Son vaxtlar Bakıda və respublikanin bəzi bölgələrində yüksək hava temperaturu müşahidə olunur. Hətta bir neçə gün öncə əhaliyə isti hava ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Tibbi-meteoroloji xidmətin xəbərdarlığında qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Çünki isti havalarda insanların tez-tez rastlaşdığı hallardan biri də günvurmadır. Buna görə də, günvurmanın əlamətlərini, ona qarşı hazırlıq tədbirlərini, günvurmadan necə qorunmağı və baş verdiyi zaman zərərçəkənə ilkin tibbi yardımın necə göstərildiyini bilmək vacibdir.
Bəs mütəxəssislər nə deyir? İnsanlar anomal istilərdən özlərini necə qorumalıdır?
Tanınmış həkim Seyfəddin Əsəd bildirir ki, insanlar özlərini ultrabənövşəyi şüalardan qorumalıdır:
“Çünki Günəşin təsirində çox qalmaq günvurmaya, halsızlığa, dəri xərçənginə gətirib çıxarır. Günvurmanın əsas əlamətləri kimi kəskin başağrısı, başgicəllənmə, halsızlıq, ümumi zəiflik, ürəkbulanma, qusma, bədən temperaturunun 40 dərəcədən çox yüksəlməsi, dərinin qızarması, nəbzin tezləşməsi, ürək ritminin pozulmasıdır. Ona görə də insanlar əsasən səhər saat 11:00-a qədər və 18:00-dan sonra çölə çıxa bilərlər. Anomal istilər zamanı Günəş altında iş görən şəxslərin də fəaliyyətlərinin dayandırılması vacibdir. Küçəyə çıxarkən isə gündən qorunmaq üçün baş örtüklərindən istifadə etməli və ya çətir götürmək lazımdır”.
Günvurma zamanı ilk təcili yardım necə edilməlidir?
S. Əsəd bildirir ki, günvurma zamanı ilkin yardım kimi zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, əgər əynində dar paltarlar varsa, onları çıxartmaq, sərin su vermək, alın və qoltuqaltına yaş dəsmal qoymaq lazımdır: “Bundan sonra zərərçəkənin səhhəti düzəlməsə, dərhal həkimə çatdırmaq gərəkdir”.
Çimərliklərdə necə davranmalı?
Həkim əlavə edir ki, çimərliyə günorta saatlarında getmək insan səhhəti üçün ziyanlıdır:
“İsti yay mövsümü həm də çimərlik mövsümü deməkdir. Günvurmalar əsasən elə çimərliklərdə müşahidə olunur. Bunun üçün də çimərliyə ya səhər, ya axşam saatlarına gedilməlidir. Çimərliklərdə tez-tez maye qəbul etmək, qoruyucu kremlərdən istifadə vacibdir”.
Hansı qidalara üstünlük verilməlidir?
Seyfəddin Əsəd qeyd edir ki, yay aylarında maye qəbulu vacibdir: “Bundan əlavə ətdən qaçmaq lazımdır. İnsanlar ət və xəmir yeməklərindən uzaq durmalıdır. Əsasən meyvə, tərəvəzə üstünlük verilməlidir”.