anara quliyeva

Klinik psixoloq: “Təsdiqləndikdən sonra bu diqanozdan tamamilə qurtulmaq mümkün deyil”

Baxış sayı: 710

“Əvvəllər fikir vermirdik, elə bilirdik, övladımızla bağlı hər şey öz qaydasındadır. Artıq bir yaş altı aylıq olunca bizə reaksiya verməməsi, başını aşağı salıb ancaq oyuncaqları ilə oynamasından narahat olmağa başladıq. Adını çağırdığımızda cavab vermirdi. Elə bildik, eşitmə problemi var, müayinə etdirdik, amma həkim dedi, “problem yoxdur”. Qohum-əqraba da təsəlli verirdi ki, “narahat olmayın, hər uşaq bir cür xasiyyətdə olur” və s. Uşağımızın autizmli ola biləcəyini təxmin etdiyimizdə, təkcə sevindirici məqam bunu erkən bilməyimiz oldu”.

Bəli, təəssüf ki, bir çox valideyn tərəfindən gec anlaşılan, uşağında belə bir problemin ola biləcəyi ehtimalını düşünə bilmədikləri bir problem var – autizm spektr pozuntusu. Bu pozuntu ilə doğulan uşaqlar zamanla yarışsalar da, bütün ümidlər valideynlərinin daha tez anlamasına və qəbullanaraq onlara əl tutmasınadır.

Biz də gələcəyimiz olan uşaqlara daha həssas və bilgili yanaşan anaların sayı çoxalsın deyə, autizm spektr pozuntusu ilə doğulan uşaqlara diqqət çəkmək üçün bu mövzuya toxunuruq. Beləliklə, mövzu ilə bağlı həmsöhbətimiz klinik psixoloq Anara Quliyevadır.

– Anara xanım, öncə, istərdim, buna aydınlıq gətirəsiniz: autizm xəstəlikdirmi?

– Psixi xəstəliklərin yeni beynəlxalq təsnifatında autizm ifadəsi “autizm spektr pozuntusu” ilə əvəzlənib. Çünki müdaxilə, dəyərləndirmə spektri geniş olduğuna və autizm spektr pozuntusunun daxilinə digər pozuntular da daxil olduğuna görə bu pozuntunun adı bu cür ifadə edilir. Buna səbəb dəyərləndirmələrin genişləndirilməsidir.

Elə yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, hansısa uşağa “filankəs autizmli uşaqdır” demək doğru deyil. Necə ki ürəyi ağrıyan birisini işarə edərkən “bu ürək xəstəsi filankəsdir” demirik, eləcə də autizm spektr pozuntulu uşaqlara da bunu deməməliyik. “Autizm spektr pozuntusu diaqnozu qoyulmuş uşaq” formasında ifadə etsək, daha doğru olar.

Sualınızın cavabına qaldıqda isə, bəli, autizm spektr pozuntusu təəssüf ki, bir pozuntudur və eyni zamanda da uşaq uzun müddət, hətta həyatının sonuna qədər bu pozuntu ilə yaşamağı öyrənməlidir. Məlumdur ki, uzun müddət davam edən problemlər artıq həyat tərzinə çevrilir. Buna görə autizm spektr pozuntusunu bir xəstəlik kimi yox, həyat tərzi kimi qələmə verə bilərik.

 

– Bir uşaq niyə autizm spektr pozuntusu ilə doğulur? Burada genetik faktorlar nə dərəcədə rol oynayır?

– Əslində, təəssüf ki, bir sıra psixi pozuntular kimi autizm spektr pozuntusunun da niyə yarandığı məlum deyil. Risk faktorları var və onlar arasında birinci genetik faktor gəlir. Elmi tərəfdən təsdiqlənməmiş faktorlar da var: Məsələn, ekoloji, sosial, ailə mühitinin təsirləri, kimyəvi maddələrlə təmasda olma, peyvəndlər və s. Lakin heç bir fakt öz təsdiqini tapmayıb, sadəcə müzakirə olunur və yüksək ehtimallar hesab edilir.

 

– Autizm spektr pozuntusuna gedən yol hansı mərhələdən başlayır: ana bətnindən, yoxsa uşaq dünyaya gəldiyindən sonra?

– Təbii ki, ana bətnindən də öz təməlini götürə bilir. Bilirik ki, neyroinkişaf pozuntuları ana bətnində sinir sisteminin formalaşdığı mərhələdə də yarana bilir. Autizm spektr pozuntusu neyroinkişaf pozuntuları qrupuna daxil olduğuna görə, deyə bilərik ki, bəli, ana bətnindən başlayır. Bu, gözlə görünə bilən bir şey deyil. Sinirlərlə bağlı olan bir pozuntu olduğuna görə ana bətnində hansısa müayinə ilə müəyyən etmək də mümkün deyil.

Günümüzün problemlərindən biri anaların uşaqlarının inkişafındakı irəliləmələri düzgün dəyərləndirə bilməmələri, boşluqların nəzərlərindən qaçmasıdır. Auitzm spektr pozuntusunu uşağın 6 aylığında belə, müşahidə edə bilərik. Uşaq vaxtında oturmursa, göz kontaktı qurmursa, qığıldamırsa, jest, mimikaları anlamırsa, artıq biz burada şübhələnə bilərik. Bunun üçün də valideynlərin maarifli olması vacibdir.

 

– Uşaqlar doğulandan pediatr yanına aparılır. Valideyn bilgisiz olsa da, həkim yanına aparılması sual yaradır ki, bəs niyə bəzi hallarda bu pozuntu gec aşkarlanır?

– Mən hesab edirəm ki, pediatrların böyük bir qismi uşağın daha çox bioloji xəstəlikləri və fiziki inkişafı ilə maraqlanır. Yəni boyu, çəkisi, daxili orqanlarında problem var, yoxsa yox, buna diqqət edirlər. Uşağın psixoloji vəziyyəti ilə maraqlanmaq arxa plana keçir. Eyni zamanda burada təkcə pediatra da yüklənmək olmaz. Valideyn də bu ərəfələrdə daha çox uşağın fiziki inkişafı ilə maraqlanır. Uşağın arıqlığı, ağlamağı kimi faktorlar onlar üçün daha önəmli olur. Təbii ki, düzgün seçilməyən pediatr da pozuntunun gec aşkarlanmasında rol oynayır. Valideynlər bilməlidirlər ki, bu cür uşaqlar üçün ən dəyərli məlhəm zamandır. Nə qədər çox zaman itirilsə, bu uşaqların itirəcəkləri də o qədər çox olur.

 

– Bəs daha çox oğlan uşaqlarında aşkarlanmasının səbəbi nədir?

– Təəssüf ki, beynin funksional işi ilə bağlı bir çox xəstəliklər, xüsusilə də zəka ilə bağlı pozuntular oğlan uşaqlarında daha çox rast gəlinir. Bu da neyroinkişaf pozuntusu qrupuna daxil olan xəstəliklərdə daha çox müşahidə edilir. Çünki beynin funksional işində oğlanların daha çox hərəki fəaliyyətində, qız uşaqlarının isə monoton işlərdəki aktivliyi (yəni yazmaq, oxumaq və s.) ön planda olur. Buna görə də zehni fəaliyyət tələb edən dönəmdə valideynlər diqqətli olmalıdırlar. 0-5 yaş arası uşağın neyroinkişaf dönəmi əhatə edir. Bu dövrdə nəyisə öyrənmək, araşdırmaq, dərk etmək qızlarda daha yaxşı alınır, oğlanlarda isə bu, bir qədər gec alınır. Təbii ki sosial faktorlarla da bu problemi dəstəkləsək, yəni uşaqlar mütəmadi telefonla oynasalar, televizor qarşısında çox otursalar, sosiallaşmasalar, bu, problemi daha da gücləndirmiş olacaq.

 

– Dəqiq diaqnoz hansı müayinələrdən sonra qoyulmalıdır?

– İlkin mərhələdə uşağı pediatr müayinə etməlidir. Ailə həkimi müayinə edib uşağın inkişafında bir problem olduğunu mütləq valideynə bildirir. Daha sonra klinik psixoloq müayinəsinə getməlidirlər. Klinik psixoloq neyroinkişaf pozuntusu və yaxud digər pozuntu olduğundan şübhələnərsə, mütləq uşaq psixiatrına yönəldir. Uşaq psixiatrı klinik psixoloqla ortaq dəyərləndirmədən sonra diaqnoz müəyyənləşdirir və uşağın inkişafına dəstək üçün yenidən klinik psixoloqa yönləndirir. Bəzən valideynlər heç bir diaqnoz təsdiqlənmədən və özləri də bilmədən uşağı loqoped, psixoloq, pedoqoq yanına aparırlar. Bu da uşaqlar üçün ən dəyərli olan zamanın boşuna itirilməsi deməkdir.

 

– Autizm spektr pozuntusunun çarəsi nədir? Tamamilə qurtulmaq mümkündürmü?

– Bu diqanoz konkret olaraq beş yaşdan sonra təsdiqlənir. Təsdiqləndikdən sonra bu diqanozdan tamamilə qurtulmaq mümkün deyil. Uşaq həyatını bu spektra uyğun formalaşdırmalıdır və həyatının geri qalan hissəsini bu spektra uyğun yaşamağı öyrənməlidir.

Erkən müdaxilənin nə qədər önəmli olduğunu belə izah edə bilərik: Təsəvvür edək ki, bir yaşındakı uşaq ortalama iyirmi ədəd müxtəlif zehni fəaliyyət tələb edən hərəkət icra etməlidir. Beş yaşındakı uşaq isə məsələn, beş yüz zehni hərəkət tələb edən fəaliyyət icra etməlidir. Bu zaman beş yüz hərəkəti icra etməyi öyrətmək daha asan olar, yoxsa iyirmi? Əlbəttə ki, 20 hərəkəti daha qısa zamanda öyrədə və uşağı zamanında hazırlaya bilərik. Bu halda o, digər uşaqlarla eyni nümunələrdən öyrənə bilər. Buna görə də erkən müdaxilə ilə uşağı bu vəziyyətdən xilas edə bilərik. Amma spektr pozuntusu təsdiqləndikdən sonra tam sağalma ehtimalı yoxdur.

İtirilən hər gün onların gələcəyindən oğurlayır – Gözümüzü dörd açaq

 

– Autizm spektr pozuntusunun müalicəsi hansı formalarda aparılır?

– Birinci növbədə təbii ki, psixiatr müayinəsindən keçib simptomatik əlamətlər təsdiqlənəndən sonra ilk iş psixoloqla aparılmalıdır. Öncə psixoloqla davranış müdaxilələri edilməlidir. Bu terapiya müddəti 1-4 il çəkir. Bu müddətdə uşağa həftədə minimum 20, maksimum 40 saat psixoloq, pedoqoq, loqoped tərəfindən kompleks müdaxilələr edilməlidir. Burada da incə bir məqam var ki, düzgün diaqnoz edilmədən, özbaşına bu müdaxilələri etmək uşağı geri sala bilər. Buna görə düzgün diaqnostika və düzgün inkişaf proqramı təyin edilməlidir.

 

– Autizm spektr pozuntusunun müalicəsində valideynlər nələrə diqqət etməlidirlər? Uşağın qidasında, valideynlərin və yaxın ailə üzvlərinin, qohumların ona qarşı davranışlarında nəzər yetirməli olduqları məqamlar nələrdir?

– Autizm spektr pozuntusunun korreksiyasında valideynin rolu əvəssizdir. Birinci növbədə valideyn uşağı ilə daha  çox vaxt keçirməlidir. İkinci növbədə isə valideyn uşağından utanmamalı, onun sosiallaşmasına kömək etməlidir. Çünki uşaq bunları şüurlu şəkildə etmir. Valideynlər komplekssiz olmalı, uşaqlarını yanlarında gəzdirməkdən, onlarla hansısa fəailiyyətləri icra etməkdən çəkinməməlidirlər. Unutmamalıdırlar ki, bunun özü də terapiyadır.

Qidaya ilə bağlı heç bir elmi araşdırma öz təsdiqini tapmayıb. Sadəcə mütəxəssislər tərəfindən tövsiyə olunur ki, şəkərli qidalardan uşağı uzaq tutmaqda fayda var. Yaxın qohumlara qaldıqda isə heç kəs uşaqları nöqsanlı görməməli, ondan qaçmamalıdırlar. Əksinə sosial aktivliklərində onlara kömək olmalıdırlar ki, uşaqlar sosiallaşa bilsinlər.

 

– Autizmli uşaqlarda nitq probleminin həllinə necə nail olmaq olar? Doğru istiqamət nədir?

– Nitq zehni inkişafın göstəricisidir. Zehni inkişaf yaxşı getməlidir ki, uşaq özünü yaxşı ifadə edə bilsin. Yəni zehni inkişaf yaxşı gedəndə əvvəlcə daxili nitq formalaşır, uşaq bizim dediyimiz fikirləri anlayır, icra edir və zamanla daxili nitq xarici nitqə çevrilir və uşağın nitqi açılır. Bunun üçün də autizm spektr pozuntulu uşaqların zehni inkişafı yüksəlməli, stereotipləri azalmalıdır. Gecikmiş müdaxilələr daha çox nitqə təsir edir. Nə qədər gec müdaxilə etsək, prosesi uzatsaq, uşaqların nitqinin açılma ehtimalı o qədər aşağı düşür.

 

– Autizm spektr pozuntusu olan uşaqlar gələcəkdə digər uşaqlarla bərabər orta məktəbə gedə, onlarla birlikdə təhsil ala bilərlər, yoxsa onlar üçün xüsusi müəllim, təlimçi lazım olur? Hansısa mərhələdən sonra təlimçisiz və kənardan kömək almadan həyatını sərbəst yaşamaq mümkün olurmu?

–  Autizm spektr pozuntusu qrupuna daxil olan bir pozuntu var – asperger sindromu. Bu sindrom olan uşaqların nitqi, intellektual səviyyələri yüksək olur, amma emosional kontaktları – jest, mimikaları anlama, özünü düzgün şəkildə ifadə etmə kimi bacarıqları zəif olur. Bu uşaqlar məktəbə gedə bilsələr də, bir çox hallarda dostları ilə problemlər yaşayırlar.

Bir daha qeyd etmək istəyirəm ki, erkən diaqnoz qoyulsa, uşaq məktəbəqədərə də, məktəbə də gedəcək, yaşıdlarından geri qalmadan təlim də ala biləcək. Amma valideyn 4-5 yaşına qədər önəm verməsə, məktəbə başlamazdan bir neçə ay əvvəl gəlib uşağın danışmadığının, göz kontaktı qurmadığının, özünü ifadə edə bilmədiyinin fərqinə varsa, bu uşağın normal şəkildə məktəbə başlama ehtimalı aşağıdır. Çox vaxt ağırlıq dərəcəsi orta olan və təlim almış autizm spektr pozuntulu uşaqlar belə, bəzən inklüziv məktəblərə gedirlər. Hansı ki burada köməkçi müəllim olur. Lakin təbii ki, uşağı erkən dönəmdə yaxşı hazırlayıb inkişafını yüksəldib sərbəst buraxmaq da mümkündür.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir