Sain Ferhad

Ceki Çan və bir çox Hollivud ulduzları ilə işləyən azərbaycanlı kaskadyorla MÜSAHİBƏ

Baxış sayı: 777

Kino çəkilişlərində xüsusi effektli hərəkət və ya texniki fəndləri yerinə yetirənlər kaskadyor adlanır. Bu gün böyük maraqla baxdığımız məşhur Hollivud filmlərində, eləcə də bir sıra yerli filmlərimizdə təhlükəli hərəkətlərin çoxunu aktyorlar deyil, kaskadyorlar edirlər. Filmi seyr edənlərin əksəriyyəti isə bunu heç də  hiss etmirlər. Əlbəttə ki, kaskadyorluq çox çətin və çox təhlükəli peşədir. Bunun üçün təkcə fiziki deyil, həm də illərlə qazanılan xüsusi peşə hazırlığı da olmalıdır. Təəssüf ki, hazırda Azərbaycanda peşəkar kaskadyorların sayı çox azdır. Onlardan biri Azərbaycanı dünya arenasında tanıdan, Ceki Çan və bir çox Hollivud ulduzları ilə işləyən, Azərbaycan Kaskadyorlar Akademiyasının rəhbəri Sain Ferhaddır.

 

 – Neçə ildir bu sahədəsiniz?

– 25 ildir ki, döyüş sənəti ilə məşğulam. 8 il əvvəl bir filmə dəvət aldıqdan sonra özümü bu sahədə inkişaf etdirməyə başladım. 2017-ci ildə Kaskadyorlar akademiyasının Los Ancelesdə həyata keçirdiyi “Hollivud Kaskadyorlar kursu”nu fərqlənmə dərəcəsi ilə bitirmişəm. Həmin kursda peşəkarlardan dərs almışam. Hansı ki, onlar “Forsaj”, “Terminator” kimi ən böyük büdcəli məşhur filmlərdə işləyiblər. Bu kursdan sonra kaskadyor kimi fəaliyyətə başladım.

 

– Azərbaycanda kaskadyorlar məktəbi nə zamandan açılıb, nə qədər yetirmələri var?

– Ümumiyyətlə, Azərbaycan Kaskadyorlar akademiyasına qədər ölkəmizdə kaskadyor məktəbi olmayıb. Biz bir neçə dəfə seminarlar, dərslər keçdik ki, bu sahə inkişaf etsin. Lakin artıq uzun illərdir ki, Azərbaycanda döyüş səhnələri olan filmlər çəkilmir, buna görə də kaskadyorlara o qədər də ehtiyac duyulmurdu. Hesab edirəm ki, Vətən müharibəsində qazandığımız zəfərdən sonra tarixi filmlər çox çəkiləcək və biz də bu sahə üçün lazımi qədər kaskadyorlar yetişdirəcəyik.

 – Kaskadyorların arasında qızlar da varmı?

– Hazırda bir nəfər qız kaskadyor var.

 

 – Peşəkar kaskadyor olmaq üçün hansı şərtlər tələb olunur?

– İlk növbədə bu sahəni sevmək, ehtiyatlı, səbirli olmaq, təhlükəsizliyi bilmək lazımdır. Həmçinin fiziki hazırlıq olmalıdır, döyüş növləri ilə məşğul olmalısan. Ən azı 3 il vaxt lazımdır və əvvəlcədən bilməlisən ki, sən özünü harada görürsən. Çünki kaskadyorluğun da bir neçə qolu var. Yəni, kaskadyorluğun özü daxilində bir neçə hissəyə bölünür və sən hansı bölümdə daha çox inkişaf etmək istəyirsənsə onu özü üçün aydınlaşdırmalısan. Universal olmaq üçün daha çox vaxt lazımdır və hər adam bunu bilmir. Bir çox şərtlər var ki, onların hamısını nəzərə almaq lazımdır. Ən əsası, bu işə başlamaq istəyən insan gərək işin mütəxəssisinə müraciət etsin, bilməlidir ki, bu sahədə  onu nələr gözləyir və sairə. Yalnız bundan sonra dəqiq qərar verə bilər.

 

 – Bir az öncə qeyd etdiyiniz kimi, hər birimiz ümid edirik ki, qarşıda tarixi filmlər çəkiləcək. Hazırda bəs kaskadyorlara ehtiyac varmı?

– Bu günə qədər “Əli və Nino”, “Qorxma, mən səninləyəm”, “Zabitin şərəfi”, “Don Marleone” filmlərində çəkilmişəm. Daha sonra ara-sıra bir neçə dəvətlər aldım.  Azərbaycanda bu sahənin peşəkarlarına müraciət edənlərin sayı çox azdır.

 

– Belə başa düşdüm ki, kaskadyora aid səhnələri də aktyorların özləri oynayırlar.

– Yox. Sadəcə büdcə istənilən səviyyədə olmadığı üçün və yaxud tanışlıq məsələsi hələ də rol oynadığından peşəkarlar kənarda qalır. Əksər hallarda pul qazanmaq xətrinə kaskadyorluq peşəsini bilməyən hansısa idmançını çəkilişə aparır, onu hazırlamadan şəxsi maraqları üçün təhlükəyə atırlar. Şəxsin nə təhlükəsizliyi təmin olunur, nə də əraziyə təcili yardım maşını gətirilmir və sairə. Bu, sadəcə vicdansızlıqdır, hətta deyərdim cinayətdir. İnsan həyatı ilə oynamaq olmaz. Amma xaricdə belə deyil.

 

– Amma bu cür risk tələb edən filmlərimiz də çəkilmir axı…

– Sizə elə gəlir risk yoxdur. İstənilən filmdə əgər kontakt varsa, orada risk var. İstər sadə zərbələr, istərsə də qəliz döyüş səhnələri olsun, onların hər birində risk var. Məsələn, Rusiyada bir filmin çəkilişləri zamanı kaskadyor sadəcə tankın yanında qaçırkən, təsadüfən texniki səhv ucbatından  tankın altında qalaraq həyatını itirmişdi. Gördüyünüz kimi hər an risklər ola bilir. Buna görə də 5-10 manata görə insanların həyatını təhlükəyə atmaq olmaz.

 

– Maraqlıdır, Azərbaycanda kaskadyorların qazancı nə qədər olur?

– Məbləğ müxtəlif olur. Məsələn, mən xaricdə aldığım qonorarı tələb edirəm, lakin endirim də olur.  Bir çoxları mənimlə işləmək istəmir, deyirlər ki, Sain baha qiymətə çalışır.  Lakin hər bir kaskadyorun öz statusu var və həmin  statusa görə bəlli qonorar tələb edir. Mən beynəlxalq səviyyədə işləyirəm, Hollivudda kursları bitirmişəm, Azərbaycanda məndən sonra ikinci bir lisenziyası olan kaskadyor yoxdur. Beynəlxalq statusumun tələb etdiyi qonorarı haqq edirəm.

– Qarabağ, tarixi mövzularda filmlər çəkiləcəyi haqda anonslara rast gəlirik. Hazırda bu cür filmlərə dəvət almısınızmı?

– Təkliflər var. Qarabağ mövzusu ilə bağlı bir neçə layihədə hazırlıqlar gedir və biz də hazırlaşırıq. Hazırda bu haqda ətraflı məlumat verə bilməyəcəm. Lakin onu deyə bilərəm ki, bəzi hallarda bu cür təkliflər gəlir, danışırıq, sonradan məlum olur ki, yenə də ucuz qiymətə qeyri-peşəkarları işə cəlb edirlər. Mən həmin adamları sadəcə anlaya bilmirəm…

Deyim ki, xarici ölkələrdə layihələr daha çoxdur, əsasən də xarici ölkələrdə çəkilişlərdə oluruq. Azərbaycanda da nə vaxtsa ehtiyac olsa, yenə də əməkdaşlıq etməyə hazırıq. Mən hazırda Azərbaycandayam və bu sahəni inkişaf etdirməyə çalışıram.

 

 – Əsasən hansı ölkədə yaşayırsınız?

– Pandemiya ilə əlaqədar olaraq bir müddətdir ki, ölkədəyəm, əsasən Ukraynada yaşayıram. Çox  istərdim ki, ölkədə olduğum müddətdə bu sahəni inkişaf etdirim, kaskadyorluq layiqli əllərdə olsun. Mən və mənim komandam Azərbaycanın adını müxtəlif ölkələrdə təmsil edir. Məsələn, Hindistanda çəkilən filmdə yüz nəfərin arasında yalnız bir azərbaycanlı, mən var idim. Arzulayıram ki, bu say daha çox olsun.

 

– Bəs Ukraynada kaskadyorlara yanaşma necədir? Azərbaycanla  müqayisə edəndə hansı fərqlər var?

– Ukraynada aktivlik  çoxdur. Ən əsası, orada daha çox peşəkarlara müraciət olunur. Həvəskarlar da nə isə etməyə çalışırlar. Lakin qeyd etdiyim kimi, öndə olan 2-3 peşəkar komanda var ki, kinematoqrafçılar daha çox onlarla işləməyə üstünlük verir.

 

– Kiyevdə olanda Azərbaycanla bağlı daha çox nə üçün darıxırsınız?

– Daha çox “İçərişəhər”, onun küçələri üçün darıxıram. Həmçinin dostlarım və doğmalarım üçün də darıxıram. Elə düşünürəm ki, Bakının “İçərişəhəri” olmasa bəlkə də Bakı üçün darıxmazdım. Çünki uşaqlıqdan bizə Bakını “İçərişəhər”i ilə tanıdıb, sevdiriblər. Həqiqətən də oranın başqa atmosferi var.

 

– Qarşıda hansı planlarınız var?

– Böyük planlarım var. Mən adətən arzulamıram, istəyirəm və strategiyamı qurub, onun üzərində böyük məqsədlərə doğru hərəkət edirəm.

Bu gün mənim Ceki Çanla birbaşa əlaqəm var, o məndən videolarım istəyib, göndərmişəm. Həmçinin Hollivudun bir çox məşhur ulduzları ilə əlaqələrim, planlarım, iş birliklərim mövcuddur. Məqsədlər, planlar böyükdür.

 

Xalidə Gəray

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir