Ev şəraitində ət dönəri hazırlamaq olduqca asan, olduqca faydalı və hazırından heç fərqlənmir. Beləliklə, evdə dönər hazırlamağın qaydasını təqdim edirik.
Tərkibi:
Ət marinadı üçün:
- 200 qr antrikot və ya bud əti
- 1 xörək qaşığı qatıq
- 4 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı kəklikotu
- ½ çay qaşığı qırmızı bibər tozu
- ½ çay qaşığı yamay istiotu
Qiymə üçün:
- 200 qr yağsız qiymə
- 1 ədəd rəndələnmiş soğan
- ½ çay qaşığı duz
- ½ çay qaşığı istiot
Bişirmək üçün:
- 50 qr quyruq yağı
Hazırlanma qaydası:
Dana antrikot və ya bud ətini nazik dilimləyin. Geniş bir qabda qatıq, zeytun yağı, kəklikotu, qırmızı bibər tozu və yamay otunu yaxşıca qarışdırın. Ətləri hazırladığınız qarışığa əlavə edib marinə edin. Qabın üzərinə streç salafan keçirib bir neçə saatlıq soyuducuya yerləşdirin.
Qiymə qarışığından hazırlamaq üçün bir qabda yağsız qiymə, rəndələnmiş soğan, duz və istiot töküb yaxşıca yoğurun. Mətbəx dəzgahına streç salafan sərin. Marina olunmuş nazik dilimləri salafanın orta hissəsinə yerləşdirin. Üzərini nazik lay qiymə qarışığıyla örtün. Bu qaydayla bir qat antrikot bir qat qiyməni qurtaranadək düzün. Rulet şəklində bükərək streç salafanın hər iki yanlarından möhkəm bağlayın. 2 saatlıq soyuducunun buzxanasına yerləşdirin. Saatın tamamında soyuducudan çıxardığınız dönəri qısa müddət otaq temperaturunda saxlayın. İti bir bıçaq köməyiylə nazik dilimləyin. İstəyə görə kiçik bir hissə kəsdiyiniz quyruq yağını dilimlədiyiniz dönərlərlə birlikdə çevirərək bişirin.
Bişən dönərləri plov və ya kartof qızartmasıyla birlikdə süfrəyə verə bilərsiniz.