toy

“Gəlsin, xələt versin…” – Müğənnilərin toy qiymətlərində hansı dəyişiklik gözlənilir?

Baxış sayı: 1. 125

Toy çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəyi günü gözləyirdilər. Bu günün həsrətində olanlar təkcə nişanlı cütlüklər deyil, həm də toy musiqiçiləridir.

Nəhayət, 1 ildən çox davam edən qadağa iyul ayının 1-də sona yetəcək. Bəzi KİV-lərdə müğənnilərin toy qiymətlərinin artırılması ilə bağlı xəbərlər yayılıb.

Arvadıma görə bacımı döymüşəm...”- — Nadir Qafarzadə

Mövzu ilə bağlı danışan, şou-biznesdə “Əjdaha” ləqəbi ilə tanınan müğənni Nadir Qafarzadə bildirir ki, toy qiymətlərində nə endirim, nə də artım olacaq: “Əslində Rusiyaya gəlməyimin əsas səbəbi toy deyildi. Bakıda olanda bir neçə toy üçün təklif almışdım. Orta qiymətə getmişəm. Oğlum burada fəaliyyət göstərir. Uşaq vaxtından oxuyurdu, indi isə professional şəkildə fəaliyyət göstərir. Oğlumla birlikdə layihələr edirik. Onu tək qoymamaq üçün gəldim.

Çox şadam ki, artıq Bakıda da toylar başlayır. Təkliflər alıram. Qiymətlərə gəldikdə isə heç bir dəyişiklik olmayacaq. Əvvəlki qiymətlər olacaq. Mən Bakıya da gedib-gələcəyəm. Nə qədər ki, canımda can var, tələbatlıyam, oxuyacağam. Çünki bu bir il ərzində çox əziyyət çəkdik”.

Populyar müğənni Damlanın meneceri Şəhriyar Abışov qiymət artımın olmadığını söyləyib: “Heç bir qiymət artımı gözlənilmir. Damla xanım əvvəl hansı qiymətə gedirdisə, indi də o qiymətə gedəcək. Artıq sifarişlər gəlib, ümid edirik ki, pandemiyanın bizə vurduğu zərəri az da olsa kompensasiya edə biləcək”.

“Yeni ulduz” müsabiqəsinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmış müğənni Vüqar Muradov isə həmkarlarından fərqli olaraq, daha səxavətli davranıb. Belə ki, müğənni qiymətlərdə endirib edib: “Əvvəl ev yiyəsi 300-500 nəfəri dəvət edirdisə, indi 150 nəfərdən artıq adamı dəvət edə bilmir. Qonaqların toy üçün verdiyi nəmərin hesabına toy xərclərini də, müğənninin xərcini də ödəyə bilirdi.

İnsanları da başa düşmək lazımdır ki, insanlar əvvəlki qədər toydan pul götürə bilməyəcəklər. Bunu nəzərə alaraq ümumi qiymətdən 1000-1500 manat aşağı salmışam. 100-150 nəfərlik məclis hara, 300-500 nəfərlik məclis hara. Digər həmkarlarım qaldırırlar, qaldırsınlar. Kimdir onları yüksək qiymətə toya aparan? Yalnız varlı insanlar apara bilərlər. Amma əhalinin böyük bir hissəsi pandemiyadan çox böyük zərər görüb. Əsas odur ki, toy olsun”.

Müğənni Kərim Abbasovun meneceri Rusif Hüseynov bildirir ki, müğənni toy qiymətini artırmayacaq, amma: “Kərim hazırda Moskvadadır. Pandemiyadan öncə də, pandemiya vaxtı da Moskvada keçirilən toy şənliklərinə dəvət alıb. Sözsüz ki, buranın qiymətləri ilə oranın qiymətlərində fərq çox böyükdür. K.Abbasov iyuldan etibarən başlayacaq toy mərasimlərində qiymətlərdə endirim etməyəcək. Həmin qiymətlər qalacaq. Amma Moskvada olduğu müddətdə çağırılarsa, o zaman qiymətdə artım ola bilər. Bu sənətə yeni başlayanlar münasib qiymətə gedirlər. Amma Kərim və onun musiqi komandası illərin sənətçiləridir. Həmin musiqiçilər ən məşhur müğənnilərlə çalışıblar. Müğənni onları da düşünmək məcburiyyətindədir. Hələ bunun yol xərcləri də var. Bu səbəbdən qiymətdə endirim gözlənilmir”.

Rəqqasə karantin qaydalarını pozdu - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva toylarla bərabər, xına mərasimlərinə də gedir. O, qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliyin olmadığını söyləyib: “Artıq il yarımdır ki, biz bu qərarı gözləyirdik. Allah hər zaman xalqımıza gözəl günlər nəsib etsin. Bizim millətimizə toy-düyün yaraşır. Qiymətlərdə elə də böyük dəyişiklik yoxdur. Bildiyiniz kimi, mənim xına studiyam var. Qiymətlər sifarişə görə dəyişir. Dekorlara görə, xına mərasimində iştirak edən insanın sayına uyğun qiymət tənzimlənir. Elə insanlar var ki, dekorda istifadə olunan gülləri təbii istəyirlər. O zaman qiymət daha baha olacaq”.

 

Toy qadağasını götürdülər

Xatırladaq ki, dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi daxil idi. Bu yaxınlarda – iyunun 22-də “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

 

Şənliklər necə keçiriləcək?

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

Mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir. Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.

toy

Cərimələr

Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir