Dünyada elə bir adam yoxdu ki, filematologiya ilə məşğul olmasın. Filematologiya, oxudunuz. Ağlınıza başqa şey gəlməsin, öpüşün elmi adı belədir. Öpüşdən isə əbəs yerə danışmadıq. Çünki bu gün Beynəlxalq Öpüş Günüdür.
Məlumata görə, 6 iyul Öpüş Günü münasibətilə hər il dünyanın müxtəlif ölkələrində müxtəlif yarışmalar, viktorinalar, festivallar keçirilir. Qaliblərə müxtəlif mükafatlar və hədiyyələr verilir. Öpüşün necə deyərlər, tarixi məlum deyil. Onu heç kim kəşf etməyib. Bu o deməkdir ki, onun ilk müəllifi də bəlli deyil. Hələ qədimdə insanlar nəfəsdə ruhun saxlanıldığını və öpüşən zaman ruhların birləşməsinin baş verdiyini düşünürdülər. Maraqlıdı ki, öpüş ilk növbədə dini törənlərdə geniş yayılıb. Latın və yəhudilər Allahın obrazını öpməklə ona səcdə etdiklərini nümayiş etdirməyə çalışırlar. Katolik ölkələrində isə Bibliyanı, ərəblər evdən çıxıb qayıdanda isə ev bütlərini öpüblər. Beləcə, bu dini adət tezliklə adi hala çevrildi və günümüzə qədər çatdı.
Qədim xristianlarda isə öpüş qardaşlıq əlaməti sayılıb. Yunanıstanda aşağı təbəqədəkilər yuxarıdakıların əl, sinə və dizlərindən öpürdülər. Qədim yəhudilərdə də öpüşmə ənənəsi olub. Belə ki, bir-birinə yaxınlaşan iki nəfər mütləq əlini silir, öz əlindən öpərək bir-birini salamlayırdılar. Orta əsrlərdə artıq dostları öpmək ənənəsi də yayıldı. Sonra kişilərin yad qadınları öpmək adəti yarandı və bu günümüzə qədər davam edir.
Ekranda ilk öpüş 1896-cı ildə Tomas Edissonun “Öpüş” adlı video rolikində göstərilib. Kino tarixində ən uzun öpüş “You’re in the Army Now” filmində 185 saniyəlik kadr olub. Bu da filmin 4 faizini təşkil edib.
Öpüş haqda xeyli fakt mövcuddu. Məsələn, 1990-cı ilin 15 sentyabr günü ABŞ-ın Minnesota ştatında təşkil olunan festivalda A.E.Volfram adlı şəxs 8 saat ərzində dayanmadan 8001 nəfəri öpə bilib. 1979-cu ildə Devid Boun insan kimliyini təyin etmək üçün dodaqların izini çıxaran ‘LIPOQRAF” adlı cihaz icad edib. Statistikaya, əsasən insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir. Yeri gəlmişkən, əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir hesab edilir.
Aparılan araşdırmalara görə, gündə 3 dəfə öpüşdükdə (ən az 20 saniyə boyunca) bir gündə 200-300 qr itirmiş olacaqsınız. Elə isə öpüş diyetinə başlaya bilərsiniz.
Öpüşmək bədəndəki bütün stressi götürür, gərginliyi azaldır və özünüzü yaxşı hiss etmənizi təmin edir.
Tibbi araşdırmalara görə öpüşmək stress hormonu olan kortisolun ifraz olunmasını azaldır. Öpüş zamanı üzdə olan 30 əzələ çalışır. Öpüşmə zamanı qan axışı sürətlənəcəyindən yaşlılıq əlamətləri də erkən yaşda ortaya çıxmayacaq. Öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir, xosbəxtlikdən onların 95 faizi zərərsizdir. Heyvanlar arasında şimpanzenin öpüşü insan öpüşünə daha çox bənzəyir. Dünyada öpüşməyən yeganə xalq mozambiklilərdi. Onlar öpüşü iyrənc hesab edirlər.
İnsanların 66 faizi öpüşərkən gözlərini yumurlar. Bu psixoloji refleksdir. Qalan 34 faiz isə sevgilisinin üzünə baxaraq gözü açıq şəkildə zövq alır. İtaliyada keçirilən öpüş çempionatının ən yadda qalan cütlüyü fasiləsiz olaraq nə az, nə çox 31 saat 18 dəqiqə 33 saniyə öpüşüblər. Öpüşlərinin dayandırılmasına səbəb 37 yaşlı Andrea Sartinin halının xarab olması idi. Halsız vəziyyətə düşən Andreaya göstərilən təcili yardımdan bir saat sonra özünə gələ bilib. Yəni öpüşün hərdən ziyanı da olur. Amma bununla belə öpüşmək, öpmək və öpülmək xoşdu.
Öpüşün, cənablar, xanımlar, öpüşün!