Mehriban Zeynalova

Pantural dərinə getdi:“Minnətli üzrlə iş bitmir, cəza…”

Baxış sayı: 670

Sosial şəbəkədə “Pantural” kimi tanınan Tural Səfərovun kişi cinsindən olan şəxslərə etdiyi çağırış geniş müzakirələrə səbəb olub. Adıçəkilən şəxs kişilərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyi çağırış edib.

Baş verən hadisə Daxili İşlər Nazirliyinin(DİN ) də diqqətindən yayınmayıb. Nazirliyinin mətbuat xidmətindən bildirib ki, o, daha sonra öz səhvini etiraf edib:

“Pantural” ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb. Yaydığı həmin görüntüdən narazı qalan vətəndaşlardan üzr istəyib”.

T.Səfərov videoda kobud səhv etdiyini və ifadələri düzgün seçməyərək çıxış etdiyini açıqlayıb:

“Azərbaycanın namuslu, qeyrətli kişilərindən, xüsusən də xanım və qadınlardan üzr istəyirəm”.

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, kiminsə üzr istəməsi mövcud problemin həllini tapması demək deyil:“Zaman-zaman belə səpkilərdə fikir bildirən şəxslər çox olub. Lakin sözügedən şəxs bir az dərinə getdi və sanki nəbz yoxlayırlar. Təklif edirəm ki, sosial şəbəkə vasitəsilə qadınlara qarşı zorakılıq təbliğ edən şəxslər 5 min, onları dəstəkləyənlər isə 2 min manat cərimə olunsun. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Təəssüf ki, belə şəxsləri kifayət qədər dəstəkləyənlər var. Ümumiyyətlə, qadına, uşağa, hətta kişiyə zorakılıq təbliğ edənlər ciddi cərimələnməlidir. Yoxsa fərd olaraq hər dəfə kimisə tutsaq, həmin adam üzr istəyəcək, sonra bir başqasını tutduqda o da eyni qaydada üzrxahlıq edəcək. Beləliklə, həmin şəxsləri dəstəkləyənlərin də sayı çoxalacaq. Cəzasızlıq mühiti imkan verəcək ki, kimlərsə istədiyi formada kimisə təhqir etsin və yaxud kiməsə zorakılıq törətsin”.

M.Zeynalovanın qənaətincə, kiminsə minnətli üzr istəməyi problemi həll etmir:

“Həmçinin bu cür şəxslərin psixoloji durumu da yoxlanmalıdır. Psixoloq rəy verməlidir ki, bu adamın davranışında təcavüzə meyllilik var, yoxsa yox. Çünki belə çağırış edən şəxsin təcavüzə meyilli olması mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir