Azərbaycan xanımlarının zərif, fərdiliyi önə çəkən geyimlərə üstünlük verməsi dəb sahəsində çalışanlara yaxşı məlumdur. Öz naxışları ilə seçilmək xanımların əsas arzusudur və onların modelyerlərdən də gözlədikləri elə bundan ibarətdir. Deyirlər, bu il geyimlərdə və dizaynda əsasən al qırmızı, mavi, qızılı, sarı rənglər diqqətdə olacaq.
Bəs modelyerlər nə düşünürlər? Bu il geyimlərdə və dizaynda əsasən hansı biçimlər, hansı rənglər diqqətdə olacaq?
Gencaile.az “Modern.az” saytına istinadən modelyer-dizayner Zümrüd Mizəliyevanın bu mövzudakı müsahibəsini təqdim edir.
– Zümrüd xanım, 2015-ci il hansı dəb diqqət çəkəcək, daha çox hansı biçimli geyimlər üstünlük təşkil edəcək?
– Ötən il 20-30-cu illərin dəbi idisə, 2015-ci il də 70-80-ci illərin dəbi olacaq. Hazırda müşahidə edilən dəb 60-cı illərə aiddir və ilin sonuna doğru 80-ci illərin dəbini görəcəyik. Sadə dildə desək, analarımızın geyindiyi geyimlər geri qayıdır. Bu il ərzində nisbətən qısa, mini, rahat, bədənə yapışmayan geyimlər dəbdə olacaq. İndiki mövsümdə balağı enli şalvarlar, paltolar, jiletlər, şortlar dəbdədir.
– Qısa yoxsa uzun ətəklər…
-Podiumlarda müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, əsasən mini ətəklərə üstünlük verilir. Əvvəllər dizin aşağısı nəzərdə tutulurdusa, indi dizin daha da altında olan ətəklər geyinilir. Amma nəzərə almaq lazımdı ki, geyim hansı məkan üçün nəzərdə tutulmağından asılı olaraq dəyişə bilir. Qısa və uzun geyimlər öz aktuallığını itirməyib.
– 2015-ci ildə hansı rəng dəbdə olacaq?
-Bildiyiniz kimi, hər ilin rəngini “Panton” firması müəyyənləşdirir. Bu ilin rəngi “marsal” rəngi hesab olunur. Bu qırmızı ilə bənövşəyinin qarışığı olan bir rəngdir. Nəzərinizə çatdırım ki, bu qışa aiddir. Yaza doğru “pastel tonları” üstünlük təşkil etməyə başlayacaq. Bu, açıq mavi, açıq yaşıl, limonun açıq rəngi və s. olacaq.
– Bəs hansı brendlərin geyimləri daha çox üstünlük təşkil edəcək?
-B ilki kolleksiyalara nəzər salanda “Marni” mənim daha çox xoşuma gəldi. Əsas səbəb isə bu brendin geyimlərinin dəbə uyğunluq təşkil etməsidir. İndiki kolleksiyalar idman üslubundadır. Hazırda belə bir deyim var ki, “qlamur artıq geridə qalıb”. Bu il rahatlıq əsas meyardır. Bu baxımdan idman üslubunda olan geyimlərin alıcılarının daha çox olacağını düşünürəm. “Valentino”, “Chanel”in bütün kolleksiyalarında modellərin ayağında “krasovka”lar vardı.
– Bu il qadınlarımız daha çox şalvara, yoxsa ətəyə üstünlük verəcək?
-Bu sualın cavabı bir az mübahisəlidir. Çünki bu, qadının hara getməsindən asılı olaraq dəyişə bilər. Amma ümumən deyə bilərəm ki, qısa ətəklər daha çox üstünlük təşkil edəcək.
– Bəs saç dəbi necə olacaq?
– Bu barədə geniş danışa bilməsəm də, onu deyə bilərəm ki, əsasən dağınıq hörüklər dəbdədir. Ümumiyyətlə, uzun saçlar heç vaxt dəbdən düşmür. Bunu podiumlardakı modellərin saç formalarından da deyə bilərik. Düzdür, podiumda hər model öz obrazını yaradır. Amma onlar da qarışıq hörüklərə üstünlük verirlər.
– Bu ilin çəkmələri…
-Bu il “botforti”, “krassovka”, dördkünc burunlu ayaqqabılar dəbdədir. Dördkünc burunlu ayaqqabılar məhz 60-cı illərin dəbinə uyğundur. İlin sonuna qədər tam olaraq 80-ci illərin geyimlərini üşahidə edəcəyik.
– Yəqin çantalar haqda da deyəcəkləriniz var…
-Bu il podiumlarda kiçik ölçülü çantalar daxil olub. Keçən il hansısa brendin böyük formalı çantası dəbdə idisə, bu il eyni modelin kiçik ölçülü formaları dəbdə olacaq. “Chanel” brendinin çantaları hər zaman üçün mənim vazkeçilməz brendimdir. Çünki bu brendin çantaları istənilən mövsümdə istənilən yerə aparıla bilən məhsullardır.
– Bəs hansı parçalara daha çox üstünlük veriləcək?
– Barxat, tafta, şifon parçalara…
– Azərbaycan qadınının zövqü modelyer olaraq sizi qane edirmi?
– Bəli, indi xanımlarımız çox zövqlə geyinməyə başlayıblar. Bu çox sevindirici haldır. Artıq xanımlarımız əvvəlki kimi gündəlik geyimləri ilə ziyafət geyimlərini qarışdırmır, daha sadə, zövqlü və rəngarəng geyinməyi bacarırlar.
– Dəbi həyat tərzinə çevirənlərə münasibətiniz..
-Dəbi həyat tərzinə çevirənlərə münasibətim normaldır.
– Dəblə ayaqlaşa bilməyənlərə nə deyərdiniz?
– Dəblə ayaqlaşmaq əsas deyil. Düşünürəm ki, hər xanım özünə yaraşan rənglərdən, bədənin formasına uyğun olan geyimlərdən düzgün istifadə etsə, yetərli olar.