ders

Diplomlu işsizlər

Baxış sayı: 686

Bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları müəllim peşəsinə yiyələnlərin sayının vakant yerlərlə müqayisədə həddindən artıq çox olması problemini üzə çıxartdı. Qeyd edək ki, bu il üçün məktəblərdə müəllim peşəsi üzrə 8000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçmişdi. Onlardan 46 930 nəfər MİQ imtahanlarında iştirak edib. Ümumilikdə bu il ötən illə müqayisədə MİQ imtahanında iştirak edərək müəllim işləmək arzusunda olanların sayı 18 min nəfərdən 60 min nəfərə qədər artıb. Müəllim ixtisası üzrə vakant yerlərin sayının müəllim işləmək istəyənlərin sayından dəfələrlə az  olması isə müəllim peşəsinə yiyələnənlərin harada işləyəcəyi barədə sual yaradıb.

 nadir israfilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bildirir ki, 1990-cı ilə qədər müəllimlər imtahana cəlb olunmayıb. O, müəllim işləmək üçün problemin məhz müəllimlərin biliyinin sınağa çəkilməsindən sonra yaşandığını bildirib. N.İsrafilov deyir ki, hazırda ölkədə mövcud tələbatdan 3 dəfədən artıqdır müəllim var:

“Müəllim peşəsi üzrə kadr hazırlığı məsələsində tələb-təklif prinsipi pozulub. Müəllim bolluğu yaranıb.  Ölkədə müəllim artıqlığının yaranması müşahidə olunur. Sovet dövründə təlabat öyrənilir, hər fənn üzrə nə qədər müəllimə ehtiyac vardısa kadr hazırlığı da ona uyğun aparılırdı. Bizdə hazırda müəllim ştatında vakansiya ancaq müəllim təqaüdə getdiyi hallarda yaranır. Müəllimin dərs yükü isə 18 saatdır. Məsələ ondan ibarətdir ki, müəllim 18 saatdan az dərs deməməlidir. Burada süni vakansiya yaratmağa ehtiyac yoxdur. Bir məktəbdə üç müəllim varsa, əmələ gələn vakansiya onların arasında bölüşdürülsün. Amma məktəblərdə süni vakansiyalar yaradılır. Halbuki dərs saatlarını müəllimlər arasında bölüşdürmək olar. İndi isə dərs saatı keçid balına görə tənzimlənir”.

Nadir İsrafilov onu da deyir ki, bu gün müəllim peşəsi üzrə kadr hazırlığını təlabata uyğun sayda hazırlamaq mümkün deyil. Çünki, ali təhsil müəssisələri üçün buna hər hansı bir məhdudiyyət yoxdur. Əlində diplom olan müəllimlərin işsiz qalmasının digər səbəbinin şagird sayının il-ildən azalması ilə əlaqəli olduğunu söyləyir. Onun sözlərinə görə, hazırda ölkəmizdə müəllim- şagird nisbəti 13.5 -dir. Yəni orta hesabla hər müəllimə 13 şagird düşür.

Kamran Əsədov: “Təhsil haqlarında azalma ola bilər

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycan-ın 4447 orta ümumtəhsil müəssisəsində  150 min müəllim çalışır. Onun sözlərinə görə, hal-hazırda ölkəmizin 4447 orta təhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır:

“Hər 10 şagirdə bir müəllim düşür. Bakıda bu rəqəm daha aşağıdır. Paytaxtda orta hesabla 9 şagirdə bir müəllim düşür. Hər il ali məktəblər 12 minə yaxın pedoqoji kadr hazırlayır. Onların işlə təmin olunmasında ciddi problem yaranır. Amma bu o demək deyil ki, Azərbaycanda pedoqoji kadr hazırlanmamalıdır. Çünki, digər sahələrdə, özəl sektorda da ali təhsilli şəxslərə ehtiyac var”, – deyə K.Əliyev bildirir.

Ekspert deyir ki, ölkəmizdəki ümumtəhsil müəssisələrində vakant yerlərin yaranması üçün müəllimlərin də vahid maaşı olmaldır:

“12 saat dərs deyən müəllim vəzifə maaşı almalıdırlar. Bu zaman yerdə qalan dərs saatları vakant yer kimi çıxardılacaq. Həmçinin müəllimlərin təqaüdə çıxma yaşı dəyişdirilməlidir. Müəllimlər əmək haqları müqabilində təqaqüdə çıxardılmalıdır ki, gənc müəllimlər üçün vakant yer yaransın”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev öz açıqlamasında bildirib ki, Azərbaycanda müəllim olmaq istəyənlərin sayı kəskin artıb.

“60 minə yaxın namizəd qeydiyyatdan keçsə də, MİQ imtahanlarında 46 930 nəfər iştirak edib. Onların heç də hamısı işsiz müəllimlər deyil. 10259 nəfər dövlət müəssisələrində işləyən şəxslərdir. Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7718 olub. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər”, – deyə nazir vurğulayıb.

Emin Əmrullayev həmçinin deyib ki, Bakı, Sumqayıt, Abşeron üzrə 1055 vakant yer müsabiqəyə çıxarılıb.

“Hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb. Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1412 vakansiya var”, – deyə nazir bildirib.

Əmrullayevin sözlərinə görə, müəllimlərin böyük qismi gənclərdir.

Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir