Nermine Abbasova

Revmatik xəstəliklər haqda bunları bilməlisiniz – TERAPEVT DANIŞIR

Baxış sayı: 848

Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. Qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn “ilkin şirə” bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindrom daxildir. Revmatizm də bu qrupa daxil olan patologiyalardandır. Müasir təsnifatlara əsasən revmatizm əvəzinə “kəskin revmatik qızdırma”dan istifadə olunur. Dünyanın bütün ölkələrində yayılmış bu xəstəliyə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Kəskin revmatik qızdırma 30 faiz hallarda ailəvi xarakter daşıyır.

Beləliklə, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bu gün “Gencaile.az”-ın oxucularını Revmatik xəstəliklərlə məlumatlandıracaq.

Revmatizm və onun təbii üsulla müalicəsi - Fizuli Hüseynov

“Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər”

Nərminə xanım bildirdi ki, xəstəliyin inkişafını şərti olaraq üç əsas mərhələyə bölmək olar:

Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Müxtəlif simptomlar xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər. Üçüncü mərhələ – qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri – ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur”.

Həkim-terapevt qeyd etdi ki, kəskin revmatik qızdırma zamanı həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Beə ki oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası olur. Həkim deyir ki, bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3-4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur:

“Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyat üçün ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl qoşulur və müxtəlif variantlarda rast gəlinir. Əsas obyektiv simptomları taxikardiya, küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikarditdir”.

 

“Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir”

revmatizma

N.Abbasova bildirdi ki, vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud müalicə səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar baş qaldırması mümkündür. Həkim-terapevtin sözlərinə görə, təkrar hücum əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən, soyuqlama, fiziki gərginlikdən sonra müşahidə olunur:

“Xəstələrin əksəriyyətində problemin təkrarlanması kəskin başlayır, öz fəallığı və gedişatı ilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95 faiz, sonrakı hücumlar zamanı isə 100 faiz ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda qazanılmış ürək qüsuru formalaşır. Kəskin revmatik qızdırma zamanı birləşdirici toxumada patoloji proses dörd ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci – mukoid şişmə fazası geri qayıdır. Odur ki, mümkün qədər diaqnoz erkən qoyulmalı, vaxtında və düzgün müalicə başlanılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir