Koranavirus vaksini

Antitel varsa, vaksinə nə gərək?

Baxış sayı: 737

10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla), məscidlərin, idman zallarının, çimərliklərin fəaliyyəti bərpa edildi.

Lakin bildirildi ki, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və saylarının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Yəni bəzi məkanlara daxil olmaq üçün ya COVID-19 pasportun, ya da COVID-19-a qarşı immunitet sertifikatın olmalıdır. Sertifikatı ancaq virusa yoluxan və COVİD-19 xəstəsi kimi qeydiyyata düşənlər ala bilərlər. COVID-19 pasportunu isə yalnız vaksin vurduranlara verirlər.

Ancaq burda digər bir böyük qrup var. O qrup ki xəstəliyi simptomsuz, yaxud yüngül simptomlarla keçiriblər, TƏBİB-in sistemində qeydiyyata düşməyiblər. Belələri analiz verirlər və orqanizmlərində virusa qarşı antitel olduğu aşkarlanır. Lakin həmin şəxslərə COVID-19-a qarşı immunitet sertifikatı verilmir, pasportu almaq üçün vaksin vurdurmaq lazım olduğu bildirilir. Həmin şəxslər etiraz edirlər ki, əgər orqanizmdə virusla mübarizə aparacaq qədər antitel varsa, niyə vaksin vurdurmalıyıq? Onlar deyirlər ki, qanında antitel aşkarlanan şəxslərə vaksin vurdurmadan COVID-19-a qarşı immunitet sertifikatı verilməsi mümkün deyilmi?

Burda tibb nə deyir? Həmin şəxslərin vaksin vurdurmasına ehtiyac varmı?

Antitel varsa, vaksinə nə gərək?

Həkim-infeksionist Mərdan Əliyev deyir ki, bu istiqamətdə hər hansı bir qərarın qəbul olunmasına ehtiyac var: “Bir qisim xəstəliyi simptomsuz keçirir. Xəstəliyi keçirmələrindən xəbəri olmur. Qan analizi verir və antitel aşkarlananda məlum olur ki, yoluxub və sağalıb. Belələri təbii ki sistemdə koronavirusa yoluxub sağalanlar kimi qeydiyyata düşmürlər. Bundan başqa, əksər hallarda insanlar virusa yoluxmanı yüngül simptomlarla keçirirlər. Virusa yoluxduqlarından xəbərləri olur, ancaq xəstəxanaya müraciət etmirlər, ev şəraitində yüngül müalicə ilə sağalırlar. Yaxud xəstəliyi ağır keçirən bir qisim var ki, onların testinin cavabı neqativ çıxır. PCR (Polimeraza Zəncirvari Reaksiya) analizlərinin effektivliyi 75 faizdir. Bu da o deməkdir ki, virusa yoluxan 3 nəfərdən birində test cavabı neqativ çıxa bilir. Bu zaman onlar koronavirus xəstəsi kimi qeydiyyata düşmürlər, amma müalicə alırlar, sağalırlar. Bizim yanımıza gələn elə xəstə çox olub ki, simptomlar hamısı COVİD-19-u göstərir, amma analiz neqativ çıxır. Yəni virusa yoluxub sağalan, amma qeydiyyata düşməyən şəxslər kifayət qədər çoxdur. Düşünürəm ki, bu cür şəxslər nəzərə alına bilər. Bu məsələ ilə bağlı hazırda müzakirələr gedir. Bəlkə yaxın zamanlarda bununla bağlı qərar qəbul oluna bilər. Lakin hələ ki hər hansı qərar yoxdur”.

M.Əliyevin sözlərinə görə, tibbi baxımından yanaşanda, o şəxslərə vaksin vurulması vacib deyil: “Ola bilər ki, ölkədə kifayət qədər vaksin var, arxayınlıq olsun deyə, hamıya vurulmasını istəyirlər. Ancaq tibbi baxımından yanaşsaq, o şəxslərə vaksin vurulmaya bilər. Çünki artıq orqanizmdə immunitet var. Qan analizlərinə əsasən deyirlər ki, bir dəfə yoluxan şəxsdə yaranan antitel onu ən azı 6 ay – 1 il qoruyur. Amma orqanizmdə yaddaş hüceyrələri, hüceyrə immuniteti var və onlar həmin şəxsi bəlkə də ömürlük qoruya bilir. Koronavirusla bağlı bu, hələ ki sübut olunmayıb, ancaq yaddaş hüceyrələri demək olar ki, ömürlük qalır. O şəxslərin təkrar yoluxma ehtimalları azdır, ikinci dəfə yoluxsalar belə, birincidən də yüngül keçirəcəklər. Çünki orda yaddaş hüceyrələri var, yoluxan kimi artıq orqanizm onu tanıyır. Orqanizm onu bir dəfə görüb. Birinci dəfə yad olduğu üçün, xəstəliyə yoluxub sağalandan xeyli vaxt sonra antitel yaranır. Amma ikinci dəfə yoluxanda, yaddaş hüceyrəsində qaldığı üçün çox qısa müddətdə orqanizmdə antitel yaranır. Xəstəlik tez sağalır, yüngül keçirir”.

Tibbi ekspert Şəmsiyyə Namazova deyir ki, yaranan antitelin orqanizmi qoruma müddəti var. Həmin müddətə qədər vaksinə ehtiyac yoxdur: “Koronavirusu tam simptomsuz keçirən qrup çox azdır. Demək olar ki, çox adam nə vaxt yoluxduğunu bilir. Sadəcə, qeydiyyata düşməyiblər. Həmin şəxslərin yoluxub sağaldığı tarixdən sonrakı 6 ay müddət əsas götürülməlidir. Analiz verirlər, əgər qanda antitel səviyyəsi yüksək çıxırsa, bu zaman onlara vaksin vurulmasına ehtiyac yoxdur. Burada orqanizmdəki antitelin miqdarına əsasən qərar verilməlidir. Vaksinin məqsədi antitel yaratmaqdır, o da orqanizmdə var. Qanında antitel səviyyəsi yüksək olan şəxsə “vaksinasiya vacibdir” deyə bilmərik. Antitel varsa, onlara sertifikat verə bilərlər”.

Ş.Namazova qeyd etdi ki, sağaldıqdan 6 ay sonra həmin şəxslərdə antitelin səviyyəsi düşəcək və bu zaman vaksinasiya olunmalıdırlar: “Peyvənd olunan şəxslər də 6 ay sonra yenidən vaksin dozası qəbul etməlidirlər. Çünki orqanizmdə antitelin yaranması, onun qoruyuculuq qabiliyyətinin dinamikası müəyyən vaxtdan sonra düşür. Rəsmi qeydiyyata düşüb, yoluxub sağalanlar da 6 ay sonra vaksinasiya olunacaqlar. Yəni antitel ömürlük bir şey deyil. Zaman keçdikcə antitelin təsir qüvvəsi aşağı düşür. Düşdüsə, onda artıq vaksinasiya vacibdir. Ona görə 6 ayın tamamında yenidən antitellə bağlı test verilməlidir. Əgər antitel səviyyəsi düşübsə, təkrar vaksinasiyaya ehtiyac yaranır”.

Təbii ki, bu məsələ ilə bağlı rəsmi bir qərar verilməlidir. Bu qərar da Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilməlidir. Qərargahdan isə bizə bildirildi ki, hazırda bununla bağlı hər hansı rəsmi qərar yoxdur.

 

Aygün




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir