Vusale Memmedova

Abort: Kişiləri gözləyən təhlükə

Baxış sayı: 905

– Axı niyə?

Selektiv abortu seçən 50-yə yaxın qadına bu sualla müraciət etdim. İttiham etməkdən uzağam, amma hər görüşə sanki bir qatillə görüşür kimi yollanırdım. Onlar isə bu haqda çox sakit, heç nə olmayıbmış kimi danışırdılar. Qərarlarını tərəddüd etmədən veriblər – bətnlərindəki körpələrdən yaşadıqları ağır həyatın intiqamını alaraq.

O qadınları yaşadıqları, özlərinə qarşı görükləri münasibət qatilə çevirib… Həm də övlad qatilinə…

Ailə qurmayan qadın toplumun basqısı altındadır və bu başqa yazının mövzusudur. Bəs ailə quran qadın necə? O xilas ola bilirmi?

Onlarla görüşmədən öncə elə bilirdim ki, selektiv abortu seçən qadınlar bətnlərindəki canlını çox istəmirlər… Nə qədər yanlış düşüncə! Nə qədər ön yarğılı olmuşam…

Öyrəndim ki, bu qadınlar övladlarını elə çox sevdikləri üçün öldürürlər. Bir ömür boyu qadınlığının bədəlini bədəni, duyğuları, göz yaşı və məşəqqətlə ödəməsin deyə, doğulduqdan sonra hər gün bir az ölməsin deyə doğulmadan bir dəfəlik öldürürlər qızlarını…

Reallıqdır ki, XXI əsrin 19-cu ilində qadın hələ də ər evində yerini oğlan doğmaqla möhkəmlədir. Oğul anası olmaq onu ailədə az da olsa söz sahibinə çevirir… Toplum olaraq mahiyyətimiz bu acı həqiqətdən nə qədər uzaq olsa da, məzmunumuz belədir…

Heç siz dünyaya ikinci qız övladı kimi gəlməyin nə demək olduğunu bilirsiniz?

Mən bilirəm…

Əgər ailənin ilk övladı qızdırsa, ikinci uşağı həmişə səbirsizliklə gözləyirlər… Mən də gözlənilən, amma sevilməyən övlad olmuşam. Çünki dünyaya oğlan kimi gəlməməklə gözləntiləri doğrultmamışam. Mən atamın böyük ailəsi üçün xəyal qırıqlığından başqa bir şey deyildim…

Atamla anam gizlincə sevib məni – ya ürəklərində, ya da gecə, ailənin bütün üzvləri yatandan sonra… Bu, bizim qadının lap uşaqlıqdan yeganə sevilmək formasıdır – gizlincə və qaranlıqda… Gözlərdən və qulaqlardan uzaq… Oğrun-oğrun…

Diqqətsizlikdən çox gec dil açmışam, hətta deyirlər ilk vaxtlar utandığımdan pərdənin arxasında gizlənib danışırmışam… İkinci qız olduğum üçün bu həyatda söz haqqım olmadığını körpə fəhmimlə duyurmuşam…

…Sonralar isə böyük sevgi içində böyümüşəm… Yox, məni başqa ailəyə övladlığa verməyiblər… Amma…

Ciddi ittihamdır, fərqindəyəm…

Atam çox gənc yaşında qəfil qəzada həyatını itirəndə valideynləri pərdənin arxasında öz-özünə mızıldanan qızcığazın əslində oğullarından bir parça olduğunun fərqinə vardılar. Həm də yer üzündə onun cizgilərini, xarakterini və enerjisini daşıyan yeganə parça… Məndən böyük və kişik bacılarım atama o qədər də bənzəmirdilər…

Uşaq vaxtı hərdən mənə elə gəlirdi ki, ümumiyyətlə, varlığımı atam öləndən sonra hiss ediblər. Buna görə ağlım kəsəndən düşünmüşəm ki, tanrının intiqamı ağır olur… O, varlığını hiss etmədiyin birini sənə çox amansız üsullarla sevdirir…

Bu gün qız uşaqları adətən daha mütərəqqi ailələrdə doğulur. Cəhalətin tüğyan etdiyi yerlərdə isə qızları xilas etməyin yeganə yolu var – doğulmadan öldürmək! Və analar da bunu rahatlıqla edirlər. Onları buna görə qınayan bir nəfər də olsun o qadınlara niyə sualını verib, onların məruz qaldığı şiddəti azaltmağı düşünmür…

Ölkənin 20-25 ildən sonrakı vəziyyətini təsəvvür edirsiniz? Bu gün xoşbəxt ailələrdə böyüyən o qızcığazlar sabahın qadını olacaqlar. Ətraflarında isə həyata məhz oğlan olduğu üçün vəsiqə qazanan, bir neçə qızın ölümündən sonra tapılan və “əgər oğuldursa yaşamaq haqqı var” düşüncəsi ilə böyüdülən kişilər… Daha da konkretləşdirsək, XXI əsrin qadını ilə XIX əsrin kişisi!?

Onların ittifaqını düşünə bilirsiniz?

Həyatdakı yeganə üstünlüyü cinsi olan bu kişilərin gələcəyi necə olacaq? Onlar həyatda öz yarılarını necə tapacaqlar?

Bəlkə bu gün selektiv abortu seçən qadınların taleyini sabah həmin kişilər yaşayacaq, o qədər əziləcək, alçalacaqlar ki, daha kimsə oğul olmaq istəməyəcək?

Öz hekayəmdən bilirəm, tanrının intiqamı amansız olur! Və bu gün yaradan öz yaratdığına qarşı intiqam hissi ilə alışıb yanır… Daha da betəri bilirsiniz nədir? Bunu da öz hekayəmdən bilirəm, bu intiqamın altını təkcə o qız uşaqlarını sevməyənlər çəkmir…

 

Vüsalə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir