marşrutu maraqlı ola bilər.

Bizim kino məkanları

Yerli və xarici filmlərin çəkildiyi məkanları turizm obyekti kimi təqdim etməklə kinoturizmi inkişaf etdirmək bizim ölkə üçün də mümkün ola bilər. Düzdür, “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”, “Dərviş Parisi partladır” və s. filmlərin çəkildiyi Mərdəkan Dendroparkı bu gün yerli sakinlər və yaxın ölkələrin turistləri üçün tanınır. Xüsusən, məktəblilər və tələbələr bu parka ekskursiya edirlər.

Ancaq bizim filmlərin çəkiliş məkanlarının çoxu diqqətdən kənarda qalıb. Həmin ərazilərdə hər hansı məlumata da rast gəlmək olmur.

1961-ci ildə aktyor Vladimir Korenevin baş rolda çəkildiyi “Amfibiya adam” filminin bəzi kadrları məhz Bakıda lentə alınıb. Filmdə Quttierə məxsus mağazanın olduğu yer Bakıdadır. Amma küçədəki bina əsaslı şəkildə dəyişdirilib. Evə suvaq çəkilib və girişlər bağlanıb. Eyvan da dəyişilib. “Qorxma, mən səninləyəm” filmi də məhz burada çəkilib. Amma bununla bağlı ərazidə hər hansı işarə və ya yazı yoxdur.

Azərbaycan kinosunun incilərindən olan “Uzaq sahillərdə” filminin kadrlarının ən məşhur səhnələri Ağsu rayonunda çəkilib. Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi Kövlic kəndindəki ev bərbad vəziyyətdə də olsa, saxlanılır. Ancaq həmin evin təmir olunması, turizm obyekti kimi heç olmasa yerli turistlərin üzünə açılması yaxşı olardı.

Qazaxda 1918-ci ildə açılan müəllimlərin ilk seminariyası da kinoturizm marşrutunun inkişafında mühüm rol oynaya bilər. Vaxtilə bu seminariya Azərbaycan üçün, eləcə də Gürcüstan və Ermənistanda yaşayan soydaşlarımız üçün elm ocağı olub. Bu təhsil ocağında 1959-cu ilədək 3000-ə yaxın kadr yetişdirib. İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında yazdığı ssenari üzrə Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film 1969-cu ildə bu seminariyanın binasında çəkilib. Təəssüf ki, bina  yararsız vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var.

Mövzu ilə bağlı münasibət bildirən rəsmi qurumların və ekspertlərin kinoturizmin ölkəmizdə inkişafı ilə bağlı fikirlərində üst-üstə düşən və fərqi məqamlar var.

Maraqlı təşəbbüs

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov dünya təcrübəsində “Film komissiyası” anlayışının olduğunu bildirir. Film komissiyaları xarici istehsalçı şirkətlərini (film, televiziya və reklam istehsalçıları daxil olmaqla) çəkiliş aparmaq üçün cəlb edən və istehsala dair dəstək təklif edən təşkilatlardır. Film komissiyaları «bir pəncərə» prinsipi əsasında fəaliyyət göstərir və xarici prodüserə yalnız bir orqana müraciət etməklə ölkə ərazisində film istehsalı üçün tələb olunan bütün prosedurları həll etməyə imkan verir (təşkilati və loqistik xidmətlər, icazələr, kastinq, avadanlıq və s.)  Nazirlik rəsmisi qonşu ölkələrin təcrübəsindən danışaraq ötən il Gürcüstanda baş tutan «Forsaj 9» filminin çəkilişləri nəticəsində Gürcüstanın iqtisadiyyatına 11 milyon dollara yaxın yatırım olunduğunu qeyd edir: “Bu, birbaşa Gürcüstan Film Komissiyasının uğurlu fəaliyyətin nəticəsidir. Azərbaycanın da bu sahədə çox böyük potensialını nəzərə alaraq yaxın zamanlarda Azərbaycan Film Komissiyasının təqdimatını keçirməyi düşünürük”. R.Həsənov bildirir ki, Azərbaycanda filmlərin çəkilişi üçün uyğun olan bütün məkanların – meşələr, dağlar, parklar, tunellər, körpülər, modern və köhnə Bakı və s. yerlərin kataloqu artıq hazırlanıb: “Çəkiliş üçün əlverişli imkanlarımız var. 9 iqlim zonası, hər cür mənzərələr, unikal landşaft. Təbii ki dünya təcrübəsinə əsaslanaraq xarici istehsalçıları cəlb etmək üçün müəyyən vergi və s. güzəştlərin tətbiqi də önəmli məsələdir. O ki qaldı köhnə filmlərin çəkiliş məkanlarını kinoturizm marşrutuna çevirmək mövzusuna – o də planlarımızda yer ala bilər. Köhnə məkanlar istehsalçılar üçün maraq doğursa, həmin çəkiliş məkanlarını da bu siyahıya daxil etmək olar. Belə bir təşəbbüs maraqlıdır və bunu reallaşdırmaq mümkündür”.

 

Bizdə heç nə qalmayıb

Kinorejissor Tahir Tahiroviç hesab edir ki, kinoturizm marşrutunun formalaşması Azərbaycanda bir qədər çətin alınan məsələdir. Belə ki, Azərbaycan kinosu sovet dövründə postsovet məkanında o qədər də tanınmış olmayıb: “Yəni bizim kinomuz gürcülərin kinosu qədər tanınmırdı. Gürcülərin “Əsgər atası”, “Mimino” filmlərini sovet məkanında daha çox tanıyırdılar. Məsələn, Ukraynadan gələn turistdən “Mehti Hüseynzadəni və ya “Dəli Kür” filmindən Şamxalı tanıyırsanmı?”- deyə soruşsaq tanıyacaqmı ki, biz onu Qazaxa və ya Ağsuya aparaq. Axı o filmlərə baxmayıblar. O filmləri tanımayan adamlara həmin məkanları aparıb nümayiş etdirmək bir qədər mənasızdır. Amma Azərbaycan məktəblilərini həmin məkanlara aparmaq olar. Amma bundan öncə o filmləri onlara nümayiş etdirməliyik. Sonra ayda bir dəfə hər məktəb Ağsu, Qazax, Gəncəyə və s. məkanlara kinotur təşkil edə bilər”. Rejissorun sözlərinə görə, pandemiyadan qabaq Kinoittifaqla birgə “Kəndlərdə kino” adlı layihəsi olsa da, hələ bunu reallaşdıra bilməyib: “Hər həftə bir kənddə səyyar kino təşkil edəcəkdik. Sonra məktəblərin kino klubunu yaratmaq istəyirdik. Amma pandemiya səbəbindən həyata keçirə bilmədik. Tanınmayan filmləri aparıb nümayiş etdirmək istəyirdik.

Sovet dövründə İşərişhərdə “Brilyant əl” filmi çəkilib. Bütün sovetlər birliyindən gələn turistlər o məkana baxır. Mironovun yıxıldığı və “Çort poberi” adı ilə məşhurlaşan yerdə balaca bir heykəl qoymaq olardı. Mən Rusiyadan, Ukraynadan gələn qonaqlarımı ora aparıb məlumat verirəm. Həmin ərazini turizm məkanı kimi tanıtmaq olar. Gələn turistlər də orada şəkil çəkdirsinlər. Məsələn, “Amfibiya adam” filminin çəkildiyi ərazidə ekran əsərinin müəyyən bir kadrını əbədiləşdirmək olardı. “Mosfilm”in həyətində sovet vaxtı çəkilən filmlərdən olan rekvizitlər saxlanıb. Filmlərin çəkilişində istifadə olunan maşınlar, Anna Kareninanın karetası, dekorasiyalar qalır. Turistlər “Mosfilm”in həyətində həmin eksponatlara baxırlar. Bizdə heç nə qalmayıb. O baxımdan bizdə kinoturizmi yaratmaq effektsiz olar”.

 

Hərtərəfli layihə hazırlanıb həyata keçirilsə…

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, kinoturizm marşrutu yaratmaq istiqamətində aidiyyəti qurumların fəaliyyəti olmalıdır: “Köhnə filmlərin çəkildiyi məkanların çoxu həmin ərazilərdə yaşayan insanların yaddaşında qalır. O əraziləri siyahıya daxil edib, marşrut təşkil etmək olar: “Təkcə “Uzaq sahillərdə” və ya “Dəli Kür” filmini deyil, eləcə də “Böyük dayaq”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Ögəy ana” və s. filmlərin çəkildiyi məkanlara turistik marşrutlar təşkil etmək olar. Ancaq bundan öncə həmin filmlər insanlara tanıdılmalıdır. Xüsusən, böyüyən nəsil milli kinolarımızdan, ölkəmizdə çəkilən filmlərdən xəbərdar olmalıdır. Bu istiqamətdə hərtərəfli layihə hazırlanıb həyata keçirilsə, bu marşrut daxili turizmdə də böyük rol oynaya bilər”.

İndi iş aidiyyəti qurumların yanaşmasına qalır. Kinoturizm marşrutu postpandemiya dövründə turistləri məlumatlandırmaq və cəlb etmək üçün bir destinasiyaya çevrilə bilər. Təbii ki, bu marşrutun yaranması və inkişafı üçün sadalanan məsələlər həll olunandan və mükəmməl bir yol xəritəsi hazırlanandan sonra…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir